Ermənistan Hindistandan 78 ədəd “ATAGS” qoşqulu artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Indian Defense Research Wing” nəşri yazıb. Qeyd edilir ki, 6 haubitsadan ibarət ilk partiya Ermənistana verildikdən sonra həm yüksək dağlıq, həm də düzənlik ərazilərdə geniş sınaqdan keçirilib.
Sınaqlar uzaq məsafənin dəqiq vurulmasına görə yüksək etibarlı silah olduğunu təsdiqləyib. Bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satınalma imkanlarını nəzərdən keçirməyə sövq edib. Artıq sistemə daxil edilmiş xüsusiyyətlər arasında silahın istifadəsini asanlaşdıran erməni dilində interfeys də var.
Ermənistan ordusunun artilleriya sistemini onun xüsusi tələblərinə uyğunlaşdırmaq üçün kiçik təkmilləşdirmələr təklif edəcəyi gözlənilir. Əlavə 78 ədəd “ATAGS”ın alınması üçün perspektiv saziş Ermənistan və Hindistan arasında artan müdafiə sahəsində əməkdaşlığı növbəti əlamətdar hadisəsi kimi qeyd edilir.