RU

COP29-da türkdilli dövlətlərinimzaladığı sənədlər - mühüm məqamlar

COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladığı strateji tərəfdaşlıq haqqında Saziş mühüm əhəmiyyət daşıyır. 

Türkdilli ölkələr arasında imzalanmış saziş yaşıl enerjiyə keçiddə oynayacağı rol, onun gələcək nəsillər üçün mühüm təməllər yaratması baxımından olduqca önəmlidir. 

Bu, dünyanın gözünün Bakıda olduğu bir vaxtda Azərbaycan Türk respublikaları ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi qismində gördüyünü, Türk dünyasına mənsub olduğunu qürurla nümayiş etdirir. 

Bakıda imzalanan saziş sözsüz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflərin təşkilatın inkişaf strategiyasının gücləndirilməsinə də təkan verəcək. 

COP29 çərçivəsində türkdilli ölkələrin həyata keçirdiyi proseslər hansı müsbət nəticələr verə bilər? Eyni zamanda onların gözlənilən nəticələri nə ola bilər?

gunay

Günay Ağamalı: “Türkdilli ölkələr iqlim dəyişikliyi ilə mübarizədə birgə strategiyaların hazırlanmasını təmin edə bilərlər”

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalının fikrincə, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladığı strateji tərəfdaşlıq haqqında saziş ölkələrimiz arasında əlaqələri daha da genişləndirəcək, strateji tərəfdaşlığımızı möhkəmləndirəcək: “Hazırda qlobal iqlim böhranının mənfi təsirləri Mərkəzi Asiya regionundan da yan keçmir. Qazaxıstan ərazisində Aral gölünün quruması və torpaqların səhralaşma prosesinin sürətlə davam etməsi rəsmi Astananı ciddi şəkildə narahat edir. Eyni zamanda mövcud problemlər qardaş Özbəkistanda da ciddi problemlər yaradır, ölkə aşırı quraqlıqdan əziyyət çəkir. Bütün bunlar həll edilməsi zəruri olan məsələlərdir. Bu səpkidə də ölkələr səylərini birləşdirir. Bunun əsasında, COP29 çərçivəsində türkdilli ölkələr iqlim dəyişikliyi ilə mübarizədə birgə strategiyaların hazırlanmasını təmin edə bilərlər. Bununla da regionda karbon emissiyalarının azaldılması, təmiz enerji layihələrinin həyata keçirilməsi və ekosistemlərin qorunması mümkün olar. Bu proses enerji keçidi və yaşıl iqtisadiyyat yönündə investisiyaları təşviq edəcək. Çünki bölgənin bərpa olunan enerji potensialı olduqca yüksəkdir və perspektivlər investorlar üçün geniş imkanlar yaradır. Bununla yanaşı, imzalanmış saziş nəticəsində ölkələrimiz iqlim texnologiyaları və innovasiya sahəsində bilik mübadiləsi və təcrübə paylaşımı edəcəklər. Bu daha effektiv iqlim siyasəti və layihələrin həyata keçirilməsinə zəmin yaradacaq.

Nəticə etibarilə Azərbaycan COP29 tədbiri ilə türkdilli dövlətlər arasında uzunmüddətli inkişaf və davamlılığın təmin olunmasına mühüm töhfələr verir".

Sona

Sona Əliyeva: “COP tədbirlərinin ən etibarlı və etimadlı ölkələri elə Türk Dövlətləri Təşkilatının çətiri altında toplaşan məmləkətlərdir”

