RU

Əgər su ilə bağlı heç bir tədbir görülməsə, bu, çox mənfi nəticələrə gətirib çıxara bilər - Niderlanddan baxış

Bakı, TurkicWorld

Su ilə bağlı heç bir tədbir görülməsə, bu, 2050-ci ilə qədər qlobal ÜDM-in potensial olaraq 8-15 faiz həcmində itirilməsi kimi iqtisadi baxımdan çox mənfi nəticələrə səbəb ola bilər.

TurkicWorld xəbər verir ki, bu fikri Niderlandın Xarici İşlər Nazirliyinin Davamlı İnkişaf üzrə səfiri və İnklüziv Yaşıl İnkişaf üzrə direktoru Vampi Libon COP29 çərçivəsində "İqlim üçün su: NDCs və NAPs-da su həllərinin inteqrasiyası - biomüxtəliflik, su ehtiyatları və iqlimin qarşılıqlı əlaqəsi" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada bildirib.

"Bu ssenarinin qarşısını almaq üçün suyu qlobal ictimai sərvət kimi görməyə başlamalı və ondan daha səmərəli istifadə etməliyik. Bizim fikrimizcə, su iqlim siyasətində mərkəzi mövqe tutmalı və biz birgə hərəkət etməliyik.

Təxminən 90 faiz ölkə artıq su ilə bağlı adaptasiya tədbirlərini öz milli planlarına daxil edib. Bununla belə, bu öhdəliklərin maliyyələşdirilməsi problemi hələ də həll olunmamış qalır. Bu, bütün maraqlı tərəflərin kollektiv səylərini tələb edən əsas məsələdir. Şükürlər olsun ki, su məsələlərinə diqqət artır və tərəfdaşlar həll yolları üzərində işləməyə hazırdır.

Niderlandda biz su resurslarının idarə edilməsinin bütün aspektlərini yaxşı başa düşürük və yaranan çağırışlarla necə mübarizə aparacağımızı bilirik. Biz əməkdaşlıq etməyə, bir-birimizdən öyrənməyə və birlikdə işləməyə hazırıq. Biz investisiyaların cəlb olunmasına, potensialın inkişafına və bilik mübadiləsinə töhfə verə bilərik, çünki bu, olduqca vacibdir", – deyə V.Libon bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
12
3
turkic.world

8Источники