RU

Rusiya ekoloji təmiz iqtisadiyyata keçidlə bağlı inkişaf etməkdə olan ölkələrə texnologiyalarının ötürülməsinə hazırdır 

Ekoloji məsələlər dünyanın bütün ölkələri üçün getdikcə daha da aktuallaşır və ərazisinə görə ən böyük ölkələrdən biri olan Rusiya iqlimin qorunması uğrunda qlobal mübarizədə aparıcı rol oynayır...

Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində “Report” agentliyinə müsahibəsində Rusiya Federasiyasının təbii sərvətlər və ekologiya nazirinin müavini Maksim Korolkov ölkəsi qarşısında duran ekoloji çağırışların necə həll edildiyi, istixana qazı emissiyalarının azaldılması üçün görülən tədbirlər və Rusiyanın beynəlxalq iqlim əməkdaşlığındakı rolundan bəhs edib.

- Maksim Vladimiroviç, bu gün Rusiyanın qarşısında hansı ekoloji çağırışlar durur və ölkə onları necə həll edir?

- 2019-cu ildən bəri Rusiyada əsas ekoloji problemlərin həllinə yönəlmiş "Ekologiya" milli layihəsi həyata keçirilir. Bunlara atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, su ehtiyatlarının qorunması, kommunal tullantıların idarə edilməsi, çirkab su axınının azaldılması, biomüxtəlifliyin və meşələrin qorunması daxildir. Hər istiqamət üzrə öz hədəf göstəriciləri olan ayrı-ayrı federal layihələr hazırlanıb.

Əsas vəzifə insan və təbiət arasında balansa nail olmaqdır. Meşə ehtiyatlarından istifadədə 100 %-lik kompensasiyaya nail olmaq vacibdir: kəsilən ağacların sayı qədər ağac əkilməli, təbiət resursların istifadə olunduğu həcmdə bərpa edilməlidir. Bu tədbirlər artıq öz effektivliyini göstərib. Bu gün Rusiya Prezidenti 2030 və 2036-cı illər üçün qarşıya yeni hədəflər qoyub. Bu hədəflərə çatmaq üçün bütün lazımi alətlərə, təcrübəyə, səriştə və müasir texnologiyalara malikik.

- İstixana qazı emissiyalarının azaldılması üçün hansı tədbirlər görülür və nə kimi nəticələr əldə edilib?

- İşin vacib istiqaməti sənaye və energetika sahələrinin ekologiyalaşdırılmasıdır. Bu işi "Təmiz hava" federal layihəsi çərçivəsində daha çox çirklənmiş şəhərlərdə həyata keçiririk. Həmçinin meşələrin bərpasına böyük diqqət yetirilir, istixana qazlarının milli kadastrı aparılır ki, bu da udulma və emissiya həcmlərini dəqiq hesablamağa imkan verir. Biz artıq əhəmiyyətli nəticələr verən yeni hesablama texnologiyalarından istifadə edirik: əvvəllər nəzərə alınmayan emissiya mənbələri və həyata keçirilən tədbirlərin təsiri qeydə alınır. Bu istiqamətdə fəaliyyətimiz COP29 konfransı ərəfəsində təqdim edilib.

- Rusiya iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlıqda hansı rolu oynayır? İnkişaf etmiş ölkələrin bu sahədəki təşəbbüslərini necə qiymətləndirirsiniz?

- Rusiya xüsusilə əbədi donma və Arktika zonası kimi amillərin təsiri baxımından iqlimin qorunmasına böyük diqqət yetirir. Bu ərazilər qlobal temperatur dəyişiklikləri ilə birbaşa əlaqəlidir. Biz Arktika və bütövlükdə planetin iqliminə necə təsir etdiyimizi başa düşmək üçün monitorinq sistemlərini inkişaf etdiririk.

Rusiya beynəlxalq əməkdaşlığa açıqdır və öz məlumat və texnologiyalarını tərəfdaşları ilə bölüşür. Biz inkişaf etməkdə olan ölkələrin ekoloji cəhətdən dayanıqlı iqtisadi modellərə keçidini sürətləndirmək üçün müasir texnologiyaların onlara ötürülməsinin vacibliyini dəstəkləyirik.

- COP29-dan hansı gözləntilər var və bu konfransda gündəliyiniz nədən ibarətdir?

- Bizim üçün Rusiyanın emissiyaların azaldılması, su ehtiyatlarının qorunması və ərzaq təhlükəsizliyi sahəsindəki nailiyyətlərini təqdim etmək vacibdir. Bundan əlavə, biz digər ölkələrin cavab reaksiyasına və iqlimin qorunmasında birgə səyləri gücləndirməyə ümid edirik.

- Konfransın təşkili səviyyəsini necə qiymətləndirirsiniz?

- Tədbirin təşkili heyranedicidir: aydın qarşılıqlı əlaqə sistemi qurulub, hər bir iştirakçı onu maraqlandıran mövzuları və milli stendləri tapa bilər. Açıq dialoqa imkan verən səmimi və dostluq mühiti yaradılıb.

Poliqon.info

Избранный
28
poliqon.info

1Источники