ABŞ Konqresində qalmaqala səbəb olan hadisə baş verib. Nümayəndələr Palatasının spikeri Mayk Conson transgender şəxslərin, xüsusilə də ilk dəfə Konqresə seçilmiş transgender millət vəkili Sara Makbraydın qadın tualetlərindən istifadəsinə qadağa qoyub.
Musavat.com xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
“Qadınlara məxsus məkanlar yalnız qadınlara aid olmalıdır”
Mayk Conson açıqlamasında vurğulayıb ki, qanunvericilər və Konqres əməkdaşları yalnız öz bioloji cinslərinə uyğun tualetlərdən istifadə edə bilərlər.
O, bu qərarın kiməsə qarşı deyil, qadınların hüquqlarını qorumaq məqsədilə qəbul edildiyini bildirib:
“Qadınlar yalnız qadınlar üçün nəzərdə tutulmuş məkanlara layiqdirlər. Biz kiməsə qarşı deyilik, biz qadınların tərəfindəyik,” – deyə Conson qeyd edib.
Mardjori Teylor Qrinin sərt mövqeyi
Respublikaçı konqresmen Mardjori Teylor Qrin də transgenderlərin qadın tualetlərindən istifadəsinə qarşı sərt mövqe sərgiləyib. Mənbələrin məlumatına görə, o, hətta belə halların qarşısını almaq üçün güc tətbiq etməyə hazır olduğunu bildirib. Qrin transgender şəxslərin qadınlara aid məkanlardan uzaq tutulmasının zəruri olduğunu iddia edib.
Qanun layihəsi müzakirələri davam edir
Konqresdə transgender şəxslərlə bağlı məsələlər son illərdə kəskin müzakirələrə səbəb olur. Spiker Consonun bu addımı həm tərəfdarları, həm də tənqidçiləri arasında mübahisələrə yol açıb. LGBTQ+ icmasının hüquqlarını müdafiə edən təşkilatlar isə bu qərarı ayrı-seçkilik kimi qiymətləndirib.
Bu hadisə ABŞ siyasətində cinsiyyət və gender məsələlərinin nə qədər həssas olduğunu bir daha ortaya qoyur. Gələcəkdə Konqresdə bu mövzuda daha kəskin müzakirələrin baş tutacağı gözlənilir.
Bu da sizə ABŞ gündəmi...
Musavat.com