Azərbaycanda onu dost-tanışlarından və qohumlarından başqa, geniş bir çevrədə tanıyan yoxdur. Amma qosqoca Türkiyəni əl cərrahı kimi Amerikada təmsil edib. Qardaş ölkədən belə bir yüksək status almasını eşidən kimi, onunla maraqlandıq. Rüstəm Cəlilov Egey bölgəsinin ən müasir şəfa ocaqlarından olan yeni tipli İzmir şəhər xəstəxanasında çalışan soydaşımızdır.
Rüstəm 1986-cı ildə Goranboy rayonunda anadan olub. Tibb Universitetinin məzunudur, 2009-cu ildə pediatriya fakültəsini bitirib. Sonrakı həyat yolu isə qardaş Türkiyə ilə bağlı olub. İstanbul Bakırköy dövlət xəstəxanası, Ankara Hacəttəpə Universitet xəstəxanası, Balıkəsir "Sevgi" özəl xəstəxanası, İstanbul Mətin Sabancı araştırma xəstəxanası, İzmir Katip Çələbi Universitet xəstəxanası və nəhayət, İzmir şəhər xəstəxanası onun təkcə əmək kitabçasına yox, həm də taleyinə yazılanlardır. Buraya London Thomas xəstəxanası və Əl cərrahiyyəsi klinikasını, daha sonra Amerikanın Ohayo Vanderbilt, Loyola, Çikaqo, Duke universiteti xəstəxanaları əlavə olunub.
Bu məşhur mərkəzləri bir məslək birləşdirir: əl, qol və üst ətrafları ilə bağlı müxtəlif xəstəliklərin, travmaların və qüsurların müalicəsində yüksək keyfiyyətli xidmətlər təklif etmək. Məqsədləri də xəstələrə mümkün olan ən yaxşı tibbi yardım göstərmək və bərpa prosesində onlara dəstək olmaqdır. Rüstəm həkim məkan və ünvanlarını dəyişsə də, ən yüksək tibbi yardım göstərmək əzmini heç vaxt dəyişməyib.
Rüstəm söhbət zamanı özünün Amerika təcrübəsindən və orada gördüklərindən danışdı:
– İlk diqqətimi cəlb edən əməliyyatxana və poliklinikanın texniki baxımdan yüksək səviyyədə təchiz olunması oldu. Türkiyədə gündəlik əməliyyatxana şəraitində həyata keçirdiyimiz bəzi prosedurlar burada poliklinik müdaxilə otağında icra edilə bilər. Klinikaların idarəçiləri həkimlərin səmərəli işləməsi və xəstəxananın iqtisadi gəlirini artırmaq üçün hər cür fikrə açıqdır. Həkimlər qrupu sənaye ilə sıx əməkdaşlıq edir.
– Amerikada təçürbədə olmağınız sizə nə verdi?
– Türkiyə əl cərrahiyyəsinin tarixini, məni yetişdirən müəllimlərimi və çalışdığım xəstəxananı tanıtmaq fürsəti əldə etdim. Bir əl cərrahının həyata keçirə biləcəyi əməliyyat növlərini təqdim etdim, aldığım müsbət rəylər məni çox ümidləndirdi və hesab etdim ki, bu qürur səhiyyəmizin uğurudur. Ən önəmlisi, çalışdığım sahənin çox dəyərli mütəxəssisləri ilə tanışlıq və müzakirə imkanı əldə etdim, ziyarət etdiyim mərkəzlərlə ikitərəfli əlaqələr qurdum.
– Bundan əvvəl də Londonda Thomas xəstəxanasında olmusunuz...
