RU

Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi — FOTOLAR

Noyabrın 20-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) həyat və yaradıcılığına həsr olunmuş “Nəsimi” operasının premyerası keçirilib.

Demokrat.az xəbər verir ki, səhnə əsərini izləyənlər arasında Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Bakıda keçirilən COP29-un rəsmi qonaqları, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və ədəbiyyat xadimləri yer alıb.

Musiqisi Xalq artisti, professor Siyavuş Kərimliyə, librettosu akademik Rafael Hüseynova məxsus olan yeni opera Azərbaycan incəsənətinə yeni bir nəfəs gətirməklə yanaşı, böyük şairin zəngin irsinin sənətin dili ilə gələcək nəsillərə və dünyaya çatdırılması baxımından əlamətdar hadisədir.

Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuri Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Titul partiyanı – Nəsimi obrazını Əməkdar artist Ramil Qasımovun ifa etdiyi tamaşada digər rolları Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Tural Ağasıyev (Zahid), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Məlikşüarə) Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazı) və başqaları canlandırırlar. 

Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet truppası ilə yanaşı, səhnə əsərində Bakı Dövlət Sirkinin artistləri, Xalq artisti Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Şirzad Fətəliyev (balaban), Elnur Əhmədov (kamança), eləcə də Əmrah Orucov (ud) çıxış edirlər.

İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini özündə birləşdirən opera tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Nümayişdən sonra səhnəyə çıxan operanın libretto müəllifi akademik Rafael Hüseynov İmadəddin Nəsiminin məhz Azərbaycan şairi kimi keçmiş sovetlər dönəmində tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu deyib. “Nəsimi” operası barədə danışan alim səhnə əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

 
























Избранный
13
10
demokrat.az

10Источники