RU

Allahın xarabalıqlar içərisindəki evi: Qarabağın gözü "Ağa" şəhəri

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Haradan başlanır Vətən? Sualdan öncə canlının müəyyən inkişaf mərhələsinə nəzər salaq: körpə dünyaya göz açır. Tədriclə addımlarını atır. Sonradan həyatı qavramağa başlayır. Suallar verir, ona cavab tapmağa çalışır. Yazının sətirbaşındakı sual məndə o zaman yarandı ki, ilk addımlarımı atırdım. Ancaq körpə olaraq deyil, həyatı qanan, qavrayan, dərk edən biri kimi. Fəqət adıbəlli "qonşu"nun törətdiklərini gördükcə olanlardan baş aça bilmirdim... Sanki bədənimə üşütmə, gözlərimə qaranlıq çökmüşdü. Ayaqlar yerimir, beyin düşünmür, amma bağrına min yerdən çalın-çarpaz dağ basılan Vətənə olan intəhasız sevgi damarlarımdakı qanı isidirdi. Şair demiş:
Qəmlənsəm də yurdumuzun qəmindən -
Onun bütün əzabına dözərəm;
Nə bircə yol torpağının nəmindən,
Nə də soyuq payızından bezərəm.
Müqəddəs torpaq üzərində addımımı atanda anladım ki, Vətən bir qərinəyə yaxın əsarətdə qalan, sonradan 44 gündə azadlığına qovuşan məhz bu torpaqlardan başlanır. Hər tərəfi dağılmış, "canı ağrıyan" məmləkətdən başlanır Vətən! O yerlər Vətənin canı adlanır. Bir zamanlar o yerlərdən yüzminlərlə insan canını götürüb qaçmışdı. Vətən də, insan da yarımcan idi. Uşaqlıqda tez-tez eşitdiyim ifadə vardı. Deyirdilər, insanın harasısa ağrıyanda elə bil canı oradadır. O yer daha həssas olur. Vətən də belədir. Canlı təbiəti doğram-doğram olan, daşı daş üstündə qalmayan kəndlər, şəhərlər bədənimizin ağrıyan - həssas yeridir. Vətən yeridir! Nəhayət, Vətən otuz il bundan öncə didərgin salınıb yolun ağına düşdüyümüz Ağdamdan, Xocalıdan, Xocavənddən... başlanır.
23.09.2024. Bakı-Xankəndi.
Gecikmiş görüş
Sol tərəfimdə qəfil bir sancı hiss edirəm. Ruhum bədənimdə heç vaxt bu qədər sıxışmayıb. Sanki cismimdən çıxmaq istəyir. Yox, mən buraya ayaq basa bilmərəm, hətta burada dayana bilmərəm. Getmək istəyirəm. Özü də arxama baxmadan. Qalsam, bəlkə, heç yaşamaram. Həyatımda ilk dəfə həqiqətə göz yummaq, ondan qaçmaq, ilim-ilim itmək istəyirəm. Nə olar, yalan olsun, yuxu olsun. Gözlərimi bir neçə dəfə açıb, yumuram. Dəyişən nəsə yoxdur. Anam rəngimin solğunlaşdığını deyir. Niyə belə cəsarətsiz olmuşam? Axı atam məni uşaqlıqda "ürəkli qızım" deyə sevərdi. Dözümsüzlüyüm mənə güc gəlir. Lap qorxaq desinlər. Cəsarətsizliklə yoğrulan cəsarətimi toplayıb deyirəm:
- Ata, maşını saxlama, düşmək istəmirəm. Birbaşa Xankəndiyə sür…
19.11.2024. Xankəndi-Ağdam-Xankəndi.
Çoxları üçün işğaldan azad olunmuş ərazilərə səfər Bakıdan başlayır. Ancaq mənim üçün doğma Ağdama səfər Xankəndidən başlayır. O Xankəndidən ki, 30 ilə yaxın düşmən tapdağında qaldı. O ərazidən ki mənim səfərim başladı, o (Xankəndi Pedaqoji Universiteti), vaxtilə Azərbaycan elmi, ictimaiyyəti üçün mühüm adlar yetişdirirdi. Bu gün də həmin məkanda qısa zamanda dünyaya səs salan Qarabağ Universiteti fəaliyyət göstərir. Yüzlərlə əməkdaşın, tələbənin Azərbaycanın müxtəlif regionlarından sorağına gəldiyi, işığına toplaşdığı Qarabağ Universiteti. Bu gün regionda gur bir işıq yanırsa, onun əsas obyekti məhz bu universitetdir. O həm də Qarabağda həyatın yenidən qurulacağına, keçmiş sakinlərin köç karvanları ilə öz yurd-yuvalarına qayıdacağına bir işarədir. Məhz buna görə də mənim üçün Ağdama Xankəndidən başlayan bu səfər xüsusi bir mahiyyət daşıyır. Uçqunları canımı yandıran Ağdama Xankəndidən içimdə böyük bir ümid aparıram.
İki aydır, Xankəndi şəhərində gördüyüm quruculuq işləri, dirçəliş məni elə cəsarətləndirib ki, bu səhər Ağdama getmək, oranı görmək eşqi ilə yuxudan oyandım. Qərarım qəti idi, mütləq getməliydim, bu, təxirəsalınmaz bir səfər idi. Onsuz, bu ayrılıq olduqca uzanıb. Məni Ağdama aparmağı üçün atama zəng edirəm, təsadüfdən Şuşada olduğunu deyir. Atamın məni Ağdama aparmağı üçün Şuşadan gəlməyini gözləyirəm. Cümlənin əsrarəngizliyinə bax. Özüm üçün bir neçə dəfə içimdə təkrar edirəm: Atamla birgə Ağdama gedəcəyik. Əslində, bu anların real olacağına dair inamımı heç vaxt itirməmişəm. Ancaq yenə də təsirlənirəm.
Bu gün ayaqlarım məni ən çox olmaq istədiyim yerə aparır. Təsadüfdəndir, ya təvafüqdən, bilmirəm, radioda bir mahnı səslənir, "Könlümün sevgili məhbubu mənim, Vətənimdir…"
Maşından enirəm. Ayaq basmağa qıymadığım, könlümün yarası Ağdamın daş üstə daşını da qoymayıblar. Böyüklərdən eşitmişdim, deyirdilər, Əsgərandan o yanda yurd-yuva qalmayıb. Ancaq görünən mənzərə odur ki, Əsgəranın bu tərəfi də heçliyə qərq olmaqda imiş.
Bircə Qarabağın qazi məscidi (Cümə məscidi - red.) qalıb. Ağdamın bütün dərdlərini özündə saxlayan, ona göz-qulaq olan məscid. Gör o minarələr nə vəhşiliklərə şahidlik edib, amma dinə bilməyib. Onun gözüylə baxmaq istəyirəm Qarabağa. Axı Ağdama Qarabağın gözü deyirdilər. İndi də Ağdam məscidi Qarabağ səmalarını hüzura boyayır. Bu hüzurdan mən də pay almaq istəyirəm. Bir az da öyrənmək istəyirəm. Bir qərinəlik xatirə dəftərini mənə də açsın, qulağıma pıçıldasın. Şahidi olduğu yüzlərlə şəhidin nakam arzusundan danışsın. Sonra ruhlarının rahatlıq tapdığını desin. Bir az qəmləndirsin, bir az da təsəlli versin. Bilim ki, hər hicranın sonunda vüsal var.
Allahın xarabalıqlar içərisindəki evi
Allahın xarabalıqlar içərisində qalan evinə yaxınlaşıram. Bir az çəkingən, bir az da qəmli səs tonu ilə deyirəm, bağışla, gecikmişik, mən isə lap gecikmişəm. Gözlərimi minarələrə zilləyib, içimdən "İlahi, Ağdamın günahı nə idi?" deyə hayqırıram. Ətrafa bir sükunət çökür. Özüm də bilirəm. Bu sualın cavabı yoxdur. Cavabsız suallarım dizimi bükür, tanrının hüzurunda diz çöküb ürəyimi hönkürtü ilə boşaldıram. Bu yerdə dünyanın bütün tabularının Vətən sevgisi qarşısında diz çökdüyünün şahidi oluram. Cümə məscidi bir növ ziyarətgaha çevrilib. Qadınlar kişilərlə eyni yerdə ibadət edirlər.
Həyatda çox məqamlar elə təzadlar üzərində qurulub. Azərbaycanın ən zəngin rayonunda evlərin indi bir sütun, bir pəncərə üzərində qalması kimi təzadlıdır hər şey. Azərbaycanın qızılından doymayıb, daşlarını da daşıyanlar indiki Ermənistanı "qurdular". Ağdamı söküb, Ermənistan qurdular, adına da "quruculuq", "inkişaf" dedilər. Ağdamda ağ damlı evlərinə toplaşan ruhları damsız, bacasız qoydular. İroniyaya baxın, Azərbaycanın ticarət mərkəzi Ağdamdan geriyə, sadəcə, daş parçaları, bir də bağrına minalar döşənmiş quruca torpaq qaldı. Quruca torpağına qurban olduğum Ağdam. Qəhrəmanlar şəhəri, nakam ruhlar yurdu Ağdam…
Ağdamı belə düşünmək istəmirəm. Xəyalımda böyüklərin dilindən eşitdiyim Ağdamlı xoşbəxt günləri xatırlayıram. Məndə bir digər xoşbəxt təəssürat onda yaranır ki, məscidin dörd bir yanında evlər görürəm. Bu evlər həm yenidənqurulmanın təzahürüdür, həm də doğulacaq körpələrin, burada yetişəcək gənclərin, sabaha ümidin və ən əsası - yenidən ağdamlı günlərə qayıtmağın bir işarəsidir. Bir müddət əvvəl professor Cahangir Məmmədlinin yazısının başlığı mənə çox təsir etmişdi, müəllif deyirdi ki, Ağdamda körpə səsləri ucalır. Bütün duyğu orqanlarımla hiss etməyə çalışıram.
