RU

Azərbaycanda kişilər daha çox nəyə görə zorakılığa əl atır? - psixoloqla MÜSAHİBƏ

Azərbaycanda kişilər daha çox nəyə görə zorakılığa əl atır? - psixoloqla MÜSAHİBƏ

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycanda vacib bir layihə reallaşdırır. “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizənin gücləndirilməsi” adlı layihə BREN tərəfindən dəstəklənir və ölkəmizdə ilk belə layihədir. Nəzərər alsaq ki, ölkəmizdə boşanma, ailələrin dağılması halları sürətlə artır, belə layihənin reallaşdırılmasının əhəmiyyəti böyükdür. Layihə çərçivəsində zorakılığa əl atan kişilərin psixoloji reablitasiyası istiqamətində fəaliyyət həyata keçirilir. AFN.az zorakılığa əl atan kişilərlə iş aparan psixoloq Orxan Məcnunovla müsahibəni təqdim edir:- İndiyədək neçə nəfərlə işləmisiniz? İşlədiyiniz kişilər hansı meyarlarla seçilir?- Proqramın əsas məqsədi zorakılıq göstərən kişilərin reablitasiyası, onların zorakılıq göstərməsinin qarşısını almaq, aqressivliklərini müəyyən qədər azaltmaqdır. Hədəfimiz budur və buna görə də biz seansların əvvəlində də sonradan da onların aqressiyasını ölçürük, müqayisə aparırıq ki, əvvəl necə idi vəziyyət, sonra necə oldu. Burada qeyd etdiyim kimi, əsas məqsəd kişi zorakılıqlarının qarşısının alınmasıdır. Biz hələ ki, 4 aya yaxındır davam edirik, bu müddət ərzində 68 müraciət olub. Sözün düzü, iştirakçıları hansısa meyarlarla seçmirik. Özləri bizə müraciət edirlər. Yaxud da sığınacaqda olan qadınların həyat yoldaşları barışmaq üçün müraciət edirlərsə, biz onlara təklif edirik ki, əvvəlcə psixoloji reablitasiyadan keçsin. - Əsasən hansı problemləri aşkarladınız?- Söhbət etdiyimiz kişilərdə hisslərini, emosiyalarını ifadə və idarə edə bilməmək problemi var. İdarə edə bilməmək odur ki, mən ifadə edə bilmədiyim hissi başqa yerdə ifadə etməyə çalışıram. Məsələn, işdə stresslə, problemlə qarşılaşır, müəyyən səbəblərdən hisslərini, emosiyasını büruzə verə bilmir, gəlir evdə aqressiyasını göstərməyə başlayır. Ev onun komfort zonasıdır və burada rahatdır. Bu, ailədə konfliktlərin səbəbi olur. İkinci sırada dayanan səbəb bizim qısqanclıq adlandırdığımız güvən məsələləridir. Hansı ki, insan güvənməyi uşaqlıqdan öyrənir: valideyn uşağa güvənir, uşaq valideynə, zaman keçdikcə valideynlə arasında olan güvən modelini başqa insanlara tətbiq etməyə başlayır. Əgər bu modeldə uğursuzluq olarsa, yetkinlik yaşına çatdıqdan sonra digər insanlara güvənməkdə çətinlik çəkirlər. Dolayısı ilə əslində özləri özlərinə güvənməkdə çətinlik çəkirlər. Bu da müəyyən qədər qısqanclığa, konfliktlərə gətirib çıxaran səbəblərdəndir. Digər səbəb isə ailələrin qurulma forması ilə bağlı olur. Ailə qurulduqda sərhədlərin müəyyənləşdirilməməsi nəticəsində müəyyən kənar müdaxilələr baş verir: qaynata, qaynana, yaxud hansısa qohumun müdaxiləsi. Bunlar ailə quran zaman sərhədlərin müəyyənləşdirilməməsi ilə bağlı olan hallardır. Ailənin sərhədləri olmalıdır, ora kənar müdaxilələr olmamalıdır. İkinci bir tərəfdən, ailə strukturunun ünsiyyətdir, emosional yaxınlıqdır, rolların, məsuliyyətlərin bölünməsidir, bu kimi faktorlarından kənara çıxdıqda, problemlər yaranır. Məsələn, evdə lampa xarab olubsa, kişi o lampanı dəyişə bilmirsə, dəyişmirsə, bu zaman qadın bunu etməyə başlayır. Bu isə qadında kişiyə qarşı aqressiya yaradır. Bizim cəmiyyətdə, bizim mədəniyyətdə bu, kişinin üzərinə düşən məsuliyyətdir, bunu yerinə yetirə bilmədiyinə görə ailələrdə aqressiya müşahidə edilməyə başlayır.