ABŞ prezidenti Co Baydenin Ukraynanı piyada əleyhinə minalarla təchiz etmək və Rusiya ərazisində uzaqmənzilli raketlərin istifadəsinə icazə vermək qərarı Rusiya ordusunun cəbhə xəttində uğurlarını sürətləndirdiyi bir vaxta təsadüf edib.

İndex.az xəbər verir ki, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatları göstərir ki, Rusiya 2024-cü ildə keçən illə müqayisədə altı dəfə çox ərazi qazanıb və ölkənin şərqindəki Donbas bölgəsində Ukraynanın strateji logistika mərkəzlərinə doğru irəliləyir.

Bu arada Ukraynanın Rusiyanın Kursk vilayətində qəfil hücumunda da tərəddüdlər var.

Mütəxəssislər hücumun uğurunu şübhə altına alarkən, bir mütəxəssis Ukraynanın hərbi çatışmazlığını nəzərə alaraq bunu “strateji fəlakət” kimi qiymətləndirib.

ISW-nin yeni məlumatları göstərir ki, 2024-cü ildə balans Rusiyanın xeyrinə dəyişəcək. ISW təhlili təsdiqlənmiş sosial media şəkilləri və hərbi fəaliyyət hesabatlarına əsaslanır.

ISW məlumatları göstərir ki, Moskva bu il indiyədək Ukrayna ərazisinin 2700 kvadrat kilometrini ələ keçirib. Rusiya yalnız ötən il ərzində 465 kvadrat kilometr ərazini tuta bilmişdi.

BBC-yə danışan “London Kings College”dən müdafiə tədqiqatçısı Dr. Marina Miron bəyan edib ki, Rusiya bu templə irəliləsə, Ukraynanın şərq cəbhəsinin “dağılacağı” ehtimalı var.