RU

Ermənistanda AB missiyasının sonuna 1 ay qaldı- Brüssel və İrəvan yeni variantlar axtarır...

Image

Rəşad Bayramov: “Müşahidə missiyası artıq mülki missiya olmaqdan çıxıb”

Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiyanın müddəti bitdikdən sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmamasını hələ dəqiqləşdirməyib. 

Avropa İttifaqının səfiri Vasilis Maraqos bununla bağlı sualı cavablandırarkən bildirib ki, hələlik yekun qərar yoxdur. O, həmçinin, rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib: “Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir. Avropa İttifaqı missiyası yerlərdə insanların təhlükəsizliyini gücləndirmək üçün əla iş görür”.

Sözügedən missiyanın vaxtı dekabrın sonu başa çatır. Belə görünür ki, bunlar müddətin uzadılmasında qərarlıdırlar. 

“Rusiyadan boşalacaq yeri öz ölkələrinin hərbiçiləri ilə doldurmaq üçün kəşfiyyat işləri həyata keçirirlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Avropa İttifaqının Ermənistan ərazisində müşahidə missiyası artıq mülki missiya olmaqdan çıxıb: “Faktiki olaraq, yarımhərbiləşdirilmiş bir quruma çevrilib. Çünki son dəfə həm müddətin uzadılması ilə bağlı, həm də tərkibin genişləndirilməsi ilə bağlı Ermənistanla Avropa İttifaqı arasında razılaşma əldə edilib. Belə olan halda məlumdur ki, həmin missiyanın tərkibinə keçmiş hərbçilər, kəşfiyyatçılar, ayrı-ayrı ölkələrin polisləri daxil edildi və onların hesabına genişləndirildi. Bu da onu göstərir ki, həmin missiyanın əslində əsas məqsədi öz tərkibini post-Rusiya dövründə Ermənistan sərhədlərində artıq tam hərbiləşmiş strukturlarla möhkəmləndirmək üçün kəşfiyyat aparmaq məqsədi daşıyır. Yəni bu gün ayrı-ayrı ölkələrin orada az tərkibdə də olsa həmin o nümayəndələri gələcəkdə Rusiyadan boşalacaq yeri öz ölkələrinin hərbiçiləri ilə doldurmaq üçün kəşfiyyat işləri həyata keçirirlər. Xüsusilə də son zamanlar Paşinyanın və digər erməni rəsmilərinin Ermənistanın KTMT ilə artıq dönüşü mümkün olmayan yola qədəm qoyması ilə bağlı verdikləri açıqlamalar bir sıra məqamlardan xəbər verir. Bütün bunlar onu göstərir ki, Aİ missiyası məhz Rusiyadan boşalacaq yerə iddialıdır. O baxımdan, təbii ki, müddətin uzadılması ilə bağlı qərar qəbul ediləcək. Hər nə qədər bununla bağlı rəsmi şəkildə konkret bir açıqlama verilməsə də, danışıqlar aparılır. Həm müddətin uzadılması ilə bağlı, həm də tərkibin yenidən genişləndirilməsi ilə əlaqədar məlumatlar var. Böyük ehtimalla, bu da baş verəcək. Təbii ki, Ermənistan sərhədində, ərazisində ayrı-ayrı ölkələrin bu şəkildə hərbiçilərdən ibarət nümayəndələrinin yerləşməsi bizim maraqlarımıza cavab vermir. Ancaq biz burada tək deyilik. Eyni qaydada Rusiyanın və o cümlədən İranın da maraqlarına cavab vermir. Bu da o deməkdir ki, Ermənistan o missiyanın həm müddətini uzatmaqla, həm də tərkibini genişləndirməklə regionda faktiki olaraq Rusiya, Qərblə yanaşı həm də İran-Qərb arasında yeni bir mübarizə platforması təqdim edir”.

Vidadi ORDAHALLI





Избранный
29
36
baki-xeber.com

10Источники