RU

Ekspert: Yalnız metro və avtobusla qarşıya qoyulmuş hədəfə çatmaq çətin olacaq

Müəyyən hissələrdə tramvay xəttlərinin çəkilməsinə, həmçinin metroda intervalların azaldılması üçün daha çox qatarlara da ehtiyac yaranacaq

Bakıda əhalinin 90%-nin ictimai nəqliyyata çıxışının təmin edilməsi planlaşdırılır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-da İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində keçirilən “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib.
"Davamlı ekosistemi təşviq etmək üçün Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35% azaltmağı öhdəsinə götürüb. Bu öhdəliyi yerinə yetirmək üçün Azərbaycan hökuməti "Mobilliyin transformasiya proqramı"nı işə salıb. Bu plan çərçivəsində biz Bakı şəhərində fərdi avtomobil səfərlərini 40% azaltmaq istəyirik. Həmçinin əhalinin 90%-nin ictimai nəqliyyata çıxışını təmin etmək istəyirik. Eyni zamanda, mikromobillik, xüsusilə velosiped və skuterlər üçün 100 kilometrdən çox infrastruktur yaratmağı hədəfləyirik. Bu proqrama metro, dəmir yolu və avtobus sistemlərinin təkmilləşdirilməsi, mikromobillik həlləri, parkinq obyektləri, prioritet zolaqlar və avtobus şəbəkəsinin optimallaşdırılması daxil olmaqla 60-dan çox təşəbbüs daxildir", - o bildirib.

Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Bakının mərkəzinə səfərləri 40 faiz, hətta daha çox da azaltmaq mümkün ola bilər:

“Cənab nazirin dedikləri reallıqdır. Bunu mərhələ ilə həyata keçirə bilərlər. Sadəcə burada iş balanslaşdırılmış aparılmalıdır. Paralel olaraq ictimai nəqliyyatda şaxələnməlidir. Yalnız metro və avtobusla qarşıya qoyulmuş hədəfə çatmaq çətin olacaq. Görünür ki, müəyyən hissələrdə tramvay xəttlərinin çəkilməsinə, həmçinin metroda intervalların azaldılması üçün daha çox qatarlara da ehtiyac yaranacaq. Lakin Bakı metrosunun depoları imkan verməlidir ki, orada qatar sayı artırılsın. Düşünürəm ki, bu günkü Bakı metropolitenində buna imkan yoxdur. Ancaq belə çıxır ki, avtobus seqmentinə daha çox güc düşəcək və sayının artırılmasına ehtiyac olacaq. Düzdür, yeni mövsüm başlayandan avtobusların sayı artırılıb. Təxminən balansda olan 170 ədəd avtobus təmir olunub mərhələ ilə istismara buraxılır. Daha sonra 160 ədəd yeni elektrobuslar gətirilib. 170 ədəd avtobus da özəl daşıyıcılar tərəfindən gətirilir. Prosses bu ilin sonu gələn ilin əvvəlinə qədər tamamlanacaq. Görünür ki, mikromobillik vasitələrindən də istifadə artacaq. Proqnozlaşdırmaq olar ki, artıq cavan vətəndaşların böyük qismi mikromobillik vasitələrinə keçid edəcəklər. Bura biz həm skuterləri, həm elektrosomakatları, həm də velosipedləri aid edə bilərik. Həmçinin insanların yaxın məsafələri piyada gəzməsi də şərtdir. Görünür ki, bunun üçün də Bakı şəhərində piyada yönümlüyə daha çox diqqət yetiriləcək. Bu səbəbdən Bakıda mövcud olmayan piyada səkiləri yenidən qurulacaq”.

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirdi ki, bizim hədəfimiz şəxsi avtomobilləri azaltmaqdır:

“40 faiz azalma olduqda tıxaclar aradan qalxar, boşluqlar yaranar. Bu müsbət qarşılanmalı olan tendensiyadır. Əsas məsələ ictimai nəqliyyatın işini optimallaşdırmaqdan, skuterləri, velosipedləri insanlara təkmilləşdirməkdən ibarətdir. Vergi qoyulmayacaq ki, kimsə fərdi nəqliyyat vasitəsindən istifadə etməsin. Sadəcə fərdi nəqliyyat vasitəsindən istifadə etdikdə tıxacda qalacaq və vaxtı gedəcək. Bu dünyada inkişaf etmiş ölkələrdəki kimi bizim də istəyimizdir. Sağlamlığımız, vaxta qənaət etməyimiz, tıxaca düşməməyimiz və yaşıl dünya üçündür. Digər tərəfdən zamanla taksilər də azaldılacaq. İnkişaf etmiş ölkələrdə 2-3 min nəfərə bir taksi düşür. Lakin bizdə bu qat-qat artıqdır”.
Избранный
63
50
sherg.az

10Источники