RU

Qərbi Azərbaycan Xronikası: Ermənilər yəhudi məzarlarını qazıb, oradakı əşyaları yoxa çıxarıblar

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi” adlı veriliş efirə gedib.

“Report” xəbər verir ki, verilişdə Dərələyəz mahalının Ələyəz kəndində eyniadlı çayın sahilində Xəzər türklərinə məxsus yəhudi məzarlığından, erməni jurnalistlərin, həmçinin ermənipərəst səyyah və bloqer Aleksandr Lapşinin azərbaycanlıların vaxtilə yaşadığı Ələyəz kəndi haqqında reportajlarından bəhs olunur.

Bildirilir ki, Dərələyəzdəki yəhudi məzarlığı qədim türklərə aiddir: “Qədim türklərin yəhudi izləri Dərələyəz mahalında da mövcud olub. Belə ki, Dərələyəzdə Xəzər türklərinə aid 60-dan çox məzar var. Orada yəhudi məzarları üzərindəki damğalar Xəzər türklərinə aiddir. Türk damğaları qrafik təsvir üslubları türk mifik təfəkkürü ilə bağlıdır. Alban, Xəzər, Hunların damğaları eynidir, türk inancından yaranıb. Biləncərdə tapılan Tanrıçılıq məbədinin damğaları ilə Dərələyəzdəki yəhudi məzarları üzərindəkilər eynidir”.

Diqqətə çatdırılır ki, Xəzər sözü türk kökündən gəlib, gəz, gəzər, köçən deməkdir: “Bizə gəlib çatmış sözlər Xəzər dili türk dilləri ailəsinə aiddir. Təbəri hələ X əsrdə yazırdı ki, Azərbaycan xəzərlərin məmləkəti idi. Xristian qıpçaqlara erməni, yəhudi qıpçaqlara karaim deyilirdi. Qafqazda xristian kitabları erməni, “Dualar kitabı” yəhudi əlifbası ilə qıpçaq dilində yazılıb. Əxi Təvəkkül zaviyəsində Dərələyəzdə yaşamış türk tayfasının sayını bildirən doqquz səkkizguşəli ulduz həkk olunub. Ümumiyyətlə, Qərbi Azərbaycan dağlarında gizli yəhudi qəbiristanlığı tapılıb. Ermənilər yəhudi məzarlarını qazıb, burada tapılan əşyaları yoxa çıxarıblar”.

Süjetdə Dərələyəz mahalındakı yəhudi məzarları üzərində qam-şaman simvollarının mənası, Xəzər türklərinə aid məzarların acı aqibəti, Ermənistanda yəhudi müəmması və gizlədilmiş irsi, eləcə də ermənilərin yəhudi tarixinə böyük qəsd etmələri ilə bağlı maraqlı faktlar və fikirlər səsləndirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Избранный
16
2
far.az

10Источники