RU

Volter: “İngilislər çox gülməli xalqdır”

21 noyabr dahi Volterin doğum gündür.

Kulis.az onun “İngilis milləti haqqında məktublar” və yaxud “Fəlsəfi məktublar”ından "Birinci məktub"u təqdim edir.

Məhşur fransız yazıçısı və filosofu Fransua Mari Arue Volter 3 il ərzində Britaniyada mühacirət həyatı yaşamış və burada İngiltərə və ingilislər haqda xatirələrini məktublar şəklində qeydə almışdır.

Volterin fəlsəfi düşüncələrdən ibarət olan bu məktublar toplusu “İngilis milləti haqqında məktublar” adı altında 1733-cü ildə İngiltərədə çap olunur (Fransada isə “Fəlsəfi məktublar” adıyla tanınan bu əsər 1734-cü işıq üzü görür). Aşağıda fransızcadan çevrilmiş bu yazı Volterin İngiltərə və London haqda yazdığı ilk xatirəsi və “İngilis milləti haqqında məktublar” əsərinin birinci məktubudur.


Birinci məktub

İngiltərə haqqında

Dünən təsadüfən müəllifi hansısa Dennis (1) olan birinin çox əhəmiyyətsiz bir kitabı düşdü əlimə. Belə başa düşdüm ki, ingilislərin arasında da axmaq yazıçı az deyil. Bu müəllif Fransada cəmi iki həftə ərzində səfərdə olduğu halda, belə bir az vaxtda tanıdığı bir millətin xüsusiyyətləri haqda moizələr sürmək iddiasına düşübdür.

Deyir, gəlin sizə fransızların həqiqi və təbii üzünü göstərim. "Əvvəla onu deyim ki, mənim onlara hədsiz nifrətim var. Düzünü desəm, onlar məni çox yaxşı və mədəni şəkildə qarşıladılar. Amma bütün bunlar sadəcə yekəxanalığın əlamətidır! Elə bilməyin ki, bizi belə yaxşı qarşılamaları onların bizə xoş gəlmə niyyətlərindən xəbər verir. Əsla yox! Onlar bunu özlərinə xoş gəlmələri üçün edirlər. Çox gülməli bir xalqdır!"

Amma elə bilməyin ki, bütün ingilislər bu cənab Dennis kimi düşünür. Elə mən özüm də ingilis milləti haqda danışarkən, siz istəsəniz belə, onu yamsılamaq fikrindən qətiyyən uzaq olacam.

Yaxşısı budur sizinlə arasında yaşadığım bu xalq haqda ümumi fikirlərimlə bölüşüm. Əlbəttə, bu ümumi fikirlər arasında çoxlu istisnalar da ola bilər. Yəni, adi bir səyahətçi əlbəttə ki, yaşadığı ölkəni elə də yaxşı tanıya bilməz. O yalnız binanın üz tərəfini görür, içərisində olan əksər şeylər isə ona yaddır. Yüksək mədəniyyət və təhsil görmüş hansısa bir səfirin göndərildiyi ölkəni lazımınca tanıdığını və sizə bu ölkə barəsində başqasından daha çox məlumat verə biləcəyi haqda da əbəs yerə düşünüb, heç özünüzü yormayın.

Bu keyfiyyəti bəlkə də Parisdə daimi səfərdə olan xarici nazirlərə şamil etmək olar. Çünki onlar hamısı yaşadıqları ölkənin dilini bilirlər. Özünü yüngül göstərən bir millətin arasında işləyirlər. Onların xoşuna gəlməyə can atan bütün istədikləri kübar cəmiyyətlərin təşkil etdikləri qəbullarda iştirak edirlər. Bizim kitabları oxuyur, tamaşalarımıza baxırlar.

Fransanın İngiltərədəki səfiri isə tam başqa bir hadisədir. Bu adam ingilis dilində adi bir söz belə bilmir. O boyda millətin yalnız dörddə bir hissəsi ilə danışa bilir, özü də tərcüməçinin köməyi ilə. Bu dildə çap edilmiş kitablardan ümumiyyətlə xəbəri yoxdu. O, bu xalqın həqiqi adət-ənənələrinin əks olunduğu tamaşalara baxa bilmir. Çox azsaylı kübar məclislərdə qəbul olunur və burada da qurduğu təmaslar fransızsayağı danışıq tərzindən tam fərqli bir şəkildə keçirilir.

