RU

Lənkəranda 43 yaşlı kişi qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

Lənkəranda 1981-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Vəliyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 19 sentyabr 2024-cü ildə baş verib. Vüsal qardaşı Vəli ilə həmin gün saat 18 radələrində şəxsi münasibətlər zəminində mübahisə edib. 

Belə ki, Vəli Vüsalın arvadı Səmayəni təhqir edib. Bu səbəbdən qardaşların arasında mübahisə yaranıb. Yaranmış münaqişə zamanı Vüsal başı ilə Vəlinin burun nahiyəsinə vurub.

Sonra qardaşını yerə yıxaraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşı Vəli ailəsi ilə birlikdə  onlarla bir həyətyanı sahədə yaşayır: “Məlum hadisə günü saat 18 radələrində evdə olduğum  zaman qardaşım Vəlinin həyətyanı sahədə arvadım Səmayəni təhqir etdiyini eşitdim. Çölə çıxaraq qardaşım Vəliyə irad bildirdim. Vəli isə mənim ünvanıma nalayiq ifadələr işlətdi. Vəli ilə aramızda mübahisə baş verdi. Baş vermiş mübahisə zamanı Vəli kül qabını götürərək mənim sol əlimə vurdu. Mən də Vəlinin burun nahiyəsinə başım ilə zərbə vurdum. Arvadım Səmayə məni sakitləşdirərək evə apardı”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vəlinin sözlərinə görə, məlum hadisə günü, saat 18 radələrində həyətyanı sahədə olduğu zaman qardaşı Vüsalın arvadı modem aparatını söndürərək interneti kəsdiyi üçün onun ünvanına nalayiq ifadələr işlədib: “Həmin zaman qardaşım Vüsal aşağı düşərək mənimlə mübahisə etməyə başladı. Baş vermiş mübahisə zamanı qardaşım Vüsal mənim burun nahiyəmə başı ilə zərbə vuraraq burnuma xəsarət yetirdi. Həmçinin zərbənin təsirindən yerə yıxılaraq müxtəlif bədən xəsarətləri aldım. Arvadım Xalidə məni sakitləşdirdi və Lənkəran rayon mərkəzi xəstəxanasına apardı”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
24
demokrat.az

1Источники