RU

Azyaşlı balerinalara tamah salan ağsaqqal: Stalinin “keçi” adlandırdığı Kalinin arı terapiyası

2014-cü ilin statistikasına görə Rusiya Federasiyası ərazisində Mixail Kalininin adını daşıyan 3358 meydan, prospekt, küçə və müxtəlif obyektlər qeydə alınıb. Yəqin ki, çox böyük görünən bu göstərici Kalininin SSRİ dövründə tutduğu vəzifə ranqı ilə əsaslandırılıb.

Mixail Kalinin 1919-cu ildən ömrünün sonuna, 1946-cı ilə qədər faktiki olaraq dövlət başçısı, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri (ayrı-ayrı dövrlərdə bu vəzifə fərqli adlarda olub) vəzifəsini daşıyıb. Amma bu yalnız Kalininin siyasi səhnədəki fəaliyyətdir. Səhnə arxasında isə onun daha “böyük” fəaliyyəti olub.

Maraqlıdır, 27 il ölkənin ən yüksək vəzifələrindən birində çalışan, İosif Stalinin “ehtiraslı keçi” adlandırdığı, xalq arasında “ümumittifaq baba” adını qazanan Kalininin adı nəyə görə bu qədər əbədiləşdirilərək az qala əfsanəyə çevrilib?

Mixail Kalinin 1875-ci ildə Tverdə kəndli ailəsində anadan olub. İlk təhsilini evdə alıb, daha sonra dördillik məktəbdə oxuyub. 17 yaşında Sankt-Peterburqda hərbi zavodda fəhlə, daha sonra çilingər kimi əmək fəaliyyətinə başlayıb. Mixail Kalinin gənc yaşlarından inqilabi hərəkatın fəal üzvlərindən birinə çevrilib, təbliğat və təşviqat işində fərqlənib. Elə bu hərəkatda olarkən Kalinin nə az, nə çox, düz 14 dəfə həbs olunub.

Mixail Kalinin Stalinlə 1901-ci ildə Tiflisdə tanış olub. 1905-ci ildə isə Leninlə ilk dəfə görüşüb.

Lenin Kalininin inqilabi hərəkatdakı fəaliyyətini yüksək dəyərləndirib. Proletarların rəhbəri ona etibar edib, Petroqradda bəzi gizli yığıncaqları məhz Kalininin yaşadığı mənzildə keçirib.

Stalinin hakimiyyəti illərində Kalininin uzun illər ən yüksək vəzifədə qalmasını nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, o, Stalin üçün də “sərfəli” kadr sayılıb.

Onun heç vaxt siyasi təşəbbüskarlığı olmayıb, müzakirəyə çıxarılan məsələlərdə o, yalnız Stalinin fikirlərini dəstəkləyib.

Ümumiyyətlə, Kalinin tutduğu vəzifəyə baxmayaraq, heç vaxt ciddi siyasi fiqur kimi qəbul olunmayıb. O, daha çox Stalinin əl buyruqçusu kimi tanınıb.

Repressiya illərində ali qanunverici orqanın rəhbəri kimi repressiyalarla bağlı bütün sənədlərə Kalinin imza atsa da, Xruşovun hakimiyyəti illərində 1937-1938-ci repressiya illəri müzakirə olunanda, tənqid ediləndə Kalinin adı çox da hallanmayıb. Çünki mövcud Xruşov hakimiyyətinin üzvləri də yaxşı biliblər ki, Mixail Kalinin Kremldə heç vaxt söz sahibi olmayıb, ona müstəqil qərar çıxarmaq imkanı verilməyib.

Mixail Kalinin Kremlin siyasi səhnəsindən daha çox Böyük Teatrın səhnəsində ad qazanıb. O, dövlət tədbirləri zamanı keçiriləcək konsert proqramlarına əvvəlcədən nəzarət edib, proqramla tanış olub, hətta məşqlərdə iştirak edib. Məqsəd heç də Stalinə nümayiş olunacaq konsertin daha maraqlı və xoşagələn olmasını təmin etmək olmayıb.

Kalinin sadəcə özünü gənc aktrisaların və 16-17 yaşlı balerinaların arasında çox “xoşbəxt” hiss edib.

Məşqlər zamanı o, minnətdarlıq əvəzi olaraq gənc xanımların əllərindən, bir çox hallarda isə balerinaların çılpaq çiyinlərindən öpüb. Hər dəfə məşqlərə gələndə onlara kiçik hədiyyələr, şokolad, alt geyimləri, kiçik yumşaq oyuncaqlar gətirib, onların problemləri ilə maraqlanıb və dərhal yerinə yetirib.

Sonra isə onları bir-bir bağ evinə, bəzən isə kabinetinə dəvət edib. Balerinaların çoxu bir öpüşə, bir sığala bir çox problemlərini həll ediblər. Kalinin daha çox balerinalar lütlənib kabinetindəki tünd yaşıl üzlü iş masasının üzərinə çıxaraq rəqs edəndə xoşhallanıb. Amma bu rəqslər heç də həmişə xoş notlarla bitməyib.

16 yaşlı balerina Bella Uvarova Kalininin kabinetinə dəvət olunanda o, qoca bolşevikin lüt rəqs etmək təklifini rədd edib.