Belə məclislərə təkcə oynamaq və susmaq üçün yığışırlar. İngilis milləti demək olar həmişə iki siyasi partiyaya bölündüyündən, səfir, əlavə şübhələr yaratmasın deyə, hökumətə müxalif olan partiyanın üzvləri ilə münasibət qurmaqdan çəkinir. O, təkcə malı və müştərilərindən başqa heç nəyi tanımayan bir tacir kimi demək olar yalnız nazirlərlə görüşə bilir.

Fərqli bir peşəyə mənsub olsa da, uğur qazanmaq istəyən tacir alverdə yenə də hardasa vicdanla hərəkət etməyə məcburdur. Zati-alilərin təlimatlarında isə belə hərəkət ümumiyyətlə tövsiyə olunmur. Çox vaxt elə olur ki, səfirin vəzifəsi eynən poçtalyon gördüyü işə bənzəyir. Onun vasitəsiylə siyasi yalan və oyunlar bir saraydan o birinə ötürülür. O, bir neçə il ərzində çıxış etdiyi tədbirlərdə kralı adından cürbəcür yalanlar danışır və daha sonra qətiyyən tanımadığı bir ölkəni birdəfəlik tərk edərək, çıxıb gedir.

Görünən odur ki, ingilis dilində danışmağı öyrənmək üçün kifayət qədər əyləncəli həyat tərzi keçirən və əzmkarlıq nümayiş etdirən birindən siz daha aydın məlumatlar ala biləcəksiz. O kəsdən ki, həm viqlər, həm də torilərlə sərbəst şəkildə ünsiyyət qurar, yepiskopla qəlyanaltı, kvakerlə isə şam edər, hər şənbə günü sinaqoqa, bazar günləri isə müqəddəs Pavel kilsəsinə gedər, səhərlər kilsədə vəz dinləyə, axşamlar isə şam yeməyindən sonra komediyaya tamaşa edər, bir gün sarayda, o biri gün birjada vaxt keçirər və üstəlik, ingilis xanımlarıyla ünsiyyət qurarkən belə, onların söhbətlərinin əvvəlində istifadə etdikləri soyuqluq və buzlu təkəbbür onu əsla qorxutmaz, bəzilərilə lazımı nəticə də əldə etməyə qadir olar. Sizə yuxarıda təsvir etdiyim belə bir şəxsin özü də müşahidələrində yanılmaya bilməz və sizə yalan fikirlər söyləyə bilər, xüsusən də, adətən hamımız kimi, gördüklərini ilk baxışdan mühakimə edərsə.

Londona gəldiyimdə bahar fəslinin sonları idi (1726-cı ilin may ayı). Göy üzü buludsuz idi, eynən Fransanın cənubunda gördüyümüz ön gözəl günlərdəki kimi. Həzin qərb küləyi havanı sərinləşdirirdi və belə sərinlik təbiəti daha da sakitləşdirir, adamın ruhunu sevinclə doldururdu: insan bədəni mexaniki cihaz olduğu üçün ruhlarımız da öz növbəsində bədən üzvlərimizin hərəkətindən asılıdır! Temza çayının sahilində yerləşən Qrinviç sarayının yanında dayandım.

Heç vaxt hüdudundan çıxıb daşmayan və sahilləri il boyu yaşıllıqla örtülmüş bu gözəl çayın hər iki sahili altı millik bir ərazidə tacir gəmilərilə doluydu. Qızıl bir qayıqda çay üzərində gəzintiyə çıxmış kral və kraliçanın şərəfinə sahildə dayanmış bütün bu gəmilər yelkənlərini açmışdılar. İçərisi musiqiçilərlə dolu olan bir neçə gəmi kral ailəsini müşayiət edirdi, onların arxasınca isə avarçəkənlərdən ibarət təqribən minə qədər balaca qayıq gedirdi. Hər qayıqda iki avarçəkən oturmuşdu, hamısı da eynən bizim keçmişdəki pajlar (kralın yanında gənc oğlan qulluqçular) kimi qısa dəst paltar, üstündən isə çiynində iri gümüş düyməylə bağlanmış kamzol geyinmişdilər. Bu dənizçilərin hər birinin üzündən, geyimindən və gümrahlığından onların azad olduğu və bolluq içində yaşadıqları dərhal bəlli olurdu.

