RU

Kılıçdaroğluna yaxın sabiq deputat sirləri açdı: “İmamoğlu sədr olmaq istəmir, Mansur Yavaş...”- MÜSAHİBƏ

"Türk Söhbəti"ndə buhəftəki gündəmimiz Cümhuriyyət Xalq Partiyasında (CHP) baş verənlərdir.

Belə ki, son günlər CHP-də daxili çəkişmələrin olması ilə bağlı müxtəlif informasiyalar tirajlanır. Bütün bunlara CHP yetkilisi ilə aydnılıq gətirəcəyik.

Fürsətdən istifadə edib ötən ilin may ayında Türkiyədə keçirilən prezident seçkiləri ilə bağlı bir çox məsələlərə toxunduq.  

Ötən il keçirilən seçkilərdən öncə İYİ Partiyanın odönəmki sədri Meral Akşenerin "altılı masa"nı tərk etməsi və sonra qayıtması rezonans doğurmuşdu. Həmçinin, ötən il keçirilən CHP qurultayında Kamal Kılıçdaroğlunun sürpriz şəkildə məğlub olması, qurultaydan sonra partiyada yaşananlar uzun müddət müzakirə predmetinə çevrilmişdi. 

Yəni, istər prezident seçkiləri, istərsə də qurultaydan öncə və sonra CHP ətrafında baş verənlər siyasi gündəmdən uzun müddət düşməmişdi. 

1 ildən çox keçməsinə baxmayaraq, hələ də baş verən bəzi proseslərin əsli bilinmir. 

Beləliklə, “Cebheinfo.az”-ın "Türk Söhbəti"nin qonağı Cümhuriyyət Xalq Partiyasının (CHP) 27-ci dönəm millət vəkili Servet Ünsaldır. O, həm proseslərdə yaxından iştirak edənlərdən və Kamal Kılıçdaroğluna yaxın şəxslərdən biridir. 

Müsahibəni təqdim edirik:

- Servet bəy, 2023-cü ilin may ayında keçirilən prezident seçkilərində müxalifətin əsas birliyi olan "Millət İttifaqı" məğlub oldu. Kılıçdaroğlu son açıqlamalarında bunun əsas səbəbi kimi Meral Akşenerin masadan qalxmasını və yenidən qayıtmasını əsas səbəb kimi göstərərək, onu xəyanətdə ittiham etdi, Akşener də Kılıçdaroğlunu məhkəməyə verdi. Əslində həmin dönəm nələr baş vermişdi?

- Kamal Kılıçdaroğlu Cümhuriyyət tarixində olmamış bir şeyi bacardı. 6 fərqli ideologiyada olan partiyanı bir araya gətirdi. Meral Akşener isə 11 toplantı gözlədi, amma 12-cidə masadan ayrıldı. Axı nə üçün 11 toplantıda heç nə demədi? 

Əslində, bu gün onun hakimiyyətlə anlaşdığını görürük. Yəqin ki, əvvəlcədən də bir razılaşma olub. Ümumiyyətlə, bir hadisəni kimin etdiyini bilmirsənsə, nəticəsinə baxmalısan. Deməli, bunun arxasında hakimiyyət, daha dəqiq desək, Prezident Rəcəb Tayyib Ərdoğan dayanır. Hətta Ərdoğan yaxın tarixdə Akşener barəsindəki şikayətlərini də geri çəkdi. Lakin o dönəm Akşenerin axıra qədər bizimlə birlikdə olacağını düşünürdük.

- Bütün bunların fonunda Meral Akşenerin masaya qayıtması səhv addım idi? 

- Meral Akşenerin masadan qalxması da, dönməsi də səhv idi. Dönməsi daha böyük səhv oldu. Bu səbəbdən anketlərdə reytinqlərimiz azaldı və Ərdoğan Prezident seçildi. Əslində, getdiyimiz hər yerdə vətəndaşlar bizə “ “altılı masa"nı pozmayın” deyirdilər. Çünki Türkiyəni xilas edə biləcəyimizə inanırdılar. Ona görə də Akşenerin masadan qalxması ən böyük xəta idi. Daha sonra geri gəlməsi isə "yara"nı daha da böyütdü. Belə deyim, daşlar yerindən oynadısa, bir də əvvəlki kimi olmaz... 

