RU

Yeni Azərbaycan Partiyası milli həmrəyliyə və inkişafa xidmət edir

Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. O vaxtkı hakimiyyət partiyanın Bakı şəhərində təşkilatlanmasına imkan vermədiyindən, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən artıq nümayəndənin iştirak etdiyi təsis konfransı Naxçıvan Dövlət Dram Teatrında keçirildi. Ulu Öndər həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük.Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.Zəmanəmizin ən mütəşəkkil siyasi təşkilatlarından biri olan Yeni Azərbaycan Partiyası ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi kimi meydana gəldi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında Naxçıvanda ana müxalifət partiyası kimi yaranan və demokratik prinsiplərə söykənməklə az keçmədən hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası 32 ildir dövlətimizə, xalqımıza, ən yeni dövrdə şanlı dövlətçilik tariximizin yazılmasına ləyaqətlə xidmət edir. Sosial sifariş olaraq meydana atılan Yeni Azərbaycan Partiyası ölkəmizdə qurtuluş və tərəqqinin simvolu kimi qəbul edilməklə bərabər, həm də Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin siyasi istinad mənbəyidir.Yeni Azərbaycan Partiyası güclü liderin ətrafında yaranmış partiyadır. Partiyanın yarandığı dövrə nəzər salanda görürük ki, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan, ömrünü və bütün fəaliyyətini öz xalqına və dövlətinə xidmətə həsr edən bir şəxsiyyətin – Ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi partiyamıza olan inam, etimad və dəstəyi artırırdı. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə xilaskarı Heydər Əliyev siyasi xətti olaraq qəbul edilirdi. Bu səbəbdən Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrildi, Azərbaycanın tərəqqisi yolunda fəaliyyətini uğurla davam etdirərək ölkəmizin möhtəşəm nailiyyətlər əldə etməsinə fundamental töhfələr verdi.Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq xilaskara – Dahi Lider Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.Təbii ki, dövr, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməli, Azərbaycan bütün sahələrdə qazandığı təcrübə ilə nümunə olmalıdır. Məhz bu çağırışların reallıqda öz əksini tapması son 21 ilin davamlı uğurlarını, Azərbaycanın beynəlxalq aləmdə təqdir olunan və öyrənilməsinin vacibliyi vurğulanan inkişaf modelini şərtləndirən əsas amillər sırasında oldu. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması Yeni Azərbaycan Partiyasına olan inam və məhəbbəti gücləndirdi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının dayaqları üzərində inkişaf edərək yeni dövrün reallıqlarına uyğun çevik, özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırdı. Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət aparatı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən etdi. Bu gün Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyat, həm sosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başlayan Vətən müharibəsi 44 gün davam etdi və qazanılan parlaq qələbə hərb tariximizin ən şərəfli səhifəsi oldu. 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi. Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.Bu gün Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti ilə həm siyasi meydanda, həm də döyüş meydanında qalibdir. Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev böyük fədakarlıqla və qətiyyətlə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək, 9 noyabr 2020-ci il tarixdə Azərbaycan xalqına müraciətində də dediyi kimi, ata vəsiyyətini yerinə yetirdi, həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı. Ən nəhayət, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Və bu gün Yeni Azərbaycan Partiyası da məhz xalqın birliyinin partiyasıdır. Vətən müharibəsində əldə etdiyiniz tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədi reallaşdırıldı.Bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixdə keçirilən VII Qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Həmçinin Vətən savaşındakı şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması, həm də ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayılırdı. Hakim partiyanın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu. Siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətə səbəb olacaq qoşulma nümunəsi müxalifətdə olan partiyalar üçün də bir nümunədir. Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar Yeni Azərbaycan Partiyasının gücündən xəbər verir. İqtidar nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyinə qarşılıq verir. Siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulması da Yeni Azərbaycan Partiyasının siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. Çünki Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa xidmət edir.Prezident İlham Əliyev qurultayda geniş, dərin məzmunlu və proqram xarakterli çıxış edərək VII qurultayın keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirərək qeyd etdi:“Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcıllıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq”. Yeni Azərbaycan Partiyasının VII Qurultayı bir daha göstərdi ki, o, çoxmillətli bir ölkənin, sülhü, sabitliyi, tolerant, ümumbəşəri dəyərləri həyat tərzinə çevirən, müxtəlif xalqların birgəyaşayışına nail olan, tarixlə müasirliyi özündə birləşdirən bir ölkənin - Azərbaycanın hakim partiyasıdır. Onun başında xalqımızın arxalandığı, inandığı, güvəndiyi, etibar etdiyi, etimad göstərdiyi, dünyada yaşayan bütün azərbaycanlıların lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır.Bütün bunlar sübut edir ki, Yeni Azərbaycan Partiyası perspektivli hədəflərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyasının yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, realist vizyon və məsul missiyanı birləşdirir.Yeni Azərbaycan Partiyası müstəqil dövlətçilik, azərbaycançılıq, qanunlara hörmət, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq bu gün Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir, möhkəmləndirir. Nəticədə ölkəmiz beynəlxalq tədbirlərin, eləcə də nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq təşkilatların rəhbərləri öz tədbirlərinin Azərbaycanda keçirilməsini təsadüfən müəyyənləşdirmir. Son illər Azərbaycanın dünyada sabit məkan kimi tanınması da bunun ən bariz nümunəsidir. Xüsusilə son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və diplomatik məharət nəticəsində mümkün olmuşdur. Bunula bərabər, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etməsi reallığını yaratdı. Azərbaycanın bu sahədə uzun illərdir həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından ölkəmiz böyük işlər reallaşdırdı. Yeni Azərbaycan Partiyasının hər bir üzvü ötən dövrdə Yaşıl iqtisadiyyata keçidlə bağlı həyata keçirilən bütün layihələrdə, yaşıllaşdırma aksiyalarında eləcə də COP29-un uğurlu keçirilməsində yaxından iştirak edir öz töhfələrini verirlər.Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Hazırda COP29-un Azərbaycanda yüksək təşkilatçılıqla keçirilməsinin dünya şahidinə çevrilir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Ölkəmiz artıq dünyada söz sahibinə çevrilib. Faktlar da təsdiqləyir ki, son 21 ildə dövlətimizin başçısının həyata keçirdiyi müstəqil siyasət nəticəsində Azərbaycanın reytinqi artıb və dünya miqyasında çox güclü mövqelərə sahib olub.Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi deyilənlərin real təsdiqidir. Bu Azərbaycanın qüdrətini bir daha dünyaya göstərir və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirir.Bu gün cənab İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən yüksək qiymətləndirilir. Hazırda özündə 700 mindən çox insanı birləşdirən partiyamızın hər bir üzvü dünyanı Azərbaycanda birləşdirən COP29-un uğurlu reallaşmasında öz töhfələrini verməkdən böyük qürur və fəxr hissi keçirir.Bir sözlə, partiyanın 32 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyinin rolu inkaredilməzdir. Bu illərdə Yeni Azərbaycan Partiyası monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynadığını bir daha nümayiş etdirdi. Əminliklə söyləmək olar ki, bundan sonra da Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Arzu Abdullayev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

Избранный
18
sesqazeti.az

1Источники