İnkişaf etməkdə olan əksər kiçik ada dövlətlərinin geoməkan məlumatlarına çıxışı yoxdur.
"Far.Az" xəbər verir ki, bunu Millətlər Birliyi Təşkilatının ("Commonwealth of Nations") baş katibi Patrisia Canet Skotland COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə COP29 çərçivəsində keçirilən “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda panel sessiyasında bildirib.
"İqlim dəyişikliyi ilə mübarizədə xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə kömək etmək üçün birlikdə çalışmalıyıq. Bu istiqamətdə ən son sənəd Millətlər Birliyi Təşkilatının Katibliyi ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") arasında imzalanıb. Bu da bizə təkcə "Azərkosmos"un deyil, digər kosmik agentliklərin də geoməkan məlumatlarından istifadə etməyə imkan verir. Bu bilik mübadiləsi həllərin tapılmasına kömək edir, çünki əksər kiçik ada dövlətlərinin geoməkan məlumatlarına çıxışı yoxdur. Hətta bu məlumatlara çıxışları olduğu halda belə, çox vaxt onlara kömək edəcək yerli mütəxəssisləri olmur", - o vurğulayıb.
P. Skotlandın sözlərinə görə, Millətlər Birliyi Təşkilatına üzv olan 25 ada dövlətindən azı 23-ü təbiət əsaslı dəniz səddinə ehtiyac duyur: "İndi bizdə geoməkan məlumatları və süni intellekt simulyatoru var. Üstəlik, müəyyən maliyyələşmə ilə bağlı COP29-un lazımi resursları təmin edəcəyinə ümid edirik".