RU

İqlim fəaliyyəti üçün dialoq

Su yoxdursa, ərzaq təhlükəsizliyi də olmaz

COP29 çərçivəsində Amerika Əməkdaşlıq İnstitutunun təşkilatçılığı ilə “İqlim fəaliyyəti üçün dialoq: su yoxdursa, ərzaq təhlükəsizliyi də yoxdur” adlı panel müzakirələr keçirilib.

Müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov da iştirak edib. Nazirliyin məlumatına görə, suya əlçatanlıq, qida istehsalı və ərzaq təhlükəsizliyi, biomüxtəliflik, iqlim dəyişikliyinə davamlılıq və fəlakət riskinin azaldılması sahələrində kənd təsərrüfatı həllərindən bəhs olunan tədbirdə mərkəz rəhbəri ona ünvanlanan suallar əsasında Azərbaycanda suvarma suyunun idarə edilməsi sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, Azərbaycanda suya qənaət məqsədilə müasir suvarma sistemlərinin tətbiqinə mühüm dövlət dəstəyi verilir, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin təkmilləşdirilməsi və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Ölkəmizdə sututarların, suvarma kanallarının dövlətin maliyyəsi hesabına qurulduğunu, köhnəlmiş sistemlərin dövlət büdcəsi hesabına təmir olunduğunu diqqətə çatdıran R. Hüseynov bildirib ki, son illər iqlim dəyişiklikləri ilə əlaqədar olaraq suya artan tələbatın təmin olunması üçün yeni sututarlar yaradılır, suya qənaət edilməsi üçün onun örtülü kanallar və borular vasitəsilə çatdırılması istiqamətində işlər görülür.

Mərkəzin direktoru, həmçinin deyib ki, kənd təsərrüfatında suya qənaət edən müasir suvarma sistemlərindən istifadə dövlət tərəfindən təşviq edilir, bu sistemlərin qurulmasına dövlət dəstəyi göstərilir. Onun sözlərinə görə, Azərbaycanda fermerlər müasir suvarma sistemlərini qurmaq üçün ümumi məbləğin yalnız 20 faizini avans şəklində ödəyir, 40 faizini dövlət qarşılayır, qalan məbləğin isə 5 il müddətində ödənilməsi üçün faizsiz kreditlər verilir. Bununla yanaşı, müasir suvarma sistemlərindən istifadə etməklə məhsul istehsal edən fermerlərə subsidiyalar ayrılır.

Tədbirdə su çatışmazlığı problemləri, kənd təsərrüfatında su idarəçiliyinin səmərəliliyinin artırılması və s. məsələlərlə bağlı maraqlı çıxışlar edilib, müzakirələr aparılıb.

XQ

Избранный
4
4
xalqqazeti.az

6Источники