- Kişilər zorakılır etmələrini nə ilə izah edirlər?- Bu sualı, demək olar ki, mən bütün seanslarda verirəm ki, həmin anda nə hiss edirdiniz, nə düşünürdünüz? Demək olar ki, cavab əksəriyyətində eynidir: həmin an nə etdiyimi bilmirəm, düşünmürəm ki, bunu etmək lazım deyil, olmaz. Sonradan peşiman oluram, amma yenə də əsəbiləşəndə özümü idarə edə bilmirəm, təkrarlanır həmin hal. Bu, onu göstərir ki, insanlar stresli və gərgin anlarda öz emosiyalarını idarə etməkdə çətinlik çəkirlər. Bunun da əsas səbəblərindən biri hisslərimizi lazımı situasiyada ifadə edə bilməməyimizdir. Məsələn, axşam saat 8-də evə gəlmişəm, buna qədər mənim 3 dənə stresli situasiyam olub, amma heç birində öz aqressiyamı göstərə bilməmişəm. Bunun hamısı yığılıb, nəticədə evə gələndə bunu evdə ifadə etmə başlayıram. Düzdür, bunu bu tərzdə izah etmirlər, amma əsas səbəblərdən biri də budur. Özləri isə bildirirlər ki, zorakılıq etmələrinin əsas səbəbi ailədə qayda-qanunu bərpa etməkdir, kobud da olsa bəzən hətta qadını “əhilləşdirmək” də deyirlər buna. Hətta gender əsaslı zorakılıqla bağlı bəzi stereotiplər var ki, bunlardan da istifadə edirlər, “qadın döyülər də, bu, ailənin dağılmasına səbəb olmamalıdr, ata-babadan belə görmüşük” və s. Yəni bu kimi fikirlər də eşidirik bəzən.- Hansı nəticələr əldə edildi bu proqramdan? Ümumi qənaət nədən ibarətdir?- Mənim hazırda seanslarda ən çox üzərinə fokuslandığım gələn şəxslərin öz hisslərini və emosiyalarını, stressini idarə etməsi ilə bağlıdır. Bunları bacardıqdan sonra artıq davranışlarındakı aqressivliyin səbəbi müəyyən qədər azalır. İkinci bir tərəfdən aqressivlik müəyyən qədər özgüvənlə bağlı olduğuna görə, biz həmin şəxslərin özgüvəni, özünə inamı üzərində işlədikdə yenə də uğurlu nəticələr əldə edirik. Görürük ki, şəxs özünü qəbul etməyə, özgüvənini inşa etməyə başladıqdan sonra aqressiv davranışlar müəyyən qədər azalmağa başlayır. Digər bir tərəfdən, ailə modelləri ilə bağlı onlara məlumat verdikdən, ailələrdə nələrin olmaması hansı konfliktlərə səbəb ola bilir, ailədə ünsiyyətin rolu nədən ibarətdir, ailədə emosiyaların rolu nədir, uşaqların rolu nədir, yaxud da rolların sərhədi, məsuliyyəti haqda pedoqoji maarifləndirmə apardıqda müsbət təsir göstərir. Həmin insanlarda müəyyən qədər fərqindəlik yaranır. Biz bunları etdikdə uğurlu nəticələr əldə edirik. Bizim sığınacaqdan artıq bir neçə ailə öz davamlılığını bərpa edib, barışıblar, birgə yaşayışa başlayıblar yenidən. Ən maraqlısı da bəzən ailədəki konfliktlərin səbəbi tərəflərdən birinin hansısa çətinliyi ilə bağlı olur. Məsələn, kişidə obsessiv-kompulsiv pozuntu var və o, evdə davamlı olaraq aşırı təmizlik, yüksək mükəmməlçilik tələb edir. Bu, ailədə konfliktlərə səbəb olur. Çünki obsessiv-kompulsiv pozuntusu olan bir şəxsin gözləntilərini hər zaman qarşılamaq mümkün deyil. Ona görə də bu, konfliktlərə səbəb olur. Bizim 3 belə keysimiz vardı, müəyyən işlər apardıq, terapiyalar keçdik, həm də psixiatr dəstəyi göstərildi və bu simptomlar aradan qalxdıqdan sonra ailələrdə konfliktlər azalmağa, hətta müşahidə edilməməyə başladı. Burdan da biz görürük ki, ailələrdə konfliktlərin yaranma səbəblərindən biri də psixi sağlamlıqdır. - Proqrama cəlb olunan kişilərin təhsili məsələsi də maraqlıdır: neçəsi ali təhsilli idi və onlarda əsasən hansı problemlər müşahidə edilirdi?