RU

Ukraynanın Kurskdakı müəmmalı hədəfi... - “Storm Shadow” raketləri “Putinin obyektini” vurub - VİDEO

Artıq xəbər verildiyi kimi, Ukrayna dünən ilk dəfə Rusiya ərazisinə Britaniyanın “Storm Shadow” raketləri ilə zərbə endirib. Bu barədə Rusiya hərbi bloqerlərilə yanaşı, “Bloomberg” agentliyi də öz mənbələrinə istinadla məlumat yayıb.

Qərb rəsmilərindən birinin agentliyə dediyinə görə, Böyük Britaniya Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakına cavab olaraq Rusiya ərazisindəki hədəflərə qarşı öz raketlərinin istifadəsinə icazə verib. Londonda koreyalıların müharibəyə cəlb edilməsi Rusiya tərəfindən münaqişənin gərginləşdirilməsi kimi qiymətləndirilib. Rusiya hərbi müxbirləri və hərbi kanalları yazır ki, Kursk bölgəsi gün ərzində 12-yə yaxın "Storm Shadow" raketinin hücumuna məruz qalıb.

Daha sonra Ukrayna hərbi ekspertləri sosial şəbəkələrdə Kurska endirilən zərbələrin videogörüntülərini paylaşıblar. Həmin görüntülərdən məlum olur ki, Ukrayna kəşfiyyat PUA-ları asanlıqla ərazidə “var-gəl” edirlər və raketləri hədəflərə yönəldirlər.

Ukrayna mediası isə yazır ki, Britaniya raketləri böyük ehtimala Kursk vilayətindəki yeraltı komanda məntəqəsini vurublar. “Defense Express” məlumat yayıb ki, vurulan obyekt həm də Rusiya Federasiyası Prezident Administrasiyasına aid sanatoriya olub. Ərazidə həmçinin, rabitə qovşağı tipli bir obyekt də var: “Böyük ehtimalla söhbət adi bir rabitə qurğusundan deyil, dərinllikdə yerləşən komanda məntəqəsindən gedir. Onun sanatoriyanın yaxınlığında yerləşdiyini nəzərə alsaq, böyük ehtimalla burada Kurskdakı rus qoşunlarının komanda punktu yerləşib. Hətta buranın Kursk vilayəti olduğunu və KXDR qoşunlarının orada olduğunu nəzərə alsaq, Şimali Koreya generallarının da bu obyektdə ola biləcəyi ehtimalı var”.

Şərhçilər qeyd edirlər ki, kifayət qədər böyük sayda – 12 Britaniya raketinin atılmasını və 450 kiloqramlıq döyüş başlığı olan bu raketlərin bunkerləri dağıtmaq qabiliyyətini nəzərə alsaq, hədəfə alınan obyektin nə dərəcədə əhəmiyyətli olduğunu təsəvvür etmək olar.

“AzPolitika.info”

Избранный
8
azpolitika.info

1Источники