RU

Yeni Azərbaycan Partiyası: Dayanıqlı gələcəyin təminatı

Noyabrın 21-də, Zəfər ayında Azərbaycanın ən mütəşəkkil və güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası yaranmasının 32-ci ildönümünü qeyd edir. Müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin Sədri olduğu partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı iqtisadi inkişafın, güclü və müstəqil dövlətin təminatçısı kimi şərəfli yol keçib, tarixi Zəfərin tamamlanması ilə Azərbaycan qarşısında duran bütün məqsəd və vəzifələri, irəli sürdüyü hədəflərə nail olub.

YAP-ın yaranma tarixi Azərbaycanın müstəqillik tarixi ilə demək olar ki, eyni dövrə təsadüf edir. Ötən əsrin 90-cı illərində ikinci dəfə müstəqilliyinə qovuşmuş Azərbaycan parçalanmaq və dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşəndə yeganə ümid və nicat yolu Naxçıvana – Ali Məclisin Sədri Heydər Əliyevə dikilmişdi.

Ölkədəki hakimiyyətsizlik mühitində Azərbaycanın yeni tarixinə “91-lər” kimi daxil olmuş ziyalıların 1992-ci il oktyabrın 16-da xalqın arzu və istəklərini ifadə edən tarixi müraciətinə müsbət cavab verən Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə təxminən bir ay sonra, noyabrın 21-də yaranan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə daxil olması ilə bugünkü qalib Azərbaycanın tarixi və siyasi müqəddəratı da dəyişmiş oldu.

Heydər Əliyev canından əziz sevdiyi Azərbaycanın ümummilli taleyini hər şeydən üstün tutaraq ağır bir şəraitdə bütün məsuliyyəti öz çiyinlərinə götürərək ümumxalq partiyasına rəhbərlik etməyə başladı. O, Yeni Azərbaycan Partiyasının qurulmasına razılıq verməklə ölkədəki siyasi gərginliyin və ümidsizliyin qarşısını aldı, xalqda gələcəyə olan dərin inamın təməllərini qoydu.

Yeni Azərbaycan Partiyasının digər siyasi təşkilatlardan fərqi və özünəməxsusluğu siyasi baxışlarının, fəaliyyət məramının Heydər Əliyevin dahi şəxsiyyətində, siyasi qüdrətində cəmləşməsi idi.

Heydər Əliyev hələ Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışarkən dövlətçiliyin, müstəqil demokratik siyasi quruluşun sütunlarını yaratmışdı. Üçrəngli Azərbaycan Bayrağını ucaltmaqla və sonradan rəsmi dövlət atributumuza çevirməklə müstəqil Azərbaycanın demokratik dövlət arxitekturasını qurdu. Məhz bu siyasi keyfiyyətlər Heydər Əliyevin şəxsi qüdrəti ilə partiyanın güclənməsində mühüm rol oynadı.

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya aktiv fəaliyyət fazasına daxil olduqdan cəmi 7-8 ay sonra hakimiyyətsizlik və dövlətsizlik boşluğunu aradan qaldıraraq xalqın və dövlətin nicatına, xilasına çevrilməklə ölkəmizdə yetkin və dayanıqlı siyasi legitimliyi də bərqərar etdi.

Heydər Əliyev həm də erməni faşizminin, onun təcavüzkar siyasətinin qarşısını uğurla alaraq Azərbaycanın iqtisadi əsaslarını yaratdı, güclü dövlət quruculuğu yönündə atdığı addımlarla Zəfər Ordusunun bünövrəsini qoydu. Dahi Lider bütün gücü ilə torpaqlarımızı düşmən işğalından azad etmək üçün son nəfəsinə qədər mübarizə apardı, qələbəmiz üçün vacib olan dövlətin strateji inkişaf xəttini müəyyən etdi.