Çayın qırağında, təxminən dörd mil əraziyə genişlənən çəmənliyin üstündə at çapan çoxlu boy-buxunlu gənc gördüm. Onlar cıdır meydanında hər mildən bir basdırılmış ağ dirəklərin ətrafında fırlanırdılar. Aralarında ora-bura at çapan və at üstündə ecazkar görünən qadınlar da var idi. Xüsusilə incə hind parçasından don geyinmiş piyada gəzişən gənc xanımlar cəlbedici görünürdülər. Onların arasında xüsusi gözəllikləriylə fərqlənənlər olsa da, hamısının qaməti tam yerindəydi. Onlardakı paklıq, təravət və həyat eşqi onları daha da gözəl edirdi.

Uzunluğu beş yüz fut olan başqa bir kiçik meydan böyük cıdır meydanının içində yerləşdirilmişdi və qırağı məhəccərlə bərkidilmişdi. Mən bunun nə üçün belə olduğunu soruşdum. Aldığım məlumatdan belə agah oldum ki, böyük meydan at yarışları, balaca meydan isə qaçış yarışları üçün imiş. Böyük meydanın dirəklərindən birinin yanında bir atlı durmuşdu, əlində də üstü örtülmüş küpə bənzər böyük bir gümüş qab tutmuşdu.

Kiçik meydanı bağlayan məhəccərdə iki hündür dirək bastırılmışdı. Birinin üstündə asılmış şlyapa görünürdü, digərinin üstündə isə qadın paltarı yellənirdi. Bu iki dirəyin arasında əlində pul kisəsi tutmuş kök bir kişi dayanmışdı. Böyük gümüşü küp at yarışlarının qalibi üçün nəzərdə tutulmuş mükafat idi, pul kisəsi isə qaçış yarışlarının qalibinə ayrılmışdı. Amma mənə gənc qızların da yarışda iştirak edəcəklərini deyəndə, bu xəbər məndə xoş təəccüb hissi yaratdı. Demə bu pul kisəsindən başqa, dirək üstündə yellənən paltar da ləyaqət nişanəsi olaraq, qalib gələn xanıma çatacaqmış. Digər dirəyin üzərində asılmış şlyapa isə kişilər arasında ən yaxşı qaçanı üçün layiq görüləcəkmiş.

Bu izdihamın içində mənə bir neçə treyderlə görüşmək də qismət oldu və onlara özüm haqda tövsiyə məktublarını təqdim etdim. Bu cənablar mənə qarşı xüsusi bir səmimiyyət və ehtiram göstərərək, məni elə toy-bayramla, canfəşanlıqla və sevinclə qarşıladılar ki, bu sevinci mənimlə də bölüşmək istəkləri aydın hiss olunurdu. Onlar mənim üçün bir at gətizdirdilər. Daha sonra sərin içkilər və məzələr sifariş etdilər. Xüsusi bir qayğıyla səhnədə mənə elə bir yer seçdilər ki, çay qırağındakı tamaşa da daxil olmaqla, bütün yarışmaları aydın görə, hətta bu məsafədən bütün Londona açılan mənzərəni də seyr edə bilirdim.

Bir anlığa özümü Olimpiya oyunlarında hiss etdim. Amma Temzanın gözəlliyini, çay üzərindəki saysız-hesabsz gəmiləri, London şəhərinin əzəmətini gördükdə, cəsarət edib Elladanı İngiltərəylə müqayisə etməyimə görə bir qədər sonra möhkəm xəcalət çəkmişdim. Sonra öyrəndim ki, Londonda eyni vaxtda qladiatorlar yarışı da keçirilirmiş və bunu eşidərək, xəyallarım məni dərhal qədim Romalıların yanında apardı.