- Seçki ərəfəsində Meral Akşener tez-tez Kamal Kılıçdaroğlunun haqqında "qazana bilməyəcək namizəd" ifadəsindən istifadə edirdi. Hətta Kılıçdaroğlunun namizədliyi açıqlandığı anda Akşenerin üz ifadəsi də gündəm olmuşdu. Yəni, o, Kılıçdaroğlunun prezidentliyə namizəd olmasını istəmirdi? 

- Bəli, Meral Akşener Kamal Kılıçdaroğlunun namizədliyini qəti şəkildə istəmirdi. Ona görə də masadan ayrıldı, sonra geri gəldi. Nəticə etibarilə, onun bu addımı seçkiyə birbaşa təsir etdi. 

- Keçən ilin 4-5 noyabr tarixlərində keçirilən CHP qurultayı ilə bağlı bir çox söz-söhbət yayılıb. Bəs o qurultayda bilinməyən nələr baş vermişdi? 

- Özgür Özəl və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu qurultayda qruplaşma yaratdılar. Əgər bəzi üzvlər sonradan Özəl tərəfə keçməsəydi, Kılıçdaroğlu yenidən seçiləcəkdi. Lakin baş verənlərdən sonra çox cüzi fərqlə Özəl qalib gəldi. Nəticədə, Kılıçdaroğlu dəstək verdiyi şəxslər tərəfindən "xəncərləndi". Kılıçdaroğlu sayəsində parlamentdə olan bütün deputatlar bu gün onun qarşısındadır. Onun sayəsində deputat seçilməyənlər isə bu gün yanındadırlar. 

Üstəlik, o zaman heç bir CHP qurultayı dönəmində olmayan dedi-qodular yayıldı. Qurultay üzvlərinə pul verildiyi iddia olundu. Hətta qurultay günü :Kapalıçarşı"dakı bankdan iki dəfə 50 milyon dollar pul çıxarıldığı deyilir. Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Lakin qurultayla bağlı ciddi şəkildə belə pul dedi-qoduları da var idi. İlk dəfə CHP qurultayında belə bir hadisə gündəmə gəldi. Bu, bizi çox məyus etdi. 

- Siz nə üçün yenidən deputatlığa namizəd olmadınız? 

- Mən bələdiyyə sədri olmaq üçün deputatlığa yenidən namizəd olmadım. "Yeni Məhəllə" bələdiyyə sədri olmaq istəyirdim. Çünki oranın bələdiyyə sədri Fethi Yaşar 75 yaşındadır və 20 ildir vəzifədədir. Ona görə də bələdiyyə sədriliyi üçün millət vəkilliyinə namizəd olmaqdan imtina etdim. 

Ümumiyyətlə, mən və bəzi millət vəkilləri Kamal Kılıçdaroğlu ilə bərabər siyasət yürütdüyümüz üçün ötənilki qurultayda onu dəstəklədik. Hətta mən Kamal bəylə bağlı millət vəkilləri ilə 3 dəfə toplantı keçirdim. Seçki ərəfəsində də Kamal bəyə tam dəstək verdik. Lakin Özgür Özəl qurultayda CHP sədri olduqdan sonra mənə zəng etdi.

O, "Mənim qarşımda olduğun üçün səni bələdiyyə sədri etməyəcəyik",- dedi. Nəticədə, 75 yaşında, yolda rahat yeriyə bilməyən Fethi Yaşarın namizədliyini verdilər və o, yenidən sədr seçildi.

- İndiki CHP deputatları sizi qane edir? 

- Parlamentdə təmsil olunan CHP-nin millət vəkilləri siyahısında ciddi problem var. Parlamentdə doğru-düzgün müzakirələr aparmırlar. Hətta bir çox jurnalist mənə "Parlamentdə yoxluğunuz görünür, siz çok aktiv idiniz" deyirlər. Üstəlik, mən hər həftə mətbuat konfransı da keçirirdim. İndi isə CHP-ni təmsil edən millət vəkilləri içərisində bunu edən yoxdur. Mən  həkiməm, xəstəxanam da var. İndi həkimliklə məşğulam olsam da, hər zaman siyasətin içərisindəyəm.