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, COP29 çərçivəsində TDT ölkələrinin imzaladığı sənədlər gələcəkdə real nəticələrə gətirib çıxaracaq: “COP29 tədbirlərinin ən etibarlı və etimadlı ölkələri elə Türk Dövlətləri Təşkilatının çətiri altında toplaşan məmləkətlərdir. Eyni zamanda bu ölkələr ekoloji çirkliliyinə görə arxa sıralardadır. Ön sıralarda dayanan ölkələr isə dünya ekosisteminə ən çox zərər vuranlardır, buna baxmayaraq, özlərini "mələk" kimi aparmağa çalışırlar. Amma Türkiyə və Azərbaycan başda olmaqla “0 karbon” siyasəti ilə bağlı müfəssəl və mütəşəkkil iş aparırlar. Qırğızıstanda prezident Sadır Caparovun özü ekoloji təmizliyə ciddi nəzarət edir. Dünyanın havası ən təmiz ölkələrindən biri də elə Qırğızıstandır. Türkmənistanda müəyyən problemlər var. Havada qazın miqdarı çoxdur. Aşqabad bu problemi həll etmək üçün bir neçə ildir ki, hərəkətə keçib. Düşünürəm ki, COP29 çərçivəsində TDT ölkələrinin imzaladığı sənədlər gələcəkdə real nəticələrə gətirib çıxaracaq. Hətta Azərbaycan və Türkiyənin ekosistemlə bağlı apardığı işlər gələcəkdə digər dövlətlər tərəfindən də öyrənilə bilər. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Ağıllı Kəndlər üzrə Nazirlər Sessiyasında İqlimə Davamlı Kəndlər Forumu yaradıldı. Bu, olduqca önəmli hadisədir. Biz işğaldan azad olunan Zəngilanda, Ağalı kəndində "Ağıllı kənd" layihəsini reallaşdırmışıq. Dünya iqlim təşkilatlarının həsəd aparacağı bir layihədir. Yəni sözümüz kağız üzərində qalmır, əməldə də gerçəkləşir. Müqavilə türk regionunda iqlim uyğunlaşması baxımından olduqca önəmlidir. Regionların üzləşdiyi problemlərin qiymətləndirilməsi baxımından çox vacib qurumdur. Əsas məqsəd əkinçilik icmalarının iqlimə daha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlı dərin mübadilə imkanı yaratmaq məqsədi daşıyır. Elə həmin tədbirdə kənd yerlərinin inkişafı, “ağıllı kənd” təşəbbüsləri haqqında fikir mübadiləsi aparılıb. Bundan başqa, davamlı və iqlimə davamlı kənd layihələri və DİM-lərin lokallaşdırılması üzrə sübuta əsaslanan ən yaxşı təcrübələri bölüşüblər.

Fəxrlə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin QHT-ləri COP29 çərçivəsində həyata keçirilən proseslərdə fəal iştirak edirlər. Ekologiyanın qorunması istiqamətində qanunverici çərçivənin yaradılması vacibdir. Bu forumun yaradılması bir daha təsdiq edir ki, qlobal iqlim çağırışlarının həllində hər bir kəsin iştirakı lazımdır. Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi Türk dünyası üçün də önəmlidir. Bunu iki gün öncə bir daha anladıq".