Danimarkadan bu səhər mənə məktub gətirmiş və xoşbəxtlikdən həmin axşamı geriyə dönmüş çapar da yarışlar zamanı yanımdaydı. Çox sevincli və heyrətli görünürdü. Yazıq elə bilirdi ki, bütün millət hər zaman belə şən, qadınlar hamısı belə gözəl və canlı, İngiltərənin səması isə həmişə belə təmiz və sakitdir. Xalqın yalnız əylənməklə məşğul olduğuna, bütün günlərin də onun gördüyü bugünkü kimi keçdiyinə əmin idi və beləcə, gözləri açılmadan, bu fikirlərlə də qayıdıb getdi.

Mənə gəlincə, əslində mən Danimarkalı dostumdan daha heyrətliydim. Həmən günün axşamı saray əhlinin bir neçə xanımına təqdim edildim. Onlara ancaq səhər baxdığım tamaşa haqda danışırdım. Onların tamaşaya baxdıqlarına, ecazkarcasına at çapan xanımlar arasında olduqlarına düzü şübhə etmirdim. Amma onların üzündə gününü xoş və əyləncəli keçirmiş xanımlardakı canlılıq, həyatsevərlik ifadələrini görmədikdə, buna çox təəccüblənmişdim.

Onlar özündənrazı və çox soyuq görünürdülər. Sakitcə çaylarını içirdilər, yalnız əllərindəki yelpiklərin çıxartdığı səs eşidilirdi. Bir söz deməyi belə çox görürdülər, danışanda da yaxındakının qeybətini etmək üçün hamısı birdən ağzını açırdı. Bəziləri kadril rəqsini oynayırdi, digərləri isə qəzet oxuyurdu. Nəhayət, başqalarından daha səxavətli olan bir xanım mənə yaxınlaşaraq, kübar əhlinin məni belə heyrətə gətirmiş xalq yığıncaqlarına gedəcək qədər özünü alçaltmadığını mənə izah etməyə çalışdı.

Xanımın dediyinə görə, incə hind parçasından geyinmiş bütün bu gözəl xanımlar ya qulluqçu, ya da kəndçi qızlarmış. Meydanda at üstündə dövrə vuran bütün bu parıltılı, boy-buxunlu gənclər də ya məktəbli, ya da kirayə at götürmüş və at çapmağı öyrənən şagirdlərmiş.

Ani olaraq, bütün bunları mənə danışan xanıma qarşı özümdə güclü bir qəzəb hiss keçirtdim. Çalışdım ki, sadəcə deyilənlərə inanmayım və içimdəki kinə baxmayaraq, şəhərə dönməyə, mənə xəyallarımdakı olimpiya oyunlarına səyahətimdə səmimi şəkildə ehtiram göstərmiş tacir və ağsaqqalların yanına getməyə qərar verdim.

Ertəsi günü, bu cənabların çoxunu səliqəsiz mebelli, xidməti yaxşı olmayan, qaranlıq və çirkli bir qəhvəxanada tapdım. Ondan öncəki gün olduqca üzügülər, kefləri yerində olan dostlarımın heç biri məni tanımadı. Onlardan bir neçəsiylə söhbət etməyə cəhd etdim, amma bəzi nadir hallarda quru və canqurtaran "bəli" və "yox"dan başqa heç bir cavab ala bilmədim.

Özlüyümdə fikirləşdim ki, əcəba öncəki gün bunların hamısının xətrinə dəymiş olmayım ki. Bunlarla etdiyim söhbətləri bir də nəzərdən keçirdim və çalışdım yadıma salım ki, bəlkə söhbətlərimdə bunların xətrinə dəyəcək bir qəbahət işlətmişəm; bəlkə Lion parçalarını ingilislərinkindən üstün tutmuşam; bəlkə fransız aşpazlarının ingilis aşpazlarını geridə qoyduğunu, Parisin Londondan daha gözəl olduğunu, Versal sarayında günlərin Sent-Ceymsdəkindən daha şən və maraqlı keçdiyini və ya buna bənzər başqa cəfəngiyatlar demişəm. Sonda, heç bir günah işlətmədiyimə əmin olduqda, özümdə cəsarət tapıb onlardan birinə xüsusi bir canfəşanlıqla yaxınlaşdım, hərçənd bu hərəkətim də onları çox təəccübləndirmişdi, və nədən hamısının belə qəmgin olduqlarını soruşdum. Mənə cavab verən birisi qaşqabaqlı tərzdə sadəcə şərq küləyinin əsdiyini dedi.

