RU

BHİK Baş katibinin müavini Erik Manzi “Buzovna” Fizioterapiya Mərkəzində olub

COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "Buzovna" Fizioterapiya Mərkəzində olub.

Mərkəzə baxış zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qonağa məlumat verib ki, burada 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də mərkəzdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. İkimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicə olunanların istifadəsindədir. Həmçinin mərkəzin ərazisində geniş yaşıllaşdırma işləri aparılıb, gül-çiçək, dekorativ kol və ağaclar əkilib.

BHİK rəsmisi yaşayış otaqlarına, müalicə və müayinə kabinetlərinə baxıb, yaradılmış şəraitlə tanış olub. Həkimlərlə söhbət edən qonağa mərkəzin iş prinsipi, göstərilən xidmətlər, prosedur qaydaları, qidalanma haqqında məlumat verilib.

Həmçinin bildirilib ki, COP29 tədbirlərinə qatılan xarici qonaqların yerləşdikləri məkanların arasında "Buzovna" Fizioterapiya Mərkəzi də var. Qonaqların burada qalmaları və istirahəti üçün bütün zəruri tədbirlər görülüb, eyni zamanda "AHİK könüllüləri" proqramının iştirakçıları onların rahat işləməsi üçün hər cür dəstəyi verirlər.

Erik Manziyə "AHİK könüllüləri" proqramı haqqında da məlumat verilib. Bildirilib ki, AHİK-in yeni layihəsi olan könüllük proqramı həmkarlar ittifaqlarının fəaliyyətinin təbliği, nüfuzunun artırılması və sıralarının genişlənməsi məqsədi daşıyır. Könüllülərlə söhbətləşən BHİK rəsmisinin diqqətinə çatdırılıb ki, onlar AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələridir. Bu layihə onların bilik və bacarıqlarının artırılması, istedadlarını nümayiş etdirmələri, təcrübə qazanmaları və sosiallaşmaları üçün olduqca mühüm fürsətdir. Həm də onlar COP29 tədbirinin keçirilməsinə, iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək vermək üçün buradadırlar və bu nəcib missiyadan qürur duyurlar.

Erik Manzi Bakı şəhəri və iştirakçısı olduğu COP29 haqqında təəssüratlarını bölüşüb, tədbirin yüksək səviyyədə təşkil olunmasından, insanların qonaqpərvərliyindən razılığını ifadə edib.

Qeyd edək ki, BHİK Baş katibinin müavini Erik Manzi Konfederasiya sədri Sahib Məmmədovla birgə Bakının tarixi məkanlarında da olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
17
olaylar.az

10Источники