RU

Bu agentliklərlə rəqabət aparırıq – Vüsalə Mahirqızı

AРA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızının Axar.az-a müsahibəsi:

- Əvvəla, bir daha AРA-nın 20 illik yubileyi münasibətilə sizi təbrik edirik. AРA-nın özəlliyi, digər agentliklərdən fərqi, sizcə, nədir?

- Təbrik üçün təşəkkür edirəm. Agentliklərin işi standartdır. Burda əsas məqsəd xəbərin toplanması, emalı və yayımı prosesi ilə məşğul olmaqdır. Əsas məsələ sadaladığım prosesin çevik, etibarlı və dürüst həyata keçirilməsidir. Əlbəttə, hər bir xəbər agentliyi üçün eksklüziv xəbərlər əldə etmək, mənbələrə çatmaq, həmçinin istinad sayının yüksək olması çox vacibdir. AРA-nın sadaladığım istiqamətlərdə işini pis qurmadığını düşünürəm.

- 20 illik fəaliyyətiniz və uğurlarınız göz önündədir, ona görə, bu barədə xüsusi danışmağa ehtiyac yoxdur. Amma maraqlıdır, bu 20 ildə nəyi arzuladınız, ancaq həyata keçirə bilmədiniz və buna nə mane oldu?

- AРA ilə bağlı inkişaf strategiyası və hədəflər müəyyənləşdirilib və pillə-pillə həyata keçirilib. Həmişə AРA-nın daha çox dildə yayımlanması ilə bağlı hədəflərimiz aktualdır. Hazırda AРA Azərbaycan, rus, ingilis, fransız və fars dilində yayımlanır. Bizim məqsədimiz bu sayın daha çox olmasıdır. Eyni zamanda xarici bürolarımızın da artırılması həmişə diqqət mərkəzindədir.

- Ölkə daxilində deyil, ümumilikdə regionumuzda hansı agentliyi özünüzə rəqib görürsünüz və niyə?

- Əsas hədəf dünyada Azərbaycanla və regionumuzla bağlı xəbərlərdə daha çox ilk mənbə ola bilməkdir. Məncə, bu, istənilən xəbər agentliyinin rəqabət üçün əsas motividir. Bunun üçün də, əlbəttə, uzun illər ardıcıl, inanılmış və dəqiq xəbər yaymağa ehtiyac var. Bu əsnada regionumuzla bağlı ilk xəbər mənbəyi olan bütün informasiya agentlikləri ilə sağlam rəqabət aparırıq.

- Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanda cəmi 4 özəl informasiya agentliyi var. Sizcə, niyə kəmiyyətdə geri qalırıq və bu, keyfiyyətə - yəni rəqabətin güclənməsi baxımından – mənfi təsir edirmi?

- Sizə deyim ki, biz bu məsələdə kəmiyyətdə çox öndəyik. Bildiyim qədərilə, hazırda MEDİA Agentliyinin reysterində mərkəzi xəbər yayımı ilə məşğul olan 5 informasiya agentliyi qeydiyyatdan keçib. Onlardan biri- Azərtac Dövlət İnformasiya Agentliyi, digər dördü isə AРA, Тrend, Reрort və Turan özəl agentliklərdir. Əgər biz nəinki Cənubu Qafqaz, ümumilikdə bölgəmizə nəzər yetirsək, görərik ki, ölkəmizdə agentlik sayı bir çox hallarda regionun digər dövlətləri ilə bərabər, hətta çoxdur.

Məsələn, 150 milyon nəfər əhalisi olan Rusiyada cəmi 3 mərkəzi agentlik - TASS, RİA Novosti (“Sputnik” bu agentliyin bazasında yaradılıb) və “İnterfaks” fəaliyyət göstərir. Əhalisinin sayı 85 milyon olan Türkiyədə cəmi 4 mərkəzi agentlik – “Anadolu”, “Dəmirörən”, “İhlas” və “Anka” xəbər agentlikləri fəaliyyət göstərir.

Əhalisinin sayı 90 milyon olan İranda da cəmi 5 mərkəzi agentlik - İRNA, İSNA, “Mehr”, “Tasnim” və “Fars” agentlikləri var. Bu siyahını daha da uzatmaq olar. Qısaca onu qeyd edə bilərəm ki, Amerika, Avropa və ərəb ölkələrində agentliklərin sayı sadaladığım ölkələrdən də azdır.

Əhali sayını ona görə vurğulamağı lazım bildim ki, xəbər toplanması, xəbər rəngarəngliyi üçün bu, çox vacib amildir.

Cənubi Qafqazın digər iki ölkəsində, Gürcüstanda xəbər agentliyi strukturunda fəaliyyət göstərən cəmi bir agentlik – “İnterpress” agentliyi var, “Agenda” xəbər portalı isə ingilis redaksiyasının fəaliyyəti ilə diqqət çəkir, xarici istinadları var, amma daha çox portal stilində işləyir.