Az keçmiş, onların yoldaşlarından biri də gəldi və üzündəki laqeydliklə bunu dedi: "Bu səhər Molli boğazını kəsib, məşuqu onu ölmüş vəziyyətdə tapıb". Mollinin dostları olmuş bu cənablar onun ölüm xəbərini çox sakit tərzdə qarşıladılar. Onlardan biri sadəcə Mollinin məşuqunun başına nə gəldiyini soruşdu. “O da yəqin gedib özünə üzqırxan ülgüc alıb” - oturanlardan biri soyuqqanlılıqla dedi. Mənə gəldikdə, belə bir qəribə ölümdən və bu cənabların biganəliyindən qorxuya düşdüyümdən, ilk baxışdan belə xoşbəxt görünən bu cür gənc qızın öz həyatına qəddarcasına son qoymağına görəsən nə vadar etdiyi haqda soruşmağı özümə borc bildim.

Mənə yenə sadə bir cavab verildi ki, bəs şərq küləyi əsirdi. Axı bu şərq küləyinin bu cənabların pərişanlığına və Mollinin ölümünə nə aidiyyatı ola bilər di ki? Bunu heç cürə başa düşə bilmirdim. Dərhal qəhvəxanadan çıxdım və fransızların artıq deyiminə çevrilmiş "saraylarda həmişə şənlik olur" məhşur deyimiylə köklənərək, yollandım saraya.

Burada da saray xidmətindəki gənc qızlara qədər hər şey darıxdırıcı və qəmgin görünürdü. Hamı melanxolik tərzdə bir ağızdan şərq küləyi haqda danışırdı. Belə olan halda, kefimi qaldırmaq üçün öncəki gün görüşdüyüm danimarkalı dostumu xatırladım. Onun İngiltərədən apardığı yanlış fikirlərini yadıma salıb, gülməyə cəhd etdim.

Amma deyilən iqlim mənə də artıq öz təsirini göstərməyə başlamışdı; gülə bilməməyimə əmməli mat-məəttəl qalmışdım. Təəccübümü sarayın tanınmış bir həkiminə danışdım, o da təəccübümün əsassız olduğunu, mart və noyabr aylarında tam başqa hadisələrin şahidi olacağımı və bu zaman onlarla insanın özlərini asacağını dedi.

Daha sonra həkim bu iki fəsildə demək olar hamının xəstə düşdüyünü, bütün xalqın üzərinə qara günlərin yayıldığını və bunu, məhz bu fəsillərdə tez-tez şərq küləyinin əsməsiylə izah etdi. "Bu külək adamızın məhv olması deməkdir. Hətta heyvanlar da bundan əziyyət çəkir və hamısı məzlum hala düşürlər. Daha güclü və sağlam olan insanlar belə, bu lənətə gəlmiş havada səhhətlərini qorusalar da, ən azından kefsiz və qəmgin olurlar.

Hər birinin üzündə aqressivlik sezilir, daxilən isə ümidsiz və biganə görünürlər. I Karlın başının kəsilməsi və II Jakın taxtından devrilməsi də elə sözün əsl mənasında şərq küləyinin əsdiyi vaxta təsadüf edib. Əgər haçansa məhkəmələrdən əfv diləmək istəyinə düşsəniz-əyilərək qulağıma yavaşca dedi-bunu yalnız küləyin Qərbdən və ya Cənubdan əsdiyi bir vaxtda edin".

