RU

Elxan Şirinov kimdir? - Sağ tərəfini qurban verən, buna görə dostlarını itirən sentimental kişi 

 Referans.az lent.az-a istinadən "Bioqrafiya" rubrikasında müğənni Elxan Şirinov barədə məlumat verir.

- Elxan Şirinov harada və nə zaman anadan olub?

Elxan Şirinov 1 sentyabr 1963-cü ildə İmişlidə anadan olub.

- Elxan Şirinov harada ali təhsil alıb?

Elxan Şirinov Azərbaycan Dövlət Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi ixtisası üzrə təhsil alıb. Filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və amerikaşünasdır.

- Elxan Şirinov nə zamandan musiqi karyerasına başlayıb?

1990-cı illərdə lirik mahnılarla efirə çıxan Elxan müəllim tez populyarlaşdı və sevildi.

- Elxan Şirinov özünü müəllim yoxsa müğənni hesab edir?

"Çox vaxt mənə müğənni deyəndə acığıma gəlir. Baxmayaraq ki, mənə doğma olan, məni həyatda yaşadan musiqidir. Musiqi ilk gündən mənim varlığımda var. Amma ikinci qazandığım müəllimlik peşəsini də çox sevirəm" deyə o bir müsahibəsində bildirib.

- Elxan Şirinov ən çox hansı ifasını sevir?

Bu suala belə cavab verib: "Bilsəydim, indiyə qədər 100-150 mahnı yazmazdım. Yəni lentə aldırmazdım. Bir ildən bir, bir-iki mahnı oxuyardım. O da sadəcə mənim təbiətimdən, xasiyyətimdən irəli gəlib. Kimlərisə qırmaq, geri qaytarmaq istəməmişəm və həmin mahnıları oxumuşam. Amma yaradıcılıq şəxsi münasibətləri sevmir. - "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram" mahnısı ruhuma daha yaxın oldu. Xüsusilə axırıncı mahnının sözləri mənə çox təsir edir. 2006-2008-ci illər arası gözləyirdim ki, görəsən əməliyyatımın nəticəsi necə olacaq? O da 2008-ci ildə həyata keçdi və çox şükür, nəticələr yaxşı oldu. Bu axırıncı oxuduğum mahnını bəlkə də o iki ilə həsr etdim. Yəni o iki ildə çox tək oldum...".

- Elxan Şirinovun xəstəliyi nədir?

Elxan Şirinov yaradıcılığının ən məhsuldar dövründə ağır xəstəlikdən əziyyət çəkir, bir müddət efirlərdə görsənmir. Onun haqqında müxtəlif şayiələr dolaşır. Kimisi onun infarkt, kimisi insult keçirdiyini deyir. Uzun zamandan sonra müğənni yenidən efirlərdə görünməyə başlayır. Amma bu dəfə tamaşaçılar onun sağ tərəfinin hərəkətsiz olduğunu sezirlər. Uzun müddət xəstəliyi barədə susan müğənni nəhayət müsahibələrinin birində bu haqda deyir:

"Hər şeydə özüm günahkaram. Mənim elə sağ tərəfim zəifdir. Beyindən əməliyyat olundum. Orda üzüm buğumu artıq damarlar vardı, onlar ləğv olunmalı idi. İki hissədən ibarət əməliyyat idi. Biri 1997-ci ildə oldu, 1999-cu ildə qurtardı. O biri əməliyyatım isə 2006-cı ildə başlayıb, 2008-ci ildə bitdi. Moskvadan tam hesabat verdilər ki, mən tam sağlam insanam. Bu əməliyyatların fəsadı sağ tərəfimin zəifliyi ilə nəticələndi. Həkim dedi ki, sən özün sağ tərəfini qurban verdin. Mən ömür boyu qorxu ilə yaşaya bilməzdim. Əməliyyat olunmalıydım ki, sağlam yaşaya bilim".

O iki dəfə beyin əməliyyatı keçirdiyi üçün sağ tərəfi hərəkətsiz qalıb.

- Elxan Şirinovun mahnıları nakam sevgiyə həsr olunub. Həyatda sonu ayrılıqla bitən bir sevgi yaşayıb?

Xeyr. Özü dediyi kimi hər şey qaydasında olub.

- Elxan Şirinov toylara gedir?

Elxan Şirinov toy məclislərində, el şənliklərində müğənni kimi çıxış etməyi sevməyib. Bu haqda ona sual verəndə belə cavablandırıb: "Bütün uğurum, müvəffəqiyyətim üçün düşmənlərimə borcluyam. Gözəl düşmənlərim var. Yaradıcı insan üçün bu yaxşıdır. Daim yaratmaq, dayanmamaq istəyirəm. Sənətimi də, özümü də, görünüşümü də qısqananlar var. Toylara isə çox getmirəm. Yalnız dost-tanış, qohum-əqrəba toyuna gedirəm".

- Elxan Şirinov yaxın dostu Cabbar Musayevdən niyə küsüb?

"Maksimalist insanlar xoşu gəlməyəndə üz döndərib, çıxıb gedirlər. O da onlardan biridir. Əgər bir adama sən ürəyini çıxardıb verirsənsə, o, ona sahib çıxmalıdır. Mən elə bilirdim ki, mən xəstələnəndə Cabbar mənim yanımdan əksik olmayacaq. O, nələr etdiyimi çox yaxşı bilir. Özü də etiraf edib. Gərək dost seçəndə hərtərəfli düşünəsən. Cabbar yanımda olmadı" - deyə Elxan Şirinov bildirib.

Müğənni Könül Kərimovanın sözlərinə görə Elxan Şirinov bu məsələ ilə bağlı onunla da küsülüdür:

"Cabbar Musayevlə Elxan Şirinov çox yaxın dost olublar. O, Cabbara görə mənimlə də danışmır. Onlar arasında qalmaqal olanda qarışmadım. Fikirləşdim ki, özləri bilərlər. Amma mən bu gün də Elxan Şirinovu görsəm, salamlaşaram, qucaqlayıb öpərəm. Məndə kin yoxdur. Biz və digər müğənnilər Elxan Şirinovun mahnıları ilə tanınmışıq, onları uzun müddət oxumuşuq. Ən azından o mahnılara görə onunla danışaram".

- Elxan Şirinov ailə qurub?

Bəli. Elxan Şirinov bir dəfə ailə həyatı qurub. Həmin evlilikdən müğənninin bir oğlu dünyaya gəlib. Oğlu iqtisadçıdır.

- Ağır xəstəlikdən əziyyət çəkən Elxan Şirinov maddi dolanışığını necə təmin edir?

O şikayətlənmir. Soruşanlara "Berlin ifadəsi var - "Hamı necə, mən də elə" deyə cavab verir.

- Elxan Şirinovun indi incəsənət adamları arasında dostları var?

Bu suala belə cavab verib: "Yox, ümumi əlaqələr var. Yəni dostluq başqa anlamdır. Artıq uşaq deyilik, deyək ki bu mənim dostumdur, hər şeyimdir. Artıq dostluğa alman fəlsəfəsi nəzərindən baxırıq".

Избранный
16
1
referans.az

10Источники