RU

Makronu qəbir düzəldər -Fransanın daha bir ikiüzlülüyü

Ekspert: “İndi Amerika Ukraynanı məcbur edəcək ki, müəyyən güzəştlərə getsin”

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istəyir. Bunu politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb. Sitat: “Makron "Böyük İyirmilər"in Braziliya toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrovun əlini sıxarkən, o biri yandan da ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliyinə zərbələr endirməsinə icazə verməsini dəstəklədiyini bildirib. 

Bəlkə də Lavrovun əlini sıxan Makron Almaniya kansleri Olaf Şoltsdan sonra rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq planı qurub. Makron Şoltsla yanaşı, ABŞ-ın yeni prezidenti Donald Trampın da Kreml sahibi ilə dil tapacağından və bununla hər ikisindən geri qalacağından narahatdır".

Makronun bu ikiüzlü siyasətinin arxasında nələr dayanır? Vəd verdikləri Ukraynanı indi satmaq planı qurub? Yoxsa başqa oyunlar da var?

Aydın

Aydın Mirzəzadə

YAP-çı deputat Aydın Mirzəzadə Fransa kimi bir dövlətə Makronun rəhbərlik etməsinin təəccüb doğurduğunu qeyd etdi: “Emmanuel Makron Fransa dövlətinin ən uğursuz dövlət başçısıdır. Heç bir hazırlığı olmadan, amma bununla belə, ambisiya həvəsi onu müəyyən bir dövrdə Fransa rəhbərliyinə gətirdi. Amma apardığı həm daxili, həm də xarici siyasəti böyük uğursuzluqlara səbəb oldu. O, çox çətinliklə ikinci turda prezident seçildi. Ölkə daxilində vaxtaşırı yüz minlərlə etirazçının küçələrə çıxması halları artıq adi bir hala çevrilib. Xarici siyasətində Makron ölkəsindən qovulub. Azərbaycan kimi bir ölkə ilə münasibətlərini soyuq vəziyyətə çatdırdı. Vaxtaşırı atdığı addımlar Fransaya qeyri-ciddi bir dövlət imici qazandırdı. Rusiya-Ukrayna müharibəsi başlayanda Makron vaxtaşırı Rusiya rəhbəri ilə zəngləşirdi. Bir sözlə Kremlin qələbə qazanacağı təqdirdə onun şöhrətinə şəriklənmə fikrinə düşmüşdü. Sonradan Qərbin kollektiv etirazını görərək, fikrini yüz səksən dərəcə dəyişdi. İndi isə Amerikada Donald Trampın yenidən prezident seçilməsindən sonra o vəziyyətin nə cür olacağı barədə indidən proqnoz verməyə və Amerikanın yanında özünə yer tutmağa çalışır. Onun bir tərəfdən Ukraynanı dəstəkləməsi, digər tərəfdən, Rusiya rəsmisi ilə səmimi görüşləri qeyri-sabit bir siyasət yürütdüyünü göstərir. Bu siyasət o cümlədən Azərbaycanın daxil olduğu Cənubi Qafqaz üçün də özünü göstərir. Onun Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması, Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi Fransa şirkətlərinin Azərbaycanın işğaldan azad olunan ərazilərində iştirakına mane oldu. Digər tərəfdən, onun Türkiyə və digər türkdilli dövlətləri ilə çox ciddi problemləri var. Hesab edirəm ki, Makronun bu ziqzaq sayağı siyasi gedişləri elə beynəlxalq birlikdə də çox aydın görünür. Fransanın niyə belə bir qeyri-ciddi rəhbərə sahib olması əlbəttə ki, təəccüb doğurur”.  

Niyameddin

 Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Makronun Putinlə əlaqələr qurmağa cəhd etməsini təsadüfi saymır: “Yadınıza düşürsə, Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Makrona qarşı açıq şəkildə hörmətsizlik etdi. Onu Kremli sarayında hansı formada qəbul edib, yola saldı, hər kəsə bəllidir. Vladimir Putin çox yaxşı bilir ki, Makron riyakar və ikiüzlü bir siyasətçidir. Bayden hakimiyyətinin əlində bir oyuncaq idi. Ondan Qərb ölkələrinə qarşı istifadə edirdilər. Makron bütün gücü ilə çalışır ki, Amerikanın yeni seçilmiş prezidenti Donald Trampla əlaqələr qursun. Makronun Putinlə əlaqə yaratması təsadüfi deyil. O, çox yaxşı bilir ki, Trampın Putinə gizli əlaqələri var. Və Rusiya-Ukrayna müharibəsi bundan sonra başqa istiqamət götürəcək və Amerikanın siyasəti dəyişəcək. Üç gün bundan qabaq Trampın kürəkəninin mətbuata açıqlaması oldu. O, açıq şəkildə Bayden hakimiyyətini və Qərbi qınadı ki, Ukraynaya imkan vermək lazım deyildi ki, Rusiyanın dərinliyinə raket hücumlarını həyata keçirsin və bu, 3-cü dünya müharibəsinin başlamasına səbəb bilər. Hamı da bilir ki, Rusiyaya qarşı istifadə olunan raket və dronları Amerika və Qərb verib. Trampın özü də prezident seçkisində bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə, Rusiya-Ukrayna müharibəsi dayana bilər. Makron Tramp və Putinlə əlaqələri yaxşılaşdırmaq üçün nəinki Ukraynanı, bütövlükdə Fransanı satmağa hazırdır. Zaman-zaman mətbuata demişdim ki, zaman gələcək Amerika və Avropa Ukraynanı qurban verəcək. İndi Amerika Ukraynanı məcbur edəcək ki, müəyyən güzəştlərə getsin. Başqa yolları yoxdur. Necə deyərlər, Amerika ilə dost olmaq qorxulu, düşmən olmaq isə təhlükəlidir”. 

İran

Kənan Novruzov

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Makronu qətiyyətsiz siyasətçi adlandırdı: “Bu, hər şeydən əvvəl onu göstərir ki, Makron qətiyyətli siyasətçi deyil. Fransa isə bu gün dünyada sözü eşidilməyən ölkə kimi tanınır. Ona görə də rəsmi Paris hər iki tərəfi qane etməyə çalışır. ABŞ-da Donald Trampın timsalında respublikaçıların hakimiyyətə gəlməsi bir çox Avropa ölkəsi kimi Fransanı da qorxuya salıb. Çünki Tramp andiçməsindən sonra böyük ehtimalla Rusiya ilə gərginliyi qismən azaltmağa çalışacaq və bunun fonunda Ukraynaya dəstək məsələsində "xəsislik edəcək". Yəni Tramp ABŞ-ı “oyundan çıxara”, Avropa ilə Rusiyanı “meydanda tək qoya bilər”. Fransa bu ssenaridən narahatdır. Ona görə də Rusiya ilə münasibətlərin ifrat səviyyəyə qədər kəskinləşməsini istəmir. İndi isə rəsmi Paris Ağ Evin qərarını dəstəkləməyə bilməz. Fransa Demokratların qərarına qarşı çıxsa, bu, adıçəkilən dövlət üçün yaxşı nəticələnməz. Beləliklə, Yelisey Sarayı indi faktiki olaraq "iki od arasında qalıb"".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Избранный
96
50
musavat.com

10Источники