Hansısa tərəfləri ingilislərin şüuruna təsir göstərmiş bu xoşagəlməz hadisələrlə yanaşı, digər ziddiyyətlər də iki siyasi partiyanın düşmənçiliyindən irəli gəlir; bu da yadellilərdə tam çaşqınlıq yaradır. Burda eşitdim ki, sözbəsöz deyirəm, guya ki, milord Malboro (2) dünyanın ən qorxaq adamı, cənab Aleksandr Pop isə sadəcə axmağın təki olub. Bura gələndə viqlərin əsl respublikaçı və kral ailəsinin qatı əleyhdarları, torilərin isə passiv itaət tərəfdarları olduqları düşüncəsiylə gəlmişdim. Amma gördüyüm o oldu ki, ingilis parlamentində viqlərin böyük bir hissəsi sadəcə Kral tərəfdarları, torilər isə onun əleyhdarlarıymışlar.

Bir gün, Temza çayı üzərində gəzişərkən, qayığımızdakı avarçılardan biri fransız olduğumu bilərək, həmən böyük bir fərəhlə ölkəsinin azadlığından ağız dolusu danışmağa başladı və Tanrıya and içərək, mənə Fransada arxiyepiskop olmaqdansa, Temza çayında qayıqçı işləməyi üstün tutduğunu söylədi.

Ertəsi günü, təsadüfən həmən bu adamı yanından keçdiyim həbsxanada da gördüm; onun ayaqları ağır zəncirlərlə qandallanmışdı, əllərini də həbsxana pəncərəsinin dəmir barmaqlıqları arasından yoldan keçənlərə uzadırdı.

Mən ondan Fransada hələ də arxiyepiskop olmaq istəməsi fikrini və bu şansının nə dərəcədə tükənib tükənmədiyini soruşdum. O, məni tanıdı: "Ah! Mösyö, bu nə qədər də iyrənc hökumətdir! Məni zorla götürdülər ki, Norveçə, kral gəmisində xidmət etməyə göndərsinlər; məni arvadımdan, uşaqlarımdan alaraq, gətirib həbsxanaya atdılar və gəminin yola düşməsinə kimi ayağıma qandal vurdular ki, burdan qaça bilməyim".

Bu adamın dərdi və bu cürə hayqırtılı ədalətsizlik mənə olduqca möhkəm təsir etmişdi. Mənim yanımda olan bir fransız mənə boyun aldı ki, bizə nökərçiliyimizi belə ucadan irad tutan ingilislərin də elə bizim kimi qul olmalarını görməsindən ayrıca zövq alırmış. Mən daha humanist hisslər keçirirdim, yer üzündə artıq heç bir azadlıqların qalmaması məni çox üzürdü.

Mən bu xüsusiyyətləri sizə kefsiz ruhla yazdığım bir vaxt, parlament qəbul etdiyi xüsusi bir qanununa əsasən, dənizçilərin zorla xidmətə cəlb edilməsinə dair bu sui-istifadəçi siyasətə son qoydu və mən də məktubumu oda atdım. Sizə nəql etdiyim bu ziddiyyətləri daha aydın anlamanız üçün onu da əlavə edim ki, mən İsa Məsihin möcüzələrinin reallığına qarşı qoyulmuş və kifayət qədər elmi və savadlı əsaslarla tərtib edilmiş dörd traktat gördüm. Və həmin vaxt bu elmi əsərlərin çap edilməsinə görə heç kimə heç bir cəza filan verilmədiyi bir halda, digər bədbəxt bir kitab satıcısı alt paltarlı rahibələr əsərini tərcümə etdiyi üçün utanc dirəyinə bağlanmaqla cəzalandırılmışdı.

Bu səfərki olimpiya oyunlarımı Nyumarket şəhərində görəcəyimə söz verdilər. Mənə dedilər ki, bütün Britaniyanın zadəganları ildə iki dəfə burada yığışırlar; hətta kralın özünün də bir neçə dəfə ailəsiylə təşrif buyurduğunu deyirdilər. Burada bütün saray əhlinin gözləri qarşısında ucu bucağı görünməyən yaşıl çəmənli cıdır düzündə sanki uçaraq qaçan, ipək parçalarla bəzədilmiş, ərəb ayğırları və ingilis madyanlarından əmələ gəlmiş nəhəng sayda Avropanın ən sürətli və gözəl atlarını görə bilərdiniz.

