RU

İqlim savaşında mədəni qalxan

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) mədəniyyət görüşləri və müzakirələri ilə də zəngindir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl sammitdə Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşü keçirilib. COP28, COP29 və COP30-un sədrliklərini müvafiq olaraq təmsil edən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın COP sədrlikləri üçlüyünün bir araya gəldikləri görüşdə kommunike qəbul olunub. Sənəddə Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupunun yaradılmasından ötən bir il ərzində mədəniyyət və iqlim əlaqəsində əldə olunan mühüm irəliləyiş qeyd edilib. İqlim dəyişikliyinin bütün formalarının mədəni irsə artan çoxşaxəli təsirini, eləcə də iqlim dəyişikliyinin müəyyən bölgələrə və həssas qruplara qeyri-mütənasib təsirindən narahatlıq ifadə olunub.

Kommunikedə 2022-ci il MONDIACULT Bəyannaməsi və 2024-cü il G20 Salvador da Bahia Bəyannaməsi kimi beynəlxalq normativ sənədlərdə təsbit olunmuş öhdəliklərin yerinə yetirilməsinə çalışaraq COP29-un Mədəniyyət Üçlüyü üzv dövlətlərinin bir sıra mühüm müddəalara sadiq qaldıqları vurğulanıb.

***

Sonrakı proqramda silsilə tədbirlərin keçirilməsi davam edib. “İqlim üçün mədəniyyət: Gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi” adlı panel sessiya maraqlı olub. Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi, ICESCO və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan sessiyada eyni adlı videoçarx göstəilib. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş direktoru Aruna Francesca Maria Gujral, İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, xanım Dana Firas və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov çıxış ediblər.

Natiqlər mədəniyyət layihələrindən, bu sahə təmsilçilərinin iqlim böhranına qarşı mübarizədə ruhlandırıcı rolundan danışıblar. Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) və Azərbaycanın yeni “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü kimi beynəlxalq platformaların bu cəhdlərdəki rolu diqqət mərkəzində olub.

***

İqlim çağırışları mədəniyyətin turizm sektorunun da inkişaf vacibliyini diktə edir. Çünki Dünya Səyahət və Turizm Şurasının ən son məlumatlarına görə, turizm
sektoru qlobal ÜDM-in 10 faizini yaradır və hər 10 nəfərdən biri bu sahədə işləyir. Bir çox ölkələr üçün turizm həyat mənbəyidir – əhalini gəlir, məşğulluq və xarici valyuta ilə təmin edir.

Bakı sammitində Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev deyib ki, turizm qlobal istixana qazı emissiyalarının əhəmiyyətli bir hissəsinə görə məsuliyyət daşımaqla yanaşı, iqlim dəyişikliyinin təsirlərinə qarşı da həssas sahədir. Ona görə də bu görüş turizmin qlobal iqlim gündəminə inteqrasiya edilməsi və onu Paris Sazişi və Dayanıqlı
İnkişaf Məqsədləri ilə uyğunlaşdırmaq üçün konkret addımdır. M.Babayev diqqətə çatdırıb ki, təqdim edilən “Turizmdə İqlim Fəaliyyətinin Gücləndirilməsi üzrə COP29 Bəyannaməsi” turizmin beynəlxalq iqlim strategiyalarına inteqrasiyasını tələb edir.

Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili isə deyib ki, əvvəlki konfranslardan fərqli olaraq, Bakıda ilk dəfə və geniş formatda turizm haqqında danışılması təqdirəlayiqdir: “Bu görüşün təşkili böyük və vacib bir ənənənin başlanğıcıdır, çünki turizm sülh də daxil olmaqla, bir çox dəyişikliyin böyük bir hissəsidir. İlk növbədə, sülhdən danışdıqda, turizm sülhü bərqərar etmək üçün ən güclü alətlərdən biridir. Sülh bu gün dünyada heç vaxt olmadığı qədər vacibdir. Biz iqlim dəyişikliyindən, ətraf mühit problemlərindən, qida israfından danışırıq. Bu yeni çağırışlar turizmə və onun effektivliyinə təsir edir”.

Görüşün 2-ci günü “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən çox ölkə və 8 qeyri-dövlət aktorunun qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər dövlətlərin də iştirakı üçün elan olunub. Natiqlər bu qənaətə gəliblər ki, birlikdə turizmin təkcə iqtisadi artım üçün deyil, həm də ətraf mühitin qorunması və qlobal həmrəylik üçün qüvvə olması təmin edilməlidir.

***

COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Dayanıqlı inkişaf üzrə tərəfdaşı “Azersun Holding”in dayanıqlı turizm mövzusunda birgə panel müzakirəsi
keçirilib. “Slou Fud” zəif effekt: Yerli aqroməhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi” adlı tədbirdə bir araya gələn ekspertlər, dayanıqlılıq tədqiqatçıları, iş dünyasının liderləri və turizm peşəkarları "slou fud" hərəkatı və dayanıqlı kənd təsərrüfatı prinsiplərinin aşağıtəsirli turizmin inkişafında necə rol oynayacağını müzakirə ediblər. Vurğulanıb ki, yerli kənd təsərrüfatı məhsullarına üstünlük verərək və dayanıqlı kənd təsərrüfatı təcrübələrini dəstəkləyərək, turizmin yaratdığı karbon emissiyalarını azaltmaq, səyahət təcrübəsini zənginləşdirmək və daha yaşıl, eyni zamanda, dayanıqlı bir gələcəyə töhfə vermək mümkündür.

***

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “UNICEF Azərbaycan” ilə birgə Dünya Uşaqlar Günü münasibətilə “Gələcəyə qulaq as” adlı sərgidə ekspozisiyanı süni intellekt vasitəsilə 20-dən çox ölkədən uşaqların iqlim fəaliyyətinə dair fikir və ideyaları bəzəyib. Naziri Fərid Qayıbov, UNICEF-in Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah və gənc iqlim elçiləri açılış mərasimində iştirak ediblər. Hər kəsin maraqla ziyarət etdiyi Gənclər Evi pavilyonunda uşaqların yaşıl dünya naminə həmrəyliyinə nail olunub.

Ə.ƏLİYEV
XQ

 

Избранный
42
xalqqazeti.az

1Источники