RU

Litvalı nazir: NCQG realistik olmalı və hər bir ölkədə təsirlərin azaldılmasına yönəlməlidir

Son on ildə planetin hər bir guşəsi iqlim dəyişikliyinin dağıdıcı təsirlərinə məruz qalıb. Lakin bütün xəbərdarlıq əlamətlərinə baxmayaraq, dünya ictimaiyyəti Paris Sazişinin məqsədlərinə çatmaqdan çox uzaqdır. COP29 fəaliyyət göstərmək üçün daha bir fürsət təqdim edir.

“Report” xəbər verir ki, bu fikirləri Litvanın ətraf mühit naziri Simonas Kentvillas COP29 çərçivəsində yüksək səviyyəli görüşdə deyib.

“Ötən il Dubayda razılaşdırıldığı kimi, 2030-cu ilə qədər qlobal bərpa olunan enerji potensialını üç dəfə və enerjiyə qənaət səylərini ikiqat artırmaqla qalıq yanacaqlardan mərhələli şəkildə imtina etmək yaxşı başlanğıc olardı. Təəssüf ki, proqramın ilk qiymətləndirilməsi kollektiv səylərimizin kifayət qədər olmadığını göstərir. Biz daha yaxşısını edə bilərik və etməliyik”, - o bildirib.

Nazirin sözlərinə görə, Litva “yaşıl” keçidə dair iddialı kursla gedir: “2030-cu ilə qədər istixana qazlarının emissiyalarını ötən əsrin 90-cı illərinin səviyyəsi ilə müqayisədə azı 70 % azaltmaq və 2050-ci ilə qədər iqlimə neytral ölkə olmaq kimi aydın öhdəliyimiz var. 2030-cu ilə qədər Litvanın milli elektrik şəbəkəsi “yaşıl” olacaq, bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin payı isə 100 %-ə çatacaq”.

Litvalı nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət üçün 1,5 dərəcə temperatur hədəfinə uyğun olaraq yumşaldılma ambisiyalarını gücləndirmək çox vacibdir. Onun fikrincə, uzunmüddətli dayanıqlılığa doğru irəliləmək və iqlimin maliyyələşdirilməsi üçün yeni kollektiv kəmiyyət hədəfi (NCQG) üzrə yeni razılaşma əldə etmək lazımdır.

“Bu məqsəd realistik olmalı və ayrı-ayrı ölkələrin iqlim dəyişikliyinin təsirinin azaldılması səyləri ilə sıx bağlı olmalıdır. Məqsədin kəmiyyəti ölkələrin iqtisadi imkanlarının təkamülünü və qlobal istixana qazı emissiyalarının artan payını əks etdirən daha geniş maraqlı tərəflər qrupu ilə əlaqələndirilməlidir”, - o söyləyib.

Избранный
16
report.az

1Источники