Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə "Nəsimi" operası ərsəyə gətirilib.
APA xəbər verir ki, Azərbaycanın görkəmli şairi, böyük mütəfəkkir İmaməddin Nəsiminin həyat və yaradıcılığından bəhs edən operanın Heydər Əliyev Sarayında premyerası olub.
“Nəsimi” operasının libretto müəllifi akademik Rafael Hüseynov, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir.
Tamaşanın dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xareoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar İncəsənət xadimi Sevil Hacıyeva, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Operada Xalq artistləri — Nurəddin Mehdixanlı, Teyyub Aslanov, Əməkdar artistlər — Ramil Qasımov, İlkin Əhmədov və digərləri çıxış ediblər.
Qeyd edək ki, “Nəsimi” operasının premyerasını izləyənlər arasında COP29 çərçivəsində ölkəmizə təşrif buyuran əcnəbi qonaqlar da olub.