- Biz müraciət edənlərin hər birinin statistikasını götürürük. Demoqrafik informasiyalardan əlavə, təhsil alıb-almadığını hər zaman soruşuram. Müraciət edənlərdən cəmi 8 nəfəri ali təhsilli idi. Qalan heç birinin ali təhsili yoxdur, hamısı orta təhsillidir. Bunun özü də göstərir ki, təhsilin insanın davranışlarına nə qədər təsiri var. Bu bizə bir daha mesaj verir ki, əslində ali təhsil almağın özü belə insanın davranışlarına nə qədər müsbət təsir göstərir. Maraqlıdır ki, işləyən və işləməyən şəxslərdə də fərq var. Biz bunun da qeydiyyatını aparırıq. Müraciətçilərdən 18 nəfəri işləyirdi. Qalanları isə işsizdir. İqtisadi böhranın insanları nə ədər aqressivləşdirdiyi, gərgin situasiyaya saldığı istiqamətində bu da bir göstəricidir. Fərdin iqtisadi böhranı var: işləmir, heç bir gəlir əldə etmir və bu, onun özgüvəninə, davranışına təsir edir, ailədə konfliktlərin yaranmasına səbəb olur. Əsas vurğulamaq istədiyim məsələlərdən biri də budur ki, ailələr böhran vəziyyətini sağlam keçirə bilmirlər. Məsələn, dünyaya yeni uşaq gəlir, bu, normal bir böhran dövrüdür, müəyyən çətinliklər olmalıdır. Yaxud uşağın məktəbə getməsi ilə bağlı ola bilər bu dövr. Yeni evlənmək dövründə ola bilər. Bu kimi dövrləri sağlam keçirə bilməyəndə əksər ailələr boşanma ilə üzləşirlər. Düşünürəm ki, bu da ailələrin həmin böhran dövrü ilə bağlı maarifləndirmə səviyyəsinin aşağı olmasından irəli gəlir. Bütün bunlarla bağlı geniş maarifləndirmə işləri aparılsa, əslində ciddi nəticə əldə etmək olar. Burada fərqindəlik ciddi rola sahibdir. - Ümumiyyətlə, Azərbaycanda kişilərin daha çox nəyə görə şiddətə əl atdığını demək olar? İlk 3 səbəbi sıralasanız, maraqlı olar.- Azərbaycanda kişilərin şiddətə əl atmasının əsas səbəblərindən biri ümumiyyətlə bizim cəmiyyətdə genderlə bağlı stereotiplərin olmasıdır. Qadın döyülər, kişi qadını döyə bilər, evin hökmdarı kişidir, kişi evi istədiyi kimi idarə edə bilər və s. bu kimi stereotiplər gətirir gender əsaslı zorakılıqlara çıxarır. İkinci bir tərəfdən, bizdə kişilər anaları tərəfindən elə yetişdirilirlər ki, onlar qadınlarla sağlam münasibətə girə bilmirlər. Məsələn, bağlanma nəzəriyyələri var, dünyaya gəldikdən sonra uşağın anası ilə arasında güvənli yaxud da güvənsiz bağlanma formalaşa bilər. Güvənli bağlanma formalaşanda artıq o uşaqlar böyüdükcə ətrafdakı insanlara güvənməyə, inanmağa başlayırlar, gələcəkdə bu kimi problemlər yaşamırlar, yaxud çox az hallarda yaşayırlar. Lakin güvənsiz bağlanma formalaşanda kişilər daha çox yanında, ətrafında olan qadınları hər hansı vasitə ilə tutub saxlamağa çalışırlar. Çünki itirmək qorxusu olur. Dolayı yolla, burada yenə özünə və insanlara güvənməklə bağlı problemlər olur. Müxtəlif paranoyalar, sayıqlamalar, özünü başqaları ilə müqayisə etmək halları olur. Bu kimi halların yaşanmasının səbəbi bizim cəmiyyətdə kişilərə uşaq vaxtından aşılanan düşüncələr, onlara qarşı olan münasibət, onların əks cinslə münasibətlərinin təməllərinin hansı tərzdə atılmasıdır. Bunların hamısı ayrı-ayrılıqda sonrakı yaşam tərzinə təsir göstərir. Həbibə ABDULLAP.S. Müvafiq hallarla üzləşdikdə 050 888 10 18 nömrəsinə zəng vuraraq dəstək ala bilərsiniz.

Избранный
27
25
afn.az

10Источники