RU

Aygün Bəylərə ölümündən sonra Xalq artisti adı verilə bilərmi?

Mərhum müğənni Aygün Bəylərin bacısı onun ölümündən əvvəlki vəsiyyətini açıqlayıb.  

Qaynarinfo-nun məlumatına görə, sənətçinin bacısı Zümrüd Hümbətova bildirib ki, Aygün Bəylər ona "Xalq artisti" fəxri adı verilməməsinə görə incimişdi: 
 
 

"O, bu adı çox istəyirdi. Deyirdi ki, konsertim bitsin, mənə Xalq artisti adı verəcəklər. Hər bayramda günləri sayırdı. Sonra halı dəyişəndə dedi ki, "mənə bir şey olsa, ölümümdən sonra ad versələr, götürməyin!". İncidi! Layiqincə istədiyini ala bilmədi. Aygün küsmüşdü. Ona görə də vəsiyyət elədi ki, "məni Yeni Suraxanı qəbiristanlığında dəfn edin, Fəxri Xiyabanı istəmirəm'".  

Maraqlıdır ki, bu günə qədər sənət adamlarına ölümündən sonra fəxri adların verilməsi halları olubmu? Ümumiyyətlə, belə bir şey qanunla mümkündürmü?  

"Adama qiyməti sağlığında verərlər"  
 

Mövzunu şərh edən xanəndə Sabir Abdullayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, indiyə qədər sənət dünyasında heç kimə ölümündən sonra fəxri ad verilməyib:  
 


"Öldü, vəssalam. Musiqi sahəsində belə bir şey olmayıb. Adama qiyməti sağlığında verərlər. Bir ad ki, sağlığında verilməyib, öləndən sonra nə mənası var? Bu günə qədər görün nə qədər sənət adamı adsız köçüb bu dünyadan. Qulu Əsgərov, Mütəllim Mütəllimov, Səxavət Məmmədov və s. Bu insanların hər biri sağlığında qiymətini almalı idi. Mən bilən qanunda belə bir bənd yoxdur. Əsas odur ki, səni xalq sevsin, sənətini qiymətləndirsin".  

Hüquqi baxımdan mümkündürmü? 
 

Azərbaycan Respublikasının fəxri adlarının verilməsi "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə" ilə tənzimlənir. Bu Əsasnamə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. 

Əsasnamədə fəxri adların verilməsi qaydaları, şərtləri və prosedurları müəyyən edilir. Lakin sənəddə fəxri adların ölümündən sonra verilməsi ilə bağlı xüsusi müddəa yoxdur. 

Bu məsələ həm hüquqi, həm də mənəvi cəhətdən müzakirə mövzusu olaraq qalır.  

Beləliklə, Aygün Bəylərin ölümündən sonra fəxri adın verilməsi məsələsi hüquqi baxımdan çətin görünür. Sənətkarların qiymətinin sağlığında verilməsi daha doğru yanaşma kimi qəbul edilir.  

Bahar Rüstəmli

Избранный
29
40
qaynarinfo.az

10Источники