RU

Azərbaycanda yerli istehsal avtobusları ilə bağlı mübahisə gedir- tələbat var?

Image

Ərşad Hüseynov: “Azərbaycanda çox ciddi avtobus çatışmazlığı var”

Ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək. Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad olunacaq. Qeyd edilib ki, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması Azərbaycanın dayanıqlı inkişafının hədəflərindəndir. Bu məqsədlə ölkəmizin avtobus parkının yenilənməsi istiqamətində işlər görülür.

Maraqlıdır, yerli istehsal avtobusların Azərbaycanda istifadə dairəsi qənaətbəxş sayıla bilərmi? Məlumdur ki, zamanla bu  avtobusların keyfiyyətsiz olduğu deyilir. Bu iddia nə dərəcədə doğrudur? 

“Türkiyə, Çin, Belarus, Macaristan və digər ölkələrlə danışıq aparıb, onların istehsal etdiyi detallar bizdə yığıla bilər, beləliklə…”

Nəqliyyat eksperti Ərşad Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanda çox ciddi avtobus çatışmazlığı var: “COP29 tədbiri zamanı nəqliyyat vasitələrinə ciddi nəzarət edilir. Dayanıqlı, yaşıl nəqliyyat, əhalinin mobilliyinin təmin olunması təbiidir. Ətraf mühitə zərər vuran amillərdən biri də nəqliyyatdır. Ictimai nəqliyyat nə qədər zəifdirsə ətraf mühitə o qədər çox zərər vurur. Ziyanı azaltmaq üçün mükəmməl ictimai nəqliyyat olmalıdır. Mükəmməl ictimai nəqliyyat olarsa insanlar fərdi nəqliyyat vasitələrindən az istifadə edər, az yanacaq sərf edər. Onu da deyim ki, müzakirələr əsasən Bakı ilə bağlı aparılır. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan tək Bakıdan ibarət deyil. Elə rayon mərkəzləri var ki, orda ictimai nəqliyyat hələ də yoxdur. Gəncə, Lənkəran, Şirvan kimi şəhərlərdə 80-90-cı illərə aid köhnə, sınıq avtobuslardan istifadə edilir. Bu avtobuslar da yenilənməlidir”.

Həmsöhbətimiz bildirdi ki, Azərbaycan istehsalı olan avtomobil və ya avtobus modeli yoxdur. Azərbaycana avtomobil və avtobus  detalları gətirilib, burda yığılır: “Yaxşı olar ki, ölkəmizdə məşhur markaların avtobusları da yığılsın. Türkiyə, Çin, Belarus, Macaristan və digər ölkələrlə danışıq aparıb, onların istehsal etdiyi detallar bizdə yığıla bilər. Çox keyfiyyətli elektrobuslar yığıla bilər. Ölkə ərazisində istehsal olunan avtobusların ƏDV-dən azad edilməsi ilə bu proses daha ucuz başa gələcək”.

Günel CƏLİLOVA 





Избранный
2
baki-xeber.com

1Источники