Tramp - sistem toqquşması başlayıb.
Musavat.com xəbər verir ki, politoloq Şahin Cəfərli prezident seçilmiş Donald Trampın Baş prokuror-ədliyyə naziri vəzifəsinə irəli sürdüyü və İlon Mask tərəfindən dəstəklənən namizəd Mett Getsin (Matt Gaetz) bu vəzifəni tutmaqdan imtina etməsini belə qiymətləndirib.
Onun sözlərinə görə, Mett Gets senatorlarla görüşdə vəzifəyə təsdiqlənmək üçün yetərli səs ala bilməyəcəyini anladıqdan sonra bu qərarı verib: “O, yetkinlik yaşına çatmayan qız uşağı ilə yaxınlıq etməkdə ittiham olunur və Konqresin aşağı palatasında barəsində təhqiqat aparılır.
Trampın mühüm postlara daha 2 skandal təqdimatı var: Pentaqon rəhbəri postuna Fox TV aparıcısı, xristian fundamentalisti Pit Heqset və Milli Kəşfiyyat direktorluğuna Rusiya, İran, Suriya rejimlərinə simpatiyasını gizlətməyən, Bəşər Əsədlə iki dəfə görüşmüş Tulsi Qabbard. Senatda respublikaçıların çoxluqda olmasına baxmayaraq, bu şəxslərin də təsdiqlənməsi asan görünmür. P.Heqset haqqında da seksual zorakılıq iddiaları var, hətta bu barədə polisin protokol tərtib etdiyi bildirilir. Digər tərəfdən, P.Heqset və xüsusilə T.Qabbardın sırf peşəkar baxımdan bu postlara uyğunluğu ilə bağlı da ciddi şübhələr mövcuddur.
Paradoksal situasiya yaranıb: siravi respublikaçılar arasında trampçılar, Konqresdə isə sistemə ("dərin dövlət" də demək olar) yaxın ənənəvi respublikaçılar çoxluqdadır. Bu iki güc toqquşur.
Trampın seçilməsindən sonra ilk toqquşma Senatda yaşandı və çoxluq liderinin (yəni Senatın fəaliyyətinə faktiki rəhbərlik edən şəxsin) seçimində trampçıların namizədi yox, "ixtiyarlar heyəti"nin adamı qalib gəldi. Baş prokurorluğa namizədin Senatdan keçməməsini ixtiyarların növbəti qələbəsi saymaq olar”.
Politoloqa görə, ABŞ sistemindəki "checks and balances" hələ ki işləyir: “Amma arxasında respublikaçı xalq kütlələri olduğu üçün Trampın kifayət qədər güclü olduğunu da qeyd etmək lazımdır”.
Musavat.com