RU

Türkiyənin ilk kvant kompüterinin təqdimatı keçirildi

Türkiyə texnologiya sahəsində mühüm addım ataraq ilk kvant kompüteri olan "QuanT"ın təqdimatını həyata keçirdi.

Valyuta.az "Trİnvesting"ə istinadən xəbər verir ki, TOBB ETÜ Texnologiya Mərkəzində təşkil edilən mərasimdə Türkiyənin prezident yardımçısı Cevdet Yılmaz, TOBB sədri və TOBB ETÜ Mütevelli Heyətinin rəhbəri Rifat Hisarcıklıoğlu, Prezident Administrasiyası Müdafiə Sənayesi Başqanı Prof. Dr. Haluk Görgün və TOBB ETÜ rektoru Prof. Dr. Yusuf Sarınay iştirak ediblər. "QuanT"ın istifadəyə verilməsi Türkiyənin texnologiya vizyonunu irəli aparan əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

⇒ Hisarcıklıoğlu: "QuanT" texnoloji inkişafın simvoludur

Rifat Hisarcıklıoğlu mərasimdəki çıxışında TOBB ETÜ Texnologiya Mərkəzinin dünyada yeganə belə mərkəz olduğunu vurğulayaraq, burada tədqiqatçıların yetişdirildiyini və texnologiyanın məhsula çevrildiyini qeyd etdi. O, "QuanT"ın təkcə bir kvant kompüteri olmadığını, həm də Türkiyənin texnoloji dəyişimindəmühüm bir mərhələ olduğunu bildirdi. Bu uğurun yalnız TOBB və TOBB ETÜ-nün deyil, ümumilikdə Türkiyənin bir nailiyyəti olduğunu vurğuladı.

⇒ Kvant texnologiyasının gücü

Türkiyənin kvant kompüter hazırlayan dünyadakı 15 ölkədən biri olması "QuanT"ın əhəmiyyətini daha da artırır. Hisarcıklıoğlu kvant kompüterlərinin ənənəvi kompüterlərdən çox daha güclü hesablama imkanlarına malik olduğunu, bu texnologiyanın kriptoqrafiya, süni intellekt, dərman hazırlanması, enerji optimizasiyası və iqlim modelləşdirilməsi kimi sahələrdə inqilabi həllər təqdim etdiyini vurğuladı. "QuanT"ın hesablama gücünün müdafiə sənayesindən maliyyə texnologiyasına qədər bir çox strateji sahədə Türkiyənin rəqabət gücünü artıracağı bildirilib.

"QuanT" və Türkiyənin kvant ekosistemi ölkənin texnologiyada müstəqilliyini gücləndirən bir qətiyyətin ifadəsi kimi qiymətləndirilir. Hisarcıklıoğlu qeyd edib ki, "QuanT" gənc tədqiqatçılar, sahibkarlar və akademiklər üçün ilham mənbəyi olmaqla yanaşı, Türkiyənin bu sahədə güclü oyunçu olduğunu dünyaya nümayiş etdirir. TOBB ETÜ-də yaradılan kvant ekosistemi yerli alqoritmlərin inkişafına da şərait yaradacaq.

⇒ Prezident yardımçısı Yılmazın açıqlamaları

Türkiyə prezidenti yardımçısı Cevdet Yılmaz, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə milli texnologiya hərəkatını dövlət siyasəti olaraq qəbul etdiklərini bildirdi. Türkiyənin texnologiya istehsal edən bir ölkə olmaq yolunda güclü iradə göstərdiyini vurğulayan Yılmaz, elm və texnologiya sahəsindəki irəliləyişlərin sosial və iqtisadi həyatın bütün sahələrinə təsir edəcəyini qeyd etdi.

Yılmaz, TOBB ETÜ Texnologiya Mərkəzində istifadəyə verilən 5 kubitlik kvant kompüteri "QuanT"ın Türkiyəni kvant kompüter texnologiyasına sahib azsaylı ölkələrdən birinə çevirdiyini bildirdi. O, "QuanT"ın kvant texnologiyası ekosisteminin inkişafına töhfə verəcəyini və bu sahəni daha da irəli aparacağını vurğuladı.

⇒ Kvant texnologiyasının gələcəyi və potensialı

Yılmaz, UNESCO tərəfindən elan edilən 2025-ci il Beynəlxalq Kvant Elm və Texnologiyası İlinə böyük inamla hazırlaşdıqlarını bildirdi. Bu dövrdə beynəlxalq əməkdaşlıq imkanlarının artacağını və Türkiyənin elmi liderliyinin güclənəcəyini qeyd etdi. O, kvant kompüterlərinin gənclərə yeni texnologiyaların öncülü olmaq üçün unikal imkanlar təqdim etdiyini vurğulayaraq, "QuanT"ın bu sahədə ilk addımı atmaq istəyənlər üçün əhəmiyyətli bir fürsət olduğunu ifadə etdi.

Kvant kompüterlərinin təkmilləşdirilməsinin davam edəcəyini bildirən Yılmaz, bu texnologiyanın molekulyar simulyasiyalardan süni intellektə qədər ənənəvi kompüterlərin həll edə bilmədiyi mürəkkəb problemləri həll etmək imkanına malik olduğunu vurğulayıb. Bu cihazların elm, sağlamlıq, maliyyə və təhlükəsizlik kimi kritik sahələrdə yeniliklər təqdim edərək Türkiyəyə qlobal rəqabətdə strateji üstünlük qazandıracağını vurğuladı.

"QuanT"ın təqdimat mərasimindən sonra prezident yardımçısı Cevdet Yılmaz, müdafiə sənayesi başqanı Haluk Görgün, TOBB sədri Rifat Hisarcıklıoğlu və nümayəndə heyəti Türkiyənin ilk kvant kompüteri olan "QuanT"ı yaxından incələyərək layihəni inkişaf etdirən akademiklərdən məlumat aldılar.

Rəhim

Избранный
33
valyuta.az

1Источники