Uvarova Kalininin bu rəqsin sonundakı məqsədini yaxşı anlayıb və onun caynağından çətinliklə qurtula bilib.

Elə həmin günün axşamı 16 yaşlı balerinanın meyidi Moskva ətrafında tapılıb. Meyit elə bir tanınmaz halda olub ki, hətta valideynləri qızlarını tanımaqda çətinlik çəkiblər.

Hadisə ilə bağlı çinayət işi açılıb. O da məlum olub ki, Bella Uvarova qətlə yetirldiyi gün Kalininin kabinetində olub. Amma cəmisi iki gündən sonra, istintaq işi başa çatmamış balerinanın valideynləri xarici kəşfiyyatın agentləri kimi “xalq düşməni” elan edilərək güllələniblər və bununla da iş bağlanıb.

Kalininin səsli-küylü “intim-şou”ları bununla bitməyib.

Onun növbəti hədəfində bağ qonşuluğunda yaşayan marşal Yeqorovun həddi-bülluğa çatmayan yaxın qohumu olub. Kalinin elə öz bağında, bütün ailə üzvləri evdə olarkən marşalın qohumunu zorlayıb. Bu hadisə Stalinə də məruzə edilib.

Stalin bu dəfə də “ehtiraslı keçi”ni əfv etsə də, onun həyat yoldaşını, Yekaterina İvanovnanı həbs etdirərək 15 illik sürgünə göndərib. Cəzanın tətbiqi belə əsaslandırılıb ki, Kalininin həyat yoldaşı azyaşlı qızın zorlanmasında həyat yoldaşına şərait yaradır.

Amma rəsmi sənədlərdə cəzanın səbəbi Kalininin həyat yoldaşının əksinqilabçı olması göstərilib.

Bu hadisələrdən sonra Böyük Teatrın aktrisaları və balerinalar Kalinindən uzaq gəzməyə çalışıblar.

Digər bir tərəfdən Kalininin fiziki imkanları da onu ürəyindən keçənlərərdən yavaş-yavaş məhrum etməyə başlayıb. Kalinini fiziki zəifliyi çox məyus edib və bu haqda o, ciddi düşünməyə başlayıb.

Kalinin xalq təbabəti ilə məşğul olan köhnə tanışını yanına dəvət edib. Cinsi zəifliyi ilə bağlı problemlərini ona danışıb. Loğman köməyini əsrgəməyib.

O, Kalininə məsləhət görüb ki, həftədə bir dəfə 5-10 dəqiqə ağzı açıq olan arı qutularının üstündə oturmalıdır. Belə ki, arıların insanının arxa hissəsini çalması cinsi gücü artırır.

Təbii ki, Kalinin loğmanın bu “resept”indən razı qalıb. Köhnə gücə malik olmaq üçün hər şeyə hazır olan Kalinin bağına iki-üç arı qutusu gətizdirib və şalvarını aşağı çəkərək açıq qutuunu üzərində oturub.

Bu onun birinci və sonuncu “tibbi proseduru” olub. Bir neçə gün stulda otura bilməyən Kalininin ağrıları Kremlə qədər gedib çatıb. Stalin bu hadisəyə bir az əsəbi, bir az da istehzalı reaksiya verib:

- Ehtiraslı keçi qocaldıqca ağlını itirir, bu haqda düşünmək lazımdır...

Amma düşünməyə ehtiyac qalmayıb. 1945-ci ilin əvvəllərində Kalininin səhhətində ciddi problemlər yaranıb, o, bağırsağından əməliyyat olunub. Ancaq əməliyyat müsbət nəticə verməyib. Xərçəng xəstəliyi Mixail Kalinini əldən salıb, o, iş qabiliyyətini də itirib.

Kalinin yataqda olarkən Stalinə məktub ünvanlayıb. Ağır günlərində həyat yoldaşının yanında olmasını arzulayaraq onun sürgündən azad edilməsini və öz istefasını xahiş edib.

Stalin məktuba cavab verməyib.

9 may 1945-ci ildə Kalininin həyat yoldaşı özü Stalinə məktub yazıb və əfv olunmasını xahiş edib.

Stalinin göstərişi ilə Yekatrina İvanovna azadlığa buraxılaraq Moskvaya qayıdıb. 19 mart 1946-cı ildə isə Mixail Kalinin vəzifəsindən azad edilib.

Üç aydan sonra, 1946-cı ilin iyun ayında Mixail Kalinin 70 yaşında vəfat edib. O, Kreml divarlarının qarşısında dəfn olunub, qəbirüstü büstü qoyulub.

Bax, elə təəcüblüsü də budur, ideallaşdırılmış sovet cəmiyyətinə, kommunist əxlaqına zidd hərəkətlər edən bir şəxsin Qırmızı meydanda büstünün qoyulması, minlərlə prospektə, küçəyə, şəhərlərə (o cümlədən qədim Könqisberq şəhərinə) adının verilməsi. Yəqin ki, elə sovet idelogiyasının çürük çıxmasının da səbəbi də belə-belə işlər imiş

Aron Hanukaev

visiontv.az



Избранный
46
visiontv.az

1Источники