RU

Tailand rəsmisi: COP29-dan müsbət nəticələr əldə etməyi səbirsizliklə gözləyirik

Tailand iqlim dəyişikliyi və səhiyyə sahəsində çox aydın və məqsədyönlü siyasətə malikdir. Biz həm iqlimi qorumaq, həm də uyğunlaşma prosesini təkmilləşdirmək üzərində çalışırıq. Bununla yanaşı, beynəlxalq dəstək əldə etmək məqsədilə bir çox ölkələrlə əməkdaşlıq etmişik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Tailandın Təbii Sərvətlər və Ekologiya Nazirliyinin İqlim Dəyişikliyi və Ətraf Mühit Departamentinin Baş direktoru Firun Saiyasitpanich bildirib.

O vurğulayıb ki, ölkəsi yalnız resurs və imkanlarının yetərli olduğu təşəbbüslərə qoşulmağa çalışır. “Təbii ki, hər hansı bir təşəbbüsə və ya bəyanata qoşulmadan öncə daxili proseslərdən keçməliyik. COP29 konfransı çərçivəsində çox mühüm məqamların şahidi oldum,” – deyə o qeyd edib.

Baş direktor əlavə edib ki, COP29 çərçivəsində nazirlər yeni kollektiv kəmiyyət məqsədlərinə dair müzakirələr aparmaq və konkret nəticələr əldə etmək üçün bir araya gəlirlər: “Bu, bizim irəliləyişimiz, xüsusilə 2035-ci il üçün NDC 3.0 (3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) ilə bağlı hədəflərimizi yüksəltmək baxımından çox vacibdir. COP29-dan müsbət nəticələr əldə etməyi səbirsizliklə gözləyirik”.

Firun Saiyasitpanich Azərbaycanın təbii gözəlliklərini və xalqının qonaqpərvərliyini yüksək qiymətləndirərək bildirib: “Azərbaycan çoxlu təbii sərvətə və faydalı qazıntılara malikdir. Tailandda da faydalı qazıntılarla bağlı genişmiqyaslı biznes və sənaye sahələri mövcuddur. Ola bilər ki, bu, əməkdaşlıq edə biləcəyimiz potensial sahələrdən biridir. Eyni zamanda, iqlim dəyişikliyi ilə bağlı təcrübə və səylərimizi paylaşmaq üçün də əməkdaşlıq imkanlarımız mövcuddur”.

Избранный
8
yeniazerbaycan.com

1Источники