RU

Abdul Fatavu mövsümü erkən başa vurdu

Futbol üzrə Qana yığma komandasının və İngiltərənin “Lester Siti” klubunun sağ vingeri Abdul Fatavu uzun müddətə sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiv Kuper bildirib.

Onun sözlərinə görə, 20 yaşlı futbolçu aldığı ciddi zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq. Fatavu Qana millisinin heyətində Anqolaya qarşı matçda çarpaz bağlarından zədə alıb. Əməliyyat olunan yarımmüdafiəçi mövsümü vaxtından əvvəl başa vurub. Kuper jurnalistlərə açıqlamasında onun zədəsinin komandanı çətin vəziyyətdə qoyduğunu söyləyib.

Xatırladaq ki, Abdul Fatavu futbola “Tamale Utrext” akademiyasında başlayıb, daha sonra “Steadfast”, “Drims” kimi klublarda forma geyinib. 2022-ci ildə Portuqaliyanın “Sportinq” (Lissabon) klubuna cəlb olunmuş gənc futbolçu “Lester Siti”yə 2023-cü ilin avqustunda icarə əsasında qoşulub. Bu ilin yayında isə İngiltərə klubu “Sportinq”ə 16,25 milyon avro ödəməklə Abdulun transfer hüquqlarını da alıb.

Fatavu bu mövsüm İngiltərə Premyer Liqasının geridə qalmış 11 turunun hamısında meydana çıxıb. O, bu görüşlərdə 2 assistlə yadda qalıb. Vinger “Lester Siti”nin heyətində bütövlükdə 56 oyuna çıxıb, 7 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

Qananın U-20 və U-23 yığmalarında da oynamış Fatavu 2021-ci ildən əsas millidə də çıxış edir. O, Qana yığmasının heyətində meydana çıxdığı 24 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 13 milyon avro məbləğində qiymətləndirir.

Избранный
21
arena.az

1Источники