RU

Müdafiə və milli təhlükəsizlik sistemində çalışanların əməkhaqqları artırılmalıdır -AÇIQLAMA

Müdafiə və milli təhlükəsizliyimizi təmin edən şəxslərin əməkhaqqılarının artımına diqqət yetirilməlidir ki, onlar digər yollarla əlavə qazanclar barədə düşünməsin.
Bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması dövlətin əsas milli marağı olmalıdır: "İnvestisiya qoyuluşunun azalması birbaşa milli təhlükəsizliyimizə təhdid kimi qiymətləndirilməlidir. Bizim 2014-cü ildə neftin qiymətinin düşməsindən sonra 2015-ci ildə 2 dəfə devalvasiya oldu. Sonra strateji yol xəritəsi hazırlandı. Dövlət müəssisələrinin daha rentabelli fəaliyyətinin təmini, kadr potensialı, investisiya qoyuluşu həmin strategiyada əksini tapıb. Digər məsələ odur ki, yağış yağdı və gördük ki, kanalizasiya sisteminin qurulmasına milyardlarla manat vəsait tələb olunur. Büdcədə ayrılmış xərclərin hər birini artırmaq lazımdır. Bu baxımdan biz büdcənin gəlirlərini artırmaq haqda düşünməliyik. Neftin qiyməti büdcədə 70 dollar nəzərdə tutulub. Rusiya-Ukrayna arasında müharibə gedir və Qərb ölkələri neftin qiymətinin aşağı düşməsi üçün addımlar atır. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınması proqnozlaşdırılan dividendin həcmi çox azdır. Onun da 450 milyon manatını Dövlət Neft Şirkəti, yerdə qalanlar isə 150 milyon manatını ödəyəcək. Bu, çox azdır. Biz özəlləşdirməyə getməliyik, bunsuz köklü dəyişiklik olmayacaq”.      


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, həm müdafiə sistemində, həm hüquq mühafizə orqanlarında, həm də təhlükəsizlik sistemində çalışan əməkdaşların əməkhaqqları, onlara ödənilən mükafatlar, fəaliyyətinin stimullaşdırılması, kifayət qədər vacib məqamlardan biridir:

“Azərbaycanda bu proses bir neçə formada həyata keçirilir. Yəni əmək haqqlarının ödənilməsi müxtəlif formalarda vahid əməkhaqqı sistemindən kənar, əlavə ödənişlərlə baş tutur. Məsələn Yol Polislərinin xidməti dövründə onların aşkar etdikləri pozuntular zamanı tətbiq edilən cərimələrin müəyyən faizləri əməkhaqqlarına əlavə edilir. Eyni zamanda polis əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı mükafatlar, təltiflər, əməkhaqqına əlavələr, məzuniyyət və mütəmadi olaraq ezamiyyət xərclərinin əməkhaqqına əlavə edilməsi mexanizmləri mövcuddur. Hüquq mühafizə orqanları, təhlükəsizlik və ordu sistemində də olan vətəndaşlarımız üçün bir sıra həvəsləndirici əlavələr əməkhaqqlarına yüklənir. Təbii ki, bunlar vacib olan şərtlərdən biridir. Dünya praktikasında belə bir forma mövcuddur. Bu praktika Azərbaycanda da tətbiq olunur. Hətta bura məhkəmə sistemini də əlavə edə bilərik. Yəni məhkəmə sistemində çalışan hakimlərin əməkhaqqına əlavələr və mükafatlar əlavə edilə bilər. Hesab edirəm ki, qeyd edilən sektor üzrə çalışanların əmək haqqı aşağı deyil, lakin yüksək də deyil. Bu mənada qaynaqlar daha da genişləndirilməli, onları həvəsləndirilmək, stimullaşdırmaq və rüşvət, korrupsiya verilməməsi üçün bu kimi praktik addımlar atılmalı və əməkhaqqına olunan əlavələrin həcmi yüksəldilməlidir. Bu həm ölkədə sabitliyin, həm də rüşvətin də azalmasına gətirib çıxara bilir. Dəfələrlə praktika ərzində bunun şahidi olmuşuq. Sözügedən sahədə çalışan işçilərin əməkhaqqlarını artırmaq lazımdır. Birbaşa cəmiyyətlə ünsiyyətdə olan, müxtəlif kateqoriyalı  ətəndaşlarla birbaşa işləyən təhlükəsizlik, polis, hüquq mühafizə orqanları və ordu mənsublarımızında ünsiyyət zamanı daha çox neqativ halların çıxmaması üçün əlavə artımlara və əməkhaqqı bazasının yüksəldilməsinə ciddi ehtiyac var”.
Избранный
32
sherg.az

1Источники