Ağdama ilk dəfə ayaq basanda ciyərlərimdə heç yerdə duymadığım bir qoxu hiss etdim. Bu doğmalıqdan yaranan bir hiss idi. Sanki Vətənin ruhu bu torpaqda - dağılmış binaların, qırıq kərpiclərin, pəncərələrin arasında idi. Hisslərim məni məftun edir, düşüncələrimin məni öz ağuşuna alıb aparır. Ağdam teatrının önündə dayanıram. Ağdam həsrəti ilə dünyadan köçənləri, sənət adamlarını xatırlayıram. Yazılardan birində oxumuşdum, Ağdam işğal ediləndən sonra xalq artisti Qədir Rüstəmov toylarda oxumayıb. Ağdamlılar ağ günlərini Ağdamda qoyub gedib, bir qərinəlik yasa bürünüblər. Şair demiş:
Ürək yara, can yarımcan,
Sona yetər həsrət haçan?
Xəyalımda Şuşayacan
Ağdama gedir, oxuyur!
Teatrın yan tərəfinə keçirəm, evlərdən birinə doğru gedəndə çiynimə ehmalca bir əl toxunur:
- Xanım, buradan o tərəfə olmaz, təhlükəlidir.
Bu xəbərdarlıq, əslində, insanların öz doğma yurduna qayıtma arzusunun önündəki çətinlikləri simvolizə edir. Ağdamdan geriyə yarıcan divarlar qalıb, ancaq biz ona da tamarzı qalmışıq. Öz evinə gedəndə minaya düşən Ağdam sakinlərindən birini xatırlayıram. Axı ev insan üçün bu dünyada ən qorxusuz yerdir, adam özünü evində güvəndə hiss edir. Heç insan evinə gedəndə qorxarmı, ölərmi? Düşünün, son nəfəsini verən bir doğmanız var, ancaq yanına gedə bilmirsiniz, çox uzaqdasınız. Ağdam bu yaralarla 30 il can üstə qaldı, gələ bilmədik, nə yaxşı ki, son nəfəsdə Azərbaycan Ordusu onun dadına yetişdi.
Fəqət bir şeyi də bilmək lazımdır. Buradakı təhlükə sadəcə keçmişin yaralarından qaynaqlanır. Azərbaycan polisi Ağdamda, işğaldan azad edilmiş bütün ərazilərdə öz varlığını hiss etdirərək bizə bu torpaqların təhlükəsiz olduğunu bir daha xatırladır. Bizi rahat hərəkətimiz üçün ürəkləndirir.
Müqəddəs səcdəgah
Qayıdıb məscidin xatirə dəftərindən bir səhifə də açıram. Öyrənirəm ki, uçqunlar qoynundakı Ağdam Böyük Qayıdışın bir addımlığındadır. Əslində, Ağdamda çoxdan yaşayış var. Azərbaycanın digər bölgələrinə səfər etmiş ağdamlıların ruhları artıq öz evlərində məskunlaşıb.
Xatirə dəftərinin son vərəqi xoşbəxt sonluqla bitən hekayə kimidir, yenidən qurulmuş Ağdamın təsviri ilə bağlıdır. Bütün şəhərin küçələri yeni ümidlərlə işıqlandırılır. Ağdamın bərpası yalnız daşın daş üstə qoyulması deyil, həm də bir xalqın dirçəlişi, qayıdışı, gələcəyinə olan inamıdır. Bu işdə əməyi keçən hər kəs, gecə-gündüz çalışaraq, müqəddəs bir missiyanı yerinə yetirir. Onlar yalnız şəhəri deyil, həm də gələcək xoş günlərin bünövrəsini, nicatlı sabahların sütunlarını qururlar.
Ağdam bütün zamanlarda ölkənin iqtisadi-siyasi həyatında mühüm yer tutub. Ulu öndər Heydər Əliyev Ağdamın işğalına münasibət bildirərkən belə bir fikir səsləndirmişdi: "Ağdamsız, Qarabağsız Azərbaycan yaşaya bilməz". Ümummilli liderin fikirləri onun davamçısı, Prezident İlham Əliyev üçün tezis rolunu oynadı. Bunun nəticəsidir ki, Ağdamda dağıntıların miqyasına adekvat olaraq quruculuq prosesi gecə də, gündüz də davam edir.
Bəli, Ağdamın yenidən qurulması bu torpaqların ən böyük qələbəsidir. Hər köhnə daş, hər sökülmüş divar yurdun, millətin möhkəm iradəsinin simvoludur. Ağdam həm keçmişin kədərini, həm də gələcəyin ümidini özündə birləşdirən bir şəhərdir. Biz Ağdamı quracağıq. Gələcək nəsillərə daha güclü, daha nəhəng bir Ağdam qalacaq!
Ağdamda şər qarışır. Cümə məscidinin minarələrindən ucalan azan sükuta qərq olan dağların arasından düz Xankəndiyə gedir. Bu gün Ağdamın ağ günə çıxdığı, qayıdış günüdür. Ağdamda yaşayanlar, yolu buradan keçənlər şükür namazına gəlirlər…
"Report" İnformasiya Agentliyi
Избранный
17
oxu.az

1Источники