Onun ölkəmizin və xalqımızın parlaq və xoşbəxt gələcəyi naminə atdığı bütün addımlar məhz bu günümüz və 100 ildən sonrakı Azərbaycan üçün hesablanmışdı. Heydər Əliyev 2003-cü ilin oktyabrında Azərbaycan xalqına müraciətində qeyd edirdi ki, “Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan xalqı 2003-cü ildə Heydər Əliyev siyasətinə yeganə və əvəzolunmaz siyasi kurs kimi sadiqliyini nümayiş etdirərək yekdilliklə cənab İlham Əliyevə etimad göstərdi. Ali dövlət postuna seçilən Prezident İlham Əliyev ölkə qarşısında duran bütün məsələləri, ən müqəddəs missiya olan Ermənistanın 30 il işğalda saxladığı torpaqlarımızın azad edilməsi üçün bütün gücünü sərf etdi.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni Sədri seçilməklə siyasi həyatda yeni keyfiyyət dəyişiklikləri yaratdı, siyasi həmrəyliyi gücləndirdi. O, siyasi və iqtisadi cəhətdən qüdrətlənən Azərbaycanın hərbi gücünün Cənubi Qafqazda və regionda liderliyini təmin edərək Ulu Öndərin tarixi missiyasını gerçəkləşdirdi, Ermənistanın işğalına son qoydu, separatizmin başını əzdi və Heydər Əliyevin əmanəti olan doğma Vətənin ərazi bütövlüyünü və suverenliyini bərqərar etdi.

Ulu Öndər həmişəki kimi, bu seçimində də yanılmamışdı. Tarixi sübut etdi ki, onun müqəddəs ali arzularını yalnız bir nəfər ‒ Ali Baş Komandan İlham Əliyev həyata keçirə bilərdi və belə də oldu.

Heydər Əliyevin idarəçilik üslubu YAP-ın milli-siyasi konsepsiyası kimi qəbul edildiyindən partiya Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi işində bilavasitə iştirak edir, dayanıqlı inkişafa önəmli töhfələr verir. Partiya Azərbaycanın inkişaf şüarı olan “müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah” prinsipi ilə ölkəmizin siyasi və iqtisadi uğurlarında bilavasitə yaxından iştirak edərək iqtisadi tərəqqinin və zəngin sosial rifahın qazanılmasında mühüm rol oynayır.

Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra YAP-ın Sədri cənab İlham Əliyevin mükəmməl idarəetmə kursu sayəsində demokratik islahatlar daha da dərinləşdi. Bu reallıqlar fonunda YAP-ın 2021-ci il martın 5-də VII Qurultayı keçirilməklə partiyanın inkişafında yeni mərhələnin əsası qoyuldu. Partiyanın strukturu və kadrları müasir meyarlara uyğunlaşdırıldı, gənclərə böyük etimad göstərildi. Çox hörmətli Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi YAP-ın fəaliyyətində və ölkəmizin ictimai həyatında yeni dəyişikliklərə zəmin açdı. Qurultayda YAP-ın Sədri İlham Əliyevin yekun nitqi partiyanın yeni fəaliyyət manifesti olmaqla yaranmış yeni çağırışlar mühitində siyasi təşkilatlanmanı, demokratik siyasət prinsiplərini müəyyənləşdirdi.

Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilən növbədənkənar prezident seçkilərində xalqımız Zəfəri bəxş edən, qürur və ləyaqətimizi bərpa edən cənab İlham Əliyevə inam və etimadını bir daha nümayiş etdirdi. Dövlət başçısına olan dərin ehtiramın nümunəsi olaraq xalqımız yekdilliklə fevralın 7-də İlham Əliyevə etimad göstərərək növbəti dəfə onu Prezident seçdi.

Eləcə də sentyabrın 1-də suveren respublikamızda ilk dəfə keçirilən parlament seçkilərində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Zəfər yoluna sədaqətini bir daha göstərərək Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük dəstək verdi. Beləliklə, VII çağırış Milli Məclisdə YAP namizədləri mütləq üstünlük qazandılar.

Sıralarında ictimaiyyətin bütün təbəqələrini təmsil edən və 730 mindən çox üzvü birləşdirən YAP bu gün ölkəmizin siyasi avanqardı, Cənubi Qafqazın ən güclü təşkilatı kimi Prezident, partiyanın Sədri cənab İlham Əliyevin möhtəşəm fəaliyyəti sayəsində yeni intibaha və rifaha doğru irəliləməkdədir.

Ramid Namazov,

Milli Məclisin deputatı

Избранный
56
1
ikisahil.az

2Источники