RU

COP29-un 5 bənd üzrə şərhi

Əkbər Qoşalı “Şərq”ə beynəlxalq tədbirlərin geniş izahını verib

  Ölkəmizin ev sahibliyi etdiyi və demək olar artıq başa çatmaq üzrə olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29-un dünyaya hansı töhfələr verdiyi indi ən çox müzakirə edilən mövzudur. 

Müzakirələrə qatılan ictimai xadim, Uluslararası “Alaş” Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı “Sherg.az”a açıqlamasında COP29-un fəaliyyətini  5 bənd üzrə şərh edib. “Başa çatmaqda olan COP29 artıq COP30-a doğru gedən dünya dövlətlərinə iqlim dəyişiklikləri ilə mübarizədə önəmli örnəklər təqdim etmiş olacaq. Respublikamız “Paris Sazişi”nin məqsədlərinə uyğun olaraq, istixana qazı emissiyalarını azaltmaq, enerji effektivliyini artırmaq və bərpaolunan enerji qaynaqlarından daha geniş yararlanmaq yönündə vacib addımlarını davam etdirəcəkdir”, söyləyən Ə.Qoşalı COP29-un fəaliyyətini bu cür şərh edib: 

- Birincisi, Azərbaycan, “Paris Sazişi”nə qoşularaq, istixana qazı emissiyalarını 35 il öncələrdəki səviyyəyə görə elə 35 faiz azaltmağa çalışır. Ölkəmiz bu hədəfə çatmaq üçün müxtəlif sektorlarda, o cümlədən enerji, sənaye və kənd təsərrüfatı sahələrində islahatlar həyata keçirir. İkinci önəmli məsələ bərpaolunan enerji potensialı ilə bağlıdır. Azərbaycanın külək və günəş enerjisi potensialının yüksək olduğu bilinən faktdır. 2023-cü ildə qəbul edilmiş “Yaşıl enerji” konsepsiyası ölkəmizin enerji sektorunda transformasiyasını sürətləndirməkdədir. Özəlliklə Qarabağ və Gündoğar Zəngəzurun “Yaşıl enerji bölgəsi” elan edilməsi bu sahədə innovativ layihələrin həyata keçirilməsinə təkan verməkdədir. Əgər Qarabağ və Gündoğar Zəngəzur üç on il boyu işğalda qalmasaydı, daha erkən və daha təsirli işlər görmüş olardıq… Bizə yeri gəldi-gəlmədi, dəxli oldu-olmadı, irad tutanlar aradabir yada salsınlar: Azərbaycanın 20 faiz ərazisi 2020-ci ilədək kim(lər)in işğalındaydı və nə üçün?.. Həmin o keçmiş işğalçının mina xəritələrini hələ də  tam təhvil verməməsi bütün növ iqlim, ekologiya dəyişikliklərinə hansı “töhfələr” bəxş edir, əcaba?.. Üçüncü vacib faktor karbon neytrallığı və innovativ həllərdir. Doğrudur, neft-qaz sektoru karbon emissiyalarının əsas qaynaqlarından biridir. Lakin SOCAR digər aidiyyəti qurumlarla birgə artıq karbon neytrallığına nail olmaq üçün yeni texnologiyalara yatırımlar qoyur. Örnəyi, qaz sızmalarının azaldılması, sutəmizləmə sistemləri və karbontutma texnologiyaları bu yöndə önəmli addımlardır. Dördüncüsü, bölgəsəl işbirliyi və işin beynəlxalq boyutudur. Azərbaycan coğrafi mövqeyinə görə, dövlət başçısının siyasi iradəsi sayəsində bölgəsəl enerji tranzitində önəmli rol oynayır. Xəzər hövzəsinin enerji layihələri və “Güney Qaz Dəhlizi” kimi təşəbbüslər bərpaolunan enerjiyə keçid sürəcini asanlaşdırır. Bu da öz növbəsində, qlobal enerji təhlükəsizliyinə bir töhfədir. Nəhayət, diqqət edilməli olan beşinci amil COP30 və Azərbaycanın roluyla bağlıdır.  COP29-a ev sahibliyi edən Azərbaycanın COP30 üçün milli və bölgəsəl səviyyədə uğurlu bir model təqdim etmək əzmi aşkardır. Ölkənin təcrübəsi iqlim dəyişikliyinə uyğunlaşma, təmiz texnologiyaların tətbiqi və bərpaolunan enerji sahəsində uğurları əhatə edir. Azərbaycanın təcrübəsi, özəlliklə inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizədə bir örnək təşkil edir. COP29 öz yerində, qarşıdakı COP30 platforması da, bu təcrübələri beynəlxalq ictimaiyyətə tanıtmaq üçün önəmli fürsət olacaqdır.

Избранный
6
2
sherg.az

3Источники