RU

Vidadi Rzayev: “Məğlubiyyəti Santuşla yox, infrastrukturla əlaqələndirirəm”

C Liqasında sonuncu yeri tutan milli komanda İsveçə darmadağın olmaqla (0:6) Millətlər Liqasının D Liqasına yuvarlandı.

Azərbaycan millisinin sabiq futbolçularından olan Vidadi Rzayev “Futbolpress”ə açıqlamasında oyundan gözləntilərini və də bu məğlubiyyətin səbəbini şərh etdi:

“Həmişə legioner məşqçinin əleyhinə olmuşam. Demirəm ki, savadsızdır və ya pisdir. Sadəcə indiki duruma görə bizə yaramır. Müstəqillik dönəmindən bu yana ən acınacaqlı vəziyyətdə olan millimiz bu idi. Hələ belə nəticə olmamışdı. Oyundan gözləntilərimə gəlincə, əgər evdə Estoniyanı uda bilmədiksə, səfərdə İsveçi udmağımız sadəcə xəyal idi. Hamı da oyuna baxıb. Vallah İsveç istəsəydi lap 10-15 qol vurardı. İndiyə qədər millimizi belə aciz vəziyyətdə görməmişdim. D Liqasına da düşdük. Bu, artıq futbolun dibidir. Bunu da gördük”.

Vidadi bəy belə darmadağını ölkədəki futbol infrastrukruyla əlaqələndirdi:

“Bu məğlubiyyəti Fernando Santuşla yox, infrastrukturla əlaqələndirərəm. Klubların akademiyalarıyla maraqlanmaq lazımdır. Son dönəmlərdə akademiyalarımızda hansı futbolçular yetişib? Bir az loru dildə çıxır, amma uşaq futboluna ayrılan maliyyəni basıb-yeyirlər. Hansı kluba da bunu irad tutsan, deyir ki, pulu legionerə xərclədik. Xərcləyin, lap yaxşı edirsiz, amma uşaq futboluna da diqqət yetirin. İndi heç kim uşaq futbolunda işləmək istəmir. 15, 16, 17, 18, 19, 20 və 21, cəmi 7 yaş qrupu edir. Bunların da hamısı uduzur və daha önəmlisiysə, əsas milliyə də futbolçular buradan gəlir. Yeni AFFA rəhbərliyindən bu yana aşağı yaş qrupları üzrə millilərimizin 50-dən çox məğlubiyyəti var. Zarafat deyil bu. Elə ölkə futbolu deyən kimi deyirlər “Qarabağ”. “Qarabağ”da 9-10 legioner var. Problem məşqçi də deyil, bizim sistemimizdədir. Hələ AFFA-da işləyən Cahangir Həsənzadə də deyir ki, Azərbaycanda savadlı məşqçilər yoxdur. Əgər elədirsə, onda sənin yanında olan tanıdıqların AFFA-da nə gəzir? Deməli, onlar da savadsızdır”.

Millinin sabiq forvardı ölkı futbolunda ən yaralı yerin uşaq futbolu olduğunu bildirdi:

“Ümumiyyətlə, uşaq futbolunda maliyyə olmadığı üçün heç kim orada işləmək istəmir. Yeganə futbol sistemi bizdədir ki, fundamentsiz göydə bina tikirik. Aşağıda yetişməyəndən sonra əsas millidə kim oynayacaq? Son vaxtlar da “Qəbələ”nin akademiyasından bir sıra oyunçular çıxdı vəssəlam. Əgər ölkədə “Bakı” “Xəzər Lənkəran” kimi futbol klublarının bazası dağıldısa, mənim daha sözüm yoxdur. “Bakı”nın bazasını yerlə bir etdilər. Millimiz üçün ən gözəl baza idi. Elə Lənkəranın şəraitini götürək, təbii meydança, yaxşı stadion, amma ki, məhv etdilər. Millidə oynayan futbolçuların çoxusu elə “Bakı”nın akademiyasından çıxanlardır. Elə həmişə deyirlər ki, problem məşqçidədir, savadlı məşqçi gəlsin milliyə. Guya Santuşdan əvvəl gələn məşqçilər savadız idi? Hamısı təcrübəli çalışdırıcılar idi. Sadəcə əllərində futbolçu yox idi. Olanların da oyunu göz qabağındadır. Çalışırlar, amma əllərindən gələn bu qədərdir. Vallah yenə deyirəm ki, isveçlilər istəsəydi bizə daha çox qol vurardı. Çox rahat idilər. Doğrudur, Bakıda 1:3 hesabla məğlub olduğumuz oyunda yaxşı mübarizə aparmışdıq. İllərlə xarici məşqçiləri ölkəyə gətirməkdənsə, öz yerli məşqçilərimizi xaricə göndərmək daha yaxşıdır. Öz uşaqlarımız oynamağa meydança tapmır, bunlar Almaniyada məktəb açmışdılar. Hamısı da pul tələsi idi. O vaxtı Rusiya millisiylə 1:1 etmişdik. Bütün heyətə 200 min dollar mükafat verilmişdi. Hansı ki, Türkiyə millisi DÇ-2002-nin yarımfinalına çıxdığı üçün hərəyə 150 min dollar mükafat verilmişdi. Demirəm almasınlar, amma hər şeyin bir həddi var.

Vidadi bəy milli komandanın kapitanlıq sarğısıyla bağlı fikirlərini də bölüşdü:

“Santuş Bədavi Hüseynovu kapitan qoymadı, dedi ki, Azərbaycan dilində yaxşı bilmir. Ancaq 10 gün sonra yenidən sarğını ona verdi. Bu təhqirdir. Maşallah Əhmədovun yaxşı bir sözü var. O deyirdi ki, futbolun bir dili var – topla oynamaq”.

Təcrübəli mütəxəssis AFFA-nın fəaliyyətindən narazılğını da gizlətmədi:

“O vaxtı AFFA-ya şikayət etdim. Dedilər ki, biz klubların işinə qarışmırıq. Bəs, onda kimə şikayət edim? Klubu dağıdırlarsa, kimə deməliyəm? Vallah özüm özümdən nifrət edirəm artıq. Mən 52 yaşında gedirəm ki, məşqçiliyin A kateqoriyasını oxuyum. Amma kompüterin arxasında oturan, ayağına top dəyməyən, gəncin biri gəlir ki, mən də kateqoriyamı artırıram. Sonradan öyrənirəm ki, həmin gənc, AFFA-da işləyir”.

Избранный
32
futbolpress.az

1Источники