RU

Nazirlikdən şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydaları şərh

Nazirlər Kabineti “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nı təsdiq edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni Qaydaya əsasən uçota alınmış şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılması məqsədilə ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri (belə şəxs olmadıqda qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs), yəni ailənin təmsilçisi uçota alınmış şəxs vəfat etdiyi gündən etibarən üç ay müddətində uçota alınmanı həyata keçirən orqana (uçota alınmış şəxsin Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanına) və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə ərizə ilə müraciət edir.

Bu zaman aşağıdakı sənədlər təqdim edilir:
 həmin şəxsin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti,
 ailəni təmsil etməsi barədə ərizə (yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və ya “ASAN xidmət” Mərkəzinin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışına əsasən notarial qaydada təsdiq edilir)
 uçota alınmış şəxsin ölümü haqqında şəhadətnamənin surəti,
 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, sonradan şəhid statusu verilməsi haqqında arayış

Həmin sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda onlar tələb edilmir, mümkün olmadıqda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir.

Uçota alınmanı həyata keçirən orqan və ya vahid əlaqələndirmə mərkəzi tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq təmsilçinin uçota alınmış şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə (səbəbləri göstərilməklə) qərar qəbul edilir.

Qərar qəbul edildiyi gündən 3 iş günündən gec olmayaraq surəti təmsilçiyə şəxsən verilir və ya poçt vasitəsilə göndərilir, yaxud təmsilçiyə göndərilməsi üçün qeyd edilən vahid əlaqələndirmə mərkəzinə təqdim olunur.

Избранный
3
9
xezerxeber.az

10Источники