RU

Melo Türkiyə yığmasına Terimi məsləhət gördü

Futbol çox vəfasız oyundu. Bunu Türkiyə yığmasının timsalında da görmək olar.

Qardaş ölkə Millətlər Liqasında öz qrupunda lider idi və hər kəs baş məşqçi Vinçentso Montelladan razı idi. Amma Türkiyənin son turda səfərdə iddiasız Monteneqroya uduzaraq yalnız ikinci pillə ilə kifayətlənməsindən sonra italiyalı mütəxəssisə qarşı münasibət dəyişdi. Montellanın həm Monteneqro ilə oyundakı heyət seçimi, həm də oyunun gedişindəki əvəzetmələri çox ciddi müzakirələrə səbəb oldu.

Həqiqətən də yağışlı havada və ağır meydanda oynanılan matçda Türkiyəyə fiziki cəhətdən güclü oyunçular lazım olan bir vaxtda bu məşqçinin Semih Kılıçsoy ilə Barış Alpər Yılmazı ehtiyatda saxlaması, eləcə də Əmirhan Topçu kimi təcrübəsiz müdafiəçiyə məhz belə tale yüklü oyunda debüt etmək şansı yaratması birmənalı qarşılanmadı. Bu arada ''Qalatasaray''ın sabiq ulduzu Felipe Melo son paylaşımı ilə diqqət çəkib.

İstanbul nəhəngində Fatih Terimin başçılığı altında oynamış və 41 yaşı olmasına baxmayaraq hələ də ''Fluminense''də top qovan ''sambaçı'' ''çarə Terimdi'' paylaşımını edərək federasiyanı ''İmperator''u yığmanın başına gətirməyə dəvət edib. Melonun bu paylaşımı böyük marağa səbəb olub. Amma futbolsevərlər arasında İsmayıl Kartalın da namizədliyini dəstəkləyənlər az deyil.

ƏLİ

Избранный
19
football-plus.az

1Источники