- Özgür Özəl CHP sədri olduqdan sonra Kamal Kılıçdaroğluna yaxın şəxsləri partiyadan uzaqlaşdırdığına dair xəbərlər görürük. Bununla bağlı çox sayda iddia var. İndi siz də bir növ bunu təsdiqləyirsiniz… 

- Kamal Kılıçdaroğluna yaxın olan şəxslərdən bələdiyyə sədrliyinə çox sayda namizəd var idi. Lakin yeni CHP rəhbərliyi onların heç birinin namizədliyi irəli sürmədi. Yəni, iddialar çox doğrudur. Özgür Özəl özü Kılıçdaroğluna ən yaxın adamlardan biri idi. Ancaq nə üçün belə etdiyinin səbəbi bilinmir. Nəticədə, çox böyük səhv etdilər. 

"Siyasətdə gedə bilmədiyin yer sənin deyil" kimi çox gözəl bir söz var. Hərçənd ki, indiki CHP rəhbərliyi hər şeyi özünün edə biləcəyini düşünür. Kılıçdaroğlu sağı, solu, "altılı masa"nı bir araya gətirmişdi. Özəl isə indi partiyanı belə bir arada tuta bilmir. Aradakı əsas fərq də məhz budur. 

- Son zamanlar CHP daxilində sabitliyin olmadığı deyilir. Tez-tez Kamal Kılıçdaroğlunun yenidən CHP sədrliyinə qayıdacağı iddiaları yayılır. CHP içində belə müzakirələr varmı, Kılıçdaroğlu geri dönə bilərmi? 

- Kamal Kılıçdaroğlu yenidən sədr olmağı düşünür. Lakin zaman hər dərdin dərmanıdır. Bu, həmin vaxtdakı şəraitdən asılıdır. Ovaxtkı şərtlərə uyğun qərar veriləcək. Siyasətdə bir gecə belə çox önəmlidir. Ona görə də bu gündən dəyərləndirmək doğru olmaz. 

- Həmçinin, bu ilin sentyabrında CHP-də keçirilən nizamnamə qurultayı zamanı da iddialar var idi ki, Kamal Kılıçdaroğlu sözügedən qurultayı seçki qurultayına çevirmək istəyir. Hətta bunun üçün lazım olan imzanı topladığı da deyilirdi. Maraqlıdır, Kılıçdaroğlunun həqiqətən belə bir planı var idi? 

- Əslində, belə bir ehtimal var idi, amma Kılıçdaroğlu bunu etmədi. Kamal bəy partiyada problem yaranmaması üçün bu addımı atmadı. Bəli, Kılıçdaroğluna lazım olan qədər imza toplanmışdı. O, hər an istədiyi qədər imza toplaya bilər.

Ancaq atılan addımın nə qədər fayda və ya zərər verəcəyini doğru hesablamaq lazımdır. Şəxslər deyil, partiyanın gələcəyi önəmlidir. Sədrlər gəlib-gedər, amma CHP qalar. Partiya zərər görəcəksə, seçkili qurultaya getməyin mənası yoxdur. Biz uyğun zamanı gözləyirik. Kamal bəy son dərəcə düzgün bir siyasətçidir. O, partiyaya zərər verəcək addımı atmaz. 

- Partiya daxilində fraksiyaçılıq olduğu da gündəmdədir. Hazırda Özəl-Yavaş, Kılıçdaroğlu-İmamoğlu cəbhələrinin olduğu deyilir. Bunlar nə dərəcədə həqiqəti əks etdirir?

- Bu iddiaların heç bir əhəmiyyəti yoxdur. Prosesləri diqqətlə izləyirik. Sadəcə olaraq, Özgür Özəl CHP sədri seçildikdən sonra partiyada istədiyi idarəetməni təmin edə bilmədi. Üstəlik, İmamoğlu və Özəl fərqli aspektdə açıqlamalar verirlər. Həmçinin, ortada Kılıçdaroğlu gerçəyi də var. Ona görə də partiya güc itirdi və sanki 3 hissəyə bölündüyü görüntüsü yarandı. 

Bu səbəbdən də hazırda Kılıçdaroğlu, İmamoğlu və Özəl tərəfdarları ayrı hərəkət edirlər. Bütün bunlara görə isə bələdiyyə seçkilərində uğurlu olan partiya son aylarda anketlərdə hardasa 30 faiz-ə qədər geriləyib. Çünki Özgür Özəlin hər kəsi qucaqlayan bir mövqeyi yoxdur. Bu isə seçicilərə təsir edir. 

- Zaman-zaman Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilə biləcəyi iddia olunur. Necə düşünürsünüz, növbədənkənar seçki olacaq? 

