RU

Vətəndaş rifahının təminatı istiqamətində növbəti addım

Yeni sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək

Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi əsas prioritetlərdən biridir. Ölkəmiz vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərə yol açan səmərəli sosial siyasətə malik dövlət kimi qəbul edilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial siyasət 20 ildən çoxdur ki, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, bütün sahələrdə davamlı tərəqqi prosesləri gedir. Təsadüfi deyil ki, Prezidentin Fərman və sərəncamları ilə 2018-2023-cü illərdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunmuşdur.

Ölkə başçısı tərəfindən növbəti ildə böyük sosial islahat paketinin həyata keçiriləcəyi elan olunub. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib. O, qeyd edib ki, minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda, sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. "Bu sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək",- nazir bildirib. Sahil Babayev vurğulayıb ki, ölkəmizdə yaşayan bütün insanların rifahı siyasətin ana xəttini təşkil edir.  Bu baxımdan 2025-ci il büdcəsi məhz sosial çağırışlara cavab vermək üçün hazırlanıb. Dövlət büdcəsində gələn il sosial xərclərə 16,9 milyard manat vəsait ayrılıb. Sosial müdafiə və sosial təminat xərcləri cari illə müqayisədə 10 faiz artıq olacaq. Xərclərin 96 faizi əhaliyə ödənişlərin payına düşür. 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləği 531 manat çatması proqnozlaşdırılır. 2019-cu ildə əmək pensiyalarının orta məbləği cəmi 264 manat idi. Yaşa görə əmək pensiyalarında rəqəm daha yüksəkdir, burada rəqəm 569 manat olacaq. 2019-cu ildə bu 292 manat idi. Bütün artımlar əhəmiyyətli artımlardır.

Ümumilikdə, son 20 il müddətində dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş vermişdir. Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatmışdır. Sosial müdafiə sisteminin mühüm komponenti olan pensiya təminatı yoxsulluğun azaldılmasında əhəmiyyətli rola malikdir. 2006-cı ilin əvvəlindən Azərbaycanda qabaqcıl dünya təcrübəsinə uyğun müasir sığorta-pensiya modelinə keçidin təmin edilməsi pensiya təminatında müsbət trendləri şərtləndirmişdir. Məlumdur ki, müasir mərhələdə iqtisadi sahəyə kapital yatırılmasa davamlı sosial-iqtisadi tərəqqi mümkün deyildir. Meydana sürətlə yeni kəşflər çıxır, yüksək texnoloji tətbiqlər özünü göstərir ki, bu da bütövlükdə iqtisadiyyatın dəyişmə dinamikasını yeniləşdirir. Bundan başqa, postsovet məkanında baş verən ziddiyyətli geosiyasi, geoiqtisadi və hərbi proseslər sərmayə qoyuluşunda müəyyən risklər yaradır. Bu baxımdan Azərbaycan "sabitlik adası"nı xatırladır. Azərbaycanın milli iqtisadiyyatına sərmayə qoyuluşu dinamik olaraq artır. Statistik göstəricilərə görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına sərmayələr 12,6 faiz, xarici investisiyalar 22,4 faiz artmışdır. 2021-ci ildə Azərbaycan iqtisadiyyatına ümumi sərmayələr 25 milyard 313,8 milyon manat (14 milyard 890,4 milyon ABŞ dolları) təşkil etmişdir ki, bu da 2020-ci ilin göstəricisindən 12,6 faiz çoxdur. 2022-ci ildə Azərbaycanda əsas kapitala 18271,3 milyon manat və yaxud 2012-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilmişdir. 2023-cü ildə isə əsas kapitala 20296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilmişdir. Nəhayət, Azərbaycan iqtisadiyyatına 2024-cü ilin birinci rübündə 1,5 milyard dollar həcmində xaricdən birbaşa investisiyalar cəlb edilmişdir. Məhz bu kimi dinamika Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsidir. Buna görə də ölkəmizdə davamlı sosial inkişafa, sosial müdafiə və aktiv məşğulluq proqramlarının uğurla davam etdirilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişlənməsinə, sosial təminat sisteminin dəfələrlə güclənməsinə nail olunmuşdur. Qazanılan uğurlara görə BMT yoxsulluğun kəskin şəkildə azalmasını da diqqətə alaraq, Azərbaycanı Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil etmişdir.

Dövlətlərin demokratiklik əmsalı təkcə sosial-iqtisadi inkişaf göstəriciləri ilə deyil, həm də hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqın böyük etimad göstərərək mandat verdiyi hakimiyyət fəaliyyəti ilə daim ictimai maraqları doğruldur, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanır. Bu gün Azərbaycanın dünyaya səs salan və yüksək səviyyədə təqdir olunan yeni iqtisadi və sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır. Təbii ki, bu uğurlara yol açan əsas faktor təkmil islahatlar, zamanın tələbinə uyğun yeniləşmə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməkdir. Sistemli xarakter daşıyan islahatların nəticəsi olaraq Azərbaycan bu gün beynəlxalq aləmdə həm də sosial dövlət kimi tanınır. Atılan addımlar Prezident İlham Əliyevin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Görünən odur ki, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün dövlət başçısının böyük sosial islahatlar paketi çərçivəsində hələ çox qərarlar qəbul olunacaq və 2024-cü il də Azərbaycan tarixinə sosial islahatların uğurla reallaşdığı il kimi düşəcək.

Sevinc Azadi, “İki sahil”

Избранный
24
ikisahil.az

1Источники