Ermənistanda isə bir dövlət agentliyi və iki özəl agentliyin fəaliyyəti hiss olunur. Fəxrlə vurğulamalıyam ki, Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycanda heç bir transmilli və ya başqa ölkəyə məxsus xəbər agentliyi ölkə daxilində və xaricdə əsas istinad mənbəyi deyil. Qonşularımızdan fərqli olaraq, Azərbaycanda əsas xəbər mənbəyi rolunda milli agentliklərimiz çıxış edir. Bu isə ölkəmizin informasiya təhlükəsizliyi baxımından çox vacib amildir.

Bu baxımından Azərbaycanda xəbər agentliklərinin sayı normaldır. İndi məsələ mövcud agentliklərimizin daha çox ölkədə bürolar yaratması, daha çox dildə yayımlanması, daha böyük kadr potensialı ilə çalışmasıdır. Çünki xəbər agentliyinin yaşı artdıqca mənbə kimi əhəmiyyəti, inanılması və etibar olunması da çoxalır. Ona görə də biz dünyada daha çox uzun illik fəaliyyəti olan qocaman xəbər agentliklərini görürük və onları daha etibarlı mənbə hesab edirik.

- Bir az geniş cavab tələb edən sualdır, ancaq bunsuz mümkün deyil: mediamızın hazırkı fəaliyyətindən razısınızmı? Nələr çatmır, nə təklifləriniz var?

- Fikrimcə, MEDİA Agentliyinin yaranmasından və “Media haqqında” yeni qanunun qəbul olunmasından sonra bu sahədə proqressiv işlər intensivləşib. Son 4 ildə mediaya konseptual yanaşma var.

Azərbaycan mediası Vətən müharibəsi kimi şərəfli bir tarixi yaşadı, uğurla xəbərlər yayımladı, bu tarixdə və daha sonra davam edən informasiya müharibəsində aparıcı qüvvələrdən biri ola bildi. Əlbəttə, o dövrdə və daha sonra da informasiya müharibəsinin əsasını Müzəffər Ali Baş Komandan İlham Əliyevin dünyanın tanınmış televiziya və xəbər agentliklərinə, eləcə də yerli mediamıza verdiyi onlarla müsahibəsi təşkil edir.

Son illərdəki konseptual yanaşma nəticəsində biz informasiya işinin daha doğru qurulduğunu, böhran kommunikasiyasının mənimsənildiyini, informasiya mühitinə kənar müdaxilələrin qarşısının peşəkarlıqla alındığını görürük. Son illərdə Azərbaycan mediasının dünyanın diqqətində olan münaqişələrlə bağlı balanslı xəbər yaymasını xüsusi vurğulamaq istərdim. İstər Rusiya-Ukrayna, istərsə də Yaxın Şərqdəki münaqişə ilə bağlı mediamız çox peşəkarcasına, balanslı, bir çox transmilli və yerli medialardan fərqli olaraq, heç bir tərəfə xəbər qadağası tətbiq etmədən fəaliyyət göstərdi, bu fəaliyyət bu gün də eyni qaydada davam edir. Yeri gəlmişkən, mediamızın bu peşəkarlığını xarici həmkarlarımız da görüşlərdə mütəmadi vurğulayırlar.

Mən COP29 çərçivəsində bizim medianın dünyanın tanınmış informasiya strukturları ilə rəqabət şəraitində peşəkar işini də vurğulamaq istəyirəm.

Azərbaycanda son illər xəbər agentliklərinin daha çox dildə yayımlanması, iki xaricidilli televiziyanın fəaliyyət göstərməsi də yeni informasiya transformasiyalarına uyğunlaşmaq üçün görülən müsbət işlərdəndir.

Son illərdə Jurnalistika fakültələrindəki müsbət dəyişikliklər, gənc kadrların bu fakültələrdə idarəçilikdə təmsil olunmaları, proqramlara yeni media ilə bağlı dərslərin daxil edilməsi də kadr hazırlığına müsbət təsir göstərir.

Əlbəttə, əsas hədəf yenə də dünya mediasının daha çox istinad mənbəyinə çevrilmək, daha çox insanın bizim öz informasiya mənbələrimizdən xəbər almasına nail olmaq üçün çalışmaqdır. Biz nə qədər çox insanın bizim öz informasiya mənbələrimizdən məlumat almasına nail olsaq, ölkəmiz barədəki informasiya manipulyasiyasının qarşısını da o qədər çox almış olarıq.

- AРA növbəti onilliyə hansı yeniliklərlə qədəm qoyur?

- Hazırda əsas prioritetimiz yeni yaratdığımız AРA Jurnalist Məktəbinin fəaliyyətini təmin etmək, bu məktəbin təlimlərinin artmasına, ilk növbədə şirkətimiz üçün zəngin kadr bankı yaratmağa nail olmaqdır. Əlbəttə, yeni media, hər gün dəyişən informasiya mühitinin gətirdiyi sürprizlərə həmişə hazır olmaq da diqqət mərkəzindədir.

Избранный
17
axar.az

1Источники