RU

COP29-da plastik tullantıların effektiv idarə edilməsi müzakirə olunub

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək" adlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə COP29-un Mavi zonasında, Azərbaycan pavilyonunda baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Qazaxstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev plastik tullantılar sahəsində ölkələrinin keçirdiyi islahatlar barədə çıxış ediblər.

Rauf Hacıyev qeyd edib ki, plastik tullantılar qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biridir: “Plastik istehsalı və tullantıların yandırılması prosesi atmosferə böyük miqdarda istixana qazlarının buraxılmasına gətirib çıxarır. Bu da qlobal istiləşməni sürətləndirir və iqlim dəyişikliyinin mənfi təsirlərini artırır.”

Nazir müavini qeyd edib ki, son dövrlərdə ölkəmizdə bərk məişət tullantılarının idarə olunması istiqamətində mühüm addımlar atılıb, dövlət proqramları qəbul edilib, qanunvericilik bazası təkmilləşdirilib və müasir infrastruktur yaradılıb: “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019-2020-ci illər üçün Tədbirlər Planı” uğurla icra edilib.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların idarə olunması sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu sahədə müasir təcrübələrin ölkəmizdə tətbiqi ilə bağlı fəaliyyətlər mütəmadi icra olunub.”

Tədbir panel müzakirələri ilə davam edib. Sanniya Durrani-Camal, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə direktoru, Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının (ISWA) Prezidenti Ceyms Lou və “Coca-Cola” Azərbaycanın Rana Məmmədova panel müzakirəsində çıxışlar edib.

Aysel Naibova

Избранный
17
apa.az

1Источники