RU

Səhiyyə naziri “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi”nin təqdimatında çıxış edib

Bakı, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasında BMT-nin HİV/QİÇS üzrə Proqramının (UNAIDS) "İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi"nin təqdimatı keçirilib. Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDS tərəfindən təşkil olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, QİÇS və Pandemiya üzrə UNAİDS-in xüsusi müşaviri Mbulava Muqabe, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti Katibi Etel Masiel və digər rəsmilər çıxış ediblər.

Öz çıxışında Azərbaycanın səhiyyə naziri qeyd edib ki, İnsanın İmmunçatışmazlığı Virusu (İİV) qlobal səhiyyənin əsas problemlərindən biri olaraq qalır:

"Hər il dünyada bir milyondan çox insan İİV-ə yoluxur, 600 mindən çox insan isə İİV-lə bağlı xəstəliklərdən vəfat edir".

Teymur Musayev Azərbaycanın İİV-ə qarşı mübarizədə mühüm addımlar atdığını və yüksək nailiyyətlər əldə etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkəmizdə İİV-ə yoluxan şəxslər antiretrovirus preparatları ilə dövlət tərəfindən təmin olunurlar:

"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Fond kimi beynəlxalq təşkilatlarla möhkəm tərəfdaşlıq qurub. 2023-cü ilin sonunadək Azərbaycan İİV-lə yaşayan insanlar üçün "89-80-93" səviyyəsində müayinə və müalicə xidmətlərinin göstərilməsi üzrə Qlobal Məqsədlərə nail olmaqda nəzərəçarpacaq irəliləyiş əldə edib. Bu da, bölgə üzrə ən yaxşı göstəricilərdən biridir".

İqlim dəyişikliyinin COP29-da əsas müzakirə mövzusu olduğunu və Konfrans zamanı çıxışçılar tərəfindən iqlim dəyişikliyinin təsirlərinin qeyri-mütənasib şəkildə paylandığının dəfələrlə vurğulandığını xatırladan nazir qeyd edib ki, ən çox təsirlənən ölkələr qlobal problemin həllinə çox vaxt minimal töhfə verirlər:

"Hava ilə bağlı fəlakətlər, dəniz səviyyəsinin qalxması, yağıntıların və orta temperaturun dəyişməsi əhalinin miqrasiyası, xəstəliklərin yayılması, təmiz su qıtlığı, ərzaq təhlükəsizliyi və səhiyyə infrastrukturunun zədələnməsinə gətirib çıxarır".

Diqqətə çatdırılıb ki, sübuta əsaslanan araşdırmalar belə vəziyyətdə insanların psixi sağlamlıq problemlərinin gərginləşməsini, zorakılığın və uşaq nikahların artırdığını, eyni zamanda narkomaniyanı təşviq etdiyini təsdiqləyir:

"Tibbi xidmətlərin göstərilməsində fasilələr İİV-in müalicəsi, profilaktikası və psixi sağlamlıq xidmətlərinə çıxışı daha da məhdudlaşdırır. Bu da nəticədə xüsusilə həssas qruplar arasında xəstələnmə və ölüm hallarının artmasına gətirib çıxarır. Kompleks təsirlər HİV nisbətlərini artırır və epidemiyaya qarşı onilliklər ərzində əldə edilən irəliləyişə təsir edir."

"Bakıda keçirilən COP29-da beynəlxalq ictimaiyyət iqlim dəyişikliyinin qlobal təsirlərini həll etmək üçün bir araya gəlib. Mövcüd problemlər arasında sağlamlığa təsir ən əhəmiyyətlidir. İqlim dəyişikliyinin sağlamlığa təsirlərinin azaldılması kifayət qədər uzun və mürəkkəb prosesdir. Ancaq biz nə qədər tez zəruri addımlar atsaq, bir o qədər tez uğur qazanacağıq. İqlim dəyişikliklərinə davamlı səhiyyə sistemlərinin qurulması və səhiyyə işçi qüvvəsinin təlimi HİV epidemiyasına son qoyulması da daxil olmaqla, Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çox vacibdir. Yalnız beynəlxalq həmrəylik, resursların ədalətli bölüşdürülməsi, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsi yolu ilə biz iqlim dəyişikliklərinə davamlı cəmiyyət yarada bilərik ki, orada sağlamlıq problemləri həll edilir və əhalinin sağlamlığının qorunması təmin olunur", - deyə Azərbaycan Respublikasının səhiyyə naziri fikrini tamamlayıb.

Tədbir panel müzakirələrlə davam edib.

Избранный
11
2
turkic.world

4Источники