- 2025-ci ildə növbədənkənar prezident seçkilərinin keçiriləcəyini düşünmürəm. 2026-cı ildə isə seçki gündəmə gələ bilər. Həmin ilin yaz və ya payız ayında növbədənkənar prezident seçkiləri keçirilə bilər. Çünki Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olması üçün ya erkən seçki keçirilməli, ya da Konstitusiya dəyişməlidir. 

Hazırda isə Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) millət vəkili sayı 400-ə çatmır. Bunun üçün Xalqların Bərabərlik və Demokratiya Partiyasını (DEM Partiyası) da yanlarına çəkib, 400 səsə çatmaq istəyirlər. Lakin bu da inandırıcı görünmür. 

Növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün isə lazım olan 360 millət vəkili səsini toplaya bilərlər. Hətta CHP sayəsində seçilən 39 deputatın onlara dəstək verəcəyi də mümkündür.  

- Əkrəm İmamoğluna siyasi qadağa cəzası veriləcəyi təqdirdə, 2028-ci ildə CHP-nin prezidentliyə namizədi kim olacaq: Mansur Yavaşmı, Əkrəm İmamoğlumu?

- İmamoğluna tələb edilən cəza hüquqi deyil. Cəza verilməsi doğru olmaz. Ümumiyyətlə, Əkrəm İmamoğlu "axmaq" sözünü hakimlərə yox, daxili işlər naziri Süleyman Soyluya demişdi. Amma ölkədə hüquq yox vəziyyətindədir. Bəlkə də İmamoğlunun cəza almasını Ərdoğan istəmiş ola bilər. 

Hətta bir müddət sonra Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın namizədliyinin qarşısının alınması üçün ona da hansısa cinayət işi açıla bilər. Çünki Ərdoğan zəif bir namizədlə yarışmaq istəyir. Konkret olaraq, onun istədiyi namizəd Özgür Özəldir. 

Onun da qeyd edim ki, Əkrəm İmamoğlu CHP sədri olaraq prezidentliyə namizəd olsa, mərkəz sağ və digər təbəqələrdən səs ala bilməyəcəyini düşünür. Ona görə də CHP sədri olmaq istəmir. 

- CHP tərəfindən Mansur Yavaşın prezidentliyə namizədliyi irəli sürülə bilər? 

- Əslində, Mansur Yavaş bizim partiyalı deyil. Onu bələdiyyə seçkilərində CHP-nin namizədi kimi irəli sürmək olar. Lakin prezident seçkilərində Mansur Yavaşın CHP-nin namizədi olacağına inanmaq istəmirəm. 

- Belə deyək də, Əkrəm İmamoğlunun siyasi qadağa cəzası ehtimalı var, Mansur Yavaşın namizəd olacağına siz inanmırsınız, Özgür Özəl isə açıqlamalarında namizəd olmayacağını söyləyir. Yəni, İmamoğlu, Yavaş və Özəl olmasa, CHP kimin namizədliyini irəli sürəcək? 

- Siyasətdə 24 saat çox uzun müddətdir. İndi isə seçkiyə 3,5 il var. Ən doğru namizəd seçkinin keçirilməsinə qısa müddət qalmış anketlərdə öndə olan şəxs olmalıdır. Biz qazanacağına inandığımız bir namizəd irəli sürəcəyik. Lakin ad çəkmək üçün hələ tezdir. 

- Sonda Azərbaycanla bağlı bir sual verim. Siz İkinci Qarabağ müharibəsində ölkəmizə gəlmişdiniz, elə deyilmi? 

- Bəli, Mən İkinci Qarabağ müharibəsində Azərbaycana səfər etmişdim. Bərdə, Tərtər və Gəncədə olmuşam. Ermənistanın atdığı raketlərin yaratdığı dəhşətə, fəsadlara yerindəcə şahid oldum. Hətta orada üzü qanlı uşaq var idi, şəhid general Polad Həşimova oxşayırdı. Həmin uşağın şəkli bütün dünyada yayılmışdı. Mən də o uşağı qucağıma almışdım. Hələ də zaman-zaman onunla maraqlanıram, danışıram. Arada maddi vəsait də göndərirəm. 

Sonda isə fürsətdən istifadə edib onu və əziz Azərbaycan xalqını salamlayıram. Azərbaycan bizim qardaşımızdır, hər zaman da belə qalacaq. 

Избранный
27
cebheinfo.az

1Источники