Bu gözəl tamaşanı seyr etməyə üz tutdum və burada bir-birinə qarşı pul qoyub mərc edən peşəkar at dəllallarını da gördüm. Onlar bu işlərinə daha çox təntənəli bir obraz versələr də, burada əzəmətlikdən daha çox hədsiz şəkildə baş alıb gedən dələduzluq aydın görünürdü.

Gəlin bəlkə xırda məsələlərdən böyük söhbətlərə keçim? Sizdən soruşmaq istərdim, necə düşünürsüz, I Karlın Şotlandiyada sadəcə katolik kahinlərin xüsusi ağ libas geyinmələrini tətbiq etməsi qərarında olduğuna və yaxud, hakimlərin də onun xeyrinə çıxardıqları qərarla xərac tələb etdiyinə görə onun başını kəsmiş bir xalq haqda bizim bu qədər birmənalı təsəvvür yaratmağımız çox bəsit olmazdımı?

Hərçənd ki, həmin xalq Kromvelin parlament üzvlərini, lordları, yepiskopları təqib etməsini, bütün qayda və qanunları necə dağıtmasını da görüb, amma o zaman heç cıqqırığını da çıxartmamışdı.

Bilin və agah olun ki, II Jak sadəcə hansısa bir zır katolika (3) kollecdə vəzifə verilməsinə qarşı çıxmadığı və buna bitərəf olduğu üçün taxtından devrilmişdi. Amma sizə xatırladım ki, yarı katolik, yarı protestant olmuş, lakin utanmaz bir qancıqla (4) evlənmək eşqinə düşdüyündən bu qaniçən VIII Henrix bütünlüklə ölkənin dinini dəyişdirdi.

Ancaq elə oldu ki, sonralar bu arvadın özünü də eşafota göndərib öldürtdürdü. Daha sonra o, Lüterə qarşı və papanın xeyrinə bir kitab yazdı və sonradan İngiltərədə özünü papa elan edərək, onun hökmranlığını qəbul etməyənlərin hamısını tutub asdırdı, transsubstansiyaya (5) inanmayanları isə oda atıb yandırtdırdı. Və bütün bunlar çox şən və cəzasız şəkildə baş verirdi.

Tüğyan edən vətəndaş müharibələri boyunca baş qaldırmış ruh çoşqunluğu və xurafata qarşı qəzəb bütün milləti ayağa qaldırmışdı. II Karlın krallığı zaman isə geridə qalmış təlatümlü vaxtlar yüngül və mülayim tərzdə Allaha, dinə küfr etmə dövrüylə əvəz edilmişdi.

Budur, hər şey bax beləcə dəyişir və adamda bütün bunların bir-birinə zidd olduğu təsəvvürü yaranır. Əslində isə, bir vaxtlar doğru olmuş bir şey, digər vaxt yanlış kimi qəbul olunur. İspanların bir kişi haqda danışarkən işlətdikləri belə bir deyimləri var: "Dünən o çox qoçaq idi". Bax, elə millətləri də bu cürə qiymətləndirmək lazımdır, xüsusilə də ingilisləri. Daha düzgün belə demək olardı: "Bu il, bu ay onlar bu cür idilər".

1 – Britaniya klassisizmin müəlliflərindən olmuş, məşhur ingilis şairi Aleksandr Popun "Dunsiada" satirik poemasında ələ salınmış və fransızlara hədsiz nifrətiylə tanınmış şair Jan Dennis

2 – Con Çerçil, I Malboro hersoqu (1650-1722), hərbiçi və siyasi xadim olmuş və İngiltərənin ən məhşur sərkərdəsi ranqına ucalmışdır.

3 – Burada söhbət İngiltərə Kralı II Jakın ən yaxın ruhanisi və məslətçisi olmuş Yezuit Peters atadan gedir.

4 – Anna Boleyn (1500-1536) İngiltərə kralı VIII Henrixin arvadı və I Yelizavetanın anası.

5 - Bir substansiyanın digərinə keçməsi. Katolik xristian təriqətinə əsasən Yevxaristiyada (Rəbbin süfrəsi) çörəklə qırmızı şərəbın İsa Məsihin bədəninə və qanına çevrilməsi kimi başa düşülür.

Tərcümə: Fuad Qulubəyli

Избранный
27
kulis.az

1Источники