Azər

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Azərbaycanın strateji müttəfiqlik xətti Türk dünyasının siyasi inteqrasiyası üçün baza rolunu oynadı: “İstənilən bir beynəlxalq tədbirin bir ana xətti olur, bir də onun verdiyi imkanlarla ətraf dividentlər. Hazırda Bakıda keçirilən tədbir əslində iqlimlə bağlıdır. Yəni onun ana xətti iqlimdir. Lakin buraya çoxlu sayda dövlət başçıları, hökumət nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri gəlirsə, əlbəttə, başqa məsələlər ətrafında da danışacaqlar. İnsanlığın təbiətinə uyğundur. Biz hamımız el yığıncaqlarına gedirik. Toya gedirik, digər tədbirlərə gedirik. Həmin el yığıncağının ana məqsədi var. Amma məclisin gedişində insanlar tanış olurlar, birgə iş görməyə qərar verirlər. Bu cəmiyyətin sosial xarakteridir. Dünyanın da sosial xarakteri vardır. Eyni ilə yuxarıda qeyd etdiyimiz kimi. İndi Bakıda COP29-un keçirilməsi dünyanın idarə elitasını, iş dünyasını, sənət dünyasını, idman dünyasını cəlb edib. Həm də öncədən yaxınlığı ilə seçilən dövlətləri də. Məlumdur ki, 44 günlük müharibədə Azərbaycanın qalib gəlməsi Türk dünyasında bir hərəkətliliyə səbəb oldu. Digər türk xalqlarının özünüdərkinə gətirib çıxardı. Türkiyə ilə Azərbaycanın strateji müttəfiqlik xətti Türk dünyasının siyasi inteqrasiyası üçün baza rolunu oynadı. Türk dünyasının digər dövlətləri üçün yeni imkanlar yarandı. Bu imkanlar türk dövlətlərinin xarici siyasətinin şaxələndirilməsinə gətirib çıxardı. Vektorların fərqliliyi dövlətin mütəhərrikliyini artırır. Dövlət isə nə qədər geniş hərəkət imkanlarına malik olursa, beynəlxalq çəkisi artır. COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçılarının imzaladığı strateji tərəfdaşlıq haqqında Saziş əslində hər üç dövlətə yeni fəaliyyət konfiqurasiyası verir. Bu nə deməkdir? Türk dövlətləri nə qədər çox və geniş sahə diapozununda bir-biri ilə inteqrasiya etsələr, bir o qədər onların bir araya daha sıx gəlməsinə səbəb olar. Ortaq əlifba, ortaq bayraq, bunlar mühüm amillərdir. Yuxarıda əldə edilən razılıqların aşağıya doğru enib ictimai həyatın daha çox sahəsini əhatə etməsi üçün inteqrasiya formatlarının çoxluğu lazımdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın təşkilat çərçivəsində əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi istiqamətində irəli sürdüyü təkliflərin mahiyyəti də əslində bunu deyir, daha geniş inteqrasiya, bir araya gəlmə, fəaliyyət koordinasiyası. Dünyada durum tez-tez dəyişir. İndi Amerikanın yeni rəhbərliyi gələcək. Daha sonra bu arada Ukraynaya hazırkı rəhbərlik öz silahları ilə Rusiyanı vurmaq icazəsi verdi. Belə bir gərgin dünya gündəmində türk dövlətləri arasında əməkdaşlığın güclənməsi təhlükəsizlik baxımından da önəmlidir. Qazaxıstan da, Özbəkistan da önəmli ölkələrdir. Qazaxıstan Xəzər məsələsində Azərbaycanla demək olar ki, eyni mövqedə olub. Özbəkistan isə hazırda iqtisadi bum yaşayır. Tranzit baxımından da hər iki ölkənin böyük imkanları vardır. Azərbaycan xüsusilə Özbəkistana çox önəm verməlidir. Hesab edirəm ki, Azərbaycan Özbəkistana daha çox yatırımlar etsə gözəl olar. Əslində türk zolağı qurulsa, regional stabillik üçün çox önəmli olar. Digər qonşu dövlətlərlə də növbəti inteqrasiya formatları üçün zəmin olar. Bir sözlə, Türk dövlətləri daha çox inteqrasiya etməlidir. Ortaq türk dilinin formalaşması və layihədən reallığa keçməsi üçün inteqrasiyanın gücləndirilməsi lazımdır. Doğrudur, bütün türk dövlətləri eyni təhdid və çağırışlarla üz-üzə deyildir. Ancaq ortaq təhdid və çağırışlar da qətiyyən az deyildir. Bütün bunları nəzərə alaraq hər bir beynəlxalq tədbirin bir türk rəngi olmalıdır. Bu türk rəngi etnik, irqçi bir rəng deyildir. Bu rəng mədəni, iqtisadi, siyasi inteqrasiya və hərbi-təhlükəsizlik, koordinasiya rəngi olmalıdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Избранный
17
musavat.com

1Источники