RU

Yenə sertifikasiya - İndi hansı fənnin müəllimləri...

Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin 2025-ci ildə keçiriləcək sertifikasiya imtahanları ilə bağlı açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, nazir parlamentdə 2025-ci ilin dövlət büdcəsinin dünən keçirilən müzakirəsi zamanı deyib ki, gələn il 20 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub.

Lakin nazir gələn il sertifikatlaşdırmaya cəlb olunacaq təhsilverənlərin hansı fənn müəllimləri olacağını açıqlamayıb.

Sosial şəbəkələrdə açılan müzakirələrdə əsas sual budur: gələn il keçirləcək sertifikasiya imtahanlarına hansı fənn müəllimləri cəlb olunacaq?

Modern.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin bununla bağlı açıqlamasının gələn ilin əvvəlində veriləcəyi gözlənilir.

Qeyri-rəsmi məlumata görə, 2025-ci ildə tarix və coğrafiya müəllimlərinin sertifikasiyaya cəlb olunması nəzərdə tutulur.

Xatırladaq ki, 2022-2024-cü illərdə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, infomatika, xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili) fənlərini tədris edən 65 minə yaxın müəllim sertifikalaşdırmadan keçiblər.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını (30 bal) toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələr edilir.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır.


A.Qorxmaz

Избранный
13
4
modern.az

5Источники