– Bundan əvvəl 3 ay Londonda “Hand Surgery clinic” (Əl Cərrahiyyyəsi klinikası) və Thomas xəstəxanasında elmi ezamiyyətdə oldum. Londonun Thomas xəstəxanasının, təxminən, 1000 yaşı var. Dünyadakı bir çox ölkə və millətlərdən daha qədim, daha təcrübəli və daha müdrik bir məkandır. Bu xəstəxanada onilliklərlə toplanmış təcrübədən faydalandım, həm də dünyanın çox nadir yerlərində icra edilən müasir əməliyyatlarda iştirak etmək fürsətim oldu. Bunu fərdi olaraq qazanmaq mümkün deyil və dəyəri ölçülə bilməz. Bir çərrahın illərlə qazana biləcəklərini az bir zamanda qazana bildim.
– Çalışdığınız sahənin incəlikləri haqqında nə deyərdiniz?
– Yaxşı bir deyim var: yeniliklər ehtiyacdan doğar. Əl cərrahiyyəsinin yaranma tarixi 1-ci və 2-ci dünya müharibələri dövrünə gedib çıxır. Yaralanmış yuxarı ətrafların müalicəsi üçün sınmış sümüklər travmatoloqa, yaralanmış damarlar damar cərrahına, zədələnmiş sinirlər neyrocərraha və açıq yaralar, kəsilmiş vətərlər plastik cərrahlara ehtiyac yaradırdı. Fərqli sahələrin müxtəlif qaydaları olduğundan əməliyyat zamanı çətinliklər yaranırdı. Buna görə də həm nəzəri biliklərə, həm də bu cərrahiyyə əməliyyatları icra edə biləcək ümumi bir sahəyə ehtiyac duyulurdu, bu da əl cərrahiyyəsinin yaranmasını labüd etdi. Bu sahə hazırda özünün yeni inkişaf mərhələsini yaşayır.
– Öyrəndik ki, elmi iş üzərində də işləyirsiniz...
– Hacəttəpə Universitetinin professoru Xəlil Gökhan Dəmirkıranın rəhbərliyi ilə skolyoz xəstəliklərinin yaranma səbəblərini öyrənirəm. Bu, omba və bel əyrilikləri ilə özünü göstərən və hər yaşda müşahidə edilə bilən bir xəstəlikdir. Erkən yaşlarda başlamağı daha ciddi fəsadlara yol aça bilir. Ona görə də erkən müalicə və müdaxilə çox önəmlidir. Müalicə metodunun effektivliyi, xəstənin yaşına, skolyozun dərəcəsinə və uzunmüddətli nəticələrə təsiri tədqiqatın mövzusudur.
– Bu sahəyə gəlmək istəyənlərə nələri tövsiyə edərdiniz?
– Əl cərrahiyyəsi əlavə ixtisaslaşma ilə mümkündür. Əsas olaraq yuxarı ətrafların anadangəlmə anomaliyalarının, xoş və bədxassəli törəmələrin müalicəsində, sinir patologiyalarında, yaş və peşə ilə bağlı patologiyalarda və xəsarətlər zamanı əsas rol oynayır. Hazırda bu ixtisasa yiyələnmək üçün 1-2 il müddətində ixtisaslaşma keçmək tələb olunur. Bu müddət ərzində yerinə yetirməli normativlər var. Bu proqramda plastik cərrahların travmatoloq kimi, travmatoloqların isə plastik cərrah kimi düşünmə bacarıqları öyrədilir. Bu, hər bir əl cərrahının keçəcəyi yoldur.
– Azərbaycanda bu sahədə hansı işlər görmək istərdiniz?
– Bu illər ərzində peşəmlə əlaqədar olaraq kifayət qədər təcrübə toplamaqla yanaşı, Türkiyə, İngiltərə və Amerikada şəxsi münasibətlər qurmağı bacardım. Bunun Azərbaycanın gələcəyi üçün də çox faydalı olacağına inanıram. Burada bu sahədə aparılan işlərdə yaxından iştirak etmək əsas məqsədlərimdəndir. Türk dünyası ilə əməkdaşlığı inkişaf etdirmək də mütləq lazımdır. Bu, bizi daha güclü bir mövqeyə gətirəcək.
Söhbəti apardı:
Namiq QƏDIMOĞLU
XQ