RU

Könül Abdulrəşidova: "GİKM ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik"

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) ölkə üzrə gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi, onların şəxsi inkişaf və karyera quruculuğu üçün platforma kimi fəaliyyət göstərir. Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə respublikanın şəhər və rayonlarında 11 regional nümayəndəliyi və 44 bölməsi yaradılan GİKM, gənclərə inkişaf imkanları təqdim edir.

Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına əsasən, GİKM olaraq, həm paytaxt, həm də region gənclərinin ekoloji məlumatlılığını, həmçinin ətraf mühitin qorunması sahəsində bilik və fəallıqlarını artırmağa yönəlmiş layihələr icra etmişik və bu xüsusda fəaliyyətimiz davam etməkdədir.  COP29 tədbiri çərçivəsində də, ekoloji məlumatlandırma, iqlim dəyişikliklərinə uyğunlaşma və davamlı inkişaf mövzularında bir sıra fəaliyyətlər tərəfimizdən həyata keçirilib. Bu tədbirlər gənclərin ətraf mühitə dair məlumatlılığını artırmağa və onların iqlim dəyişikliklərinə qarşı fəal mövqe sərgiləməsinə dəstək olub.

GİKM tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Regionun gənc eko-səfirləri” proqramı elan olunub və proqram çərçivəsində 12 gənc eko-səfir seçilib. Yaradılan bu fürsətin əsas məqsədi iqlim dəyişikliyinin təsirləri və həlli istiqamətində gənclər arasında ictimai iştirakçılığı stimullaşdırmaq, region gənclərinin iqlim dəyişikliyi, ekologiyaya dair maarifləndirilməsi və bu istiqamətdə gənclərin iştirakı ilə müxtəlif fəaliyyətlərin həyata keçirilməsidir.

İrimiqyaslı layihələrimizdən olan və 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə hər il regionlarda keçirilən "Səyyar Gənclər Xidməti" layihəsi də bu il "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunub. Burada biz kənd gənclərinin də bu istiqamətdə maarifləndirilməsinə nail olmuşuq.

Bu çərçivədə baş tutan fəaliyyətlərimizdən xüsusilə Qəbələ rayonunda təşkil edilən "Gənclərin yaşıl təşəbbüsləri” adlı ekoloji düşərgəni vurğulamaq istərdim. IDEA İctimai Birliyi ilə birgə keçirdiyimiz düşərgədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da düşərgənin qonağı olublar. Qəbələ və ətraf rayonlardan olan, ümumilikdə 40 gəncin iştirak etdiyi düşərgədə 2 gün ərzində iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və ekoloji təmiz həyat tərzi kimi mühüm mövzularda müxtəlif təlim və vörkşoplar keçirilib, beləliklə, gənclər ekoloji problemlərə dair yeni yanaşmalar əldə ediblər.

GİKM-in "Gənclər üçün podkast" layihəsi də hazırda uğurla davam edir. COP29 çərçivəsində podkast daxilində "Ətraf mühit üçün gənclər" rubrikasına start vermişik. Burada "COP nədir, onun tarixi, qlobal iqlim problemlərində əhəmiyyəti", "İqlim dəyişikliyini anlamaq, onun əsas amilləri, ekosistemə, iqtisadiyyata və cəmiyyətə təsiri", "İqlim təbliğatında gənclərin rolu" kimi mövzularda maarifləndirici videoçarxlar hazırlanaraq sosial media platformalarında yayımlanır.


"Yaşıl dünya həmrəylik ili" və COP29 tədbiri çərçivəsində Bakıda və regionlarda müxtəlif forumlar, təlimlər, görüşlər, veloyürüşlər üzrə ümumilikdə 10 mindən çox gənc əhatə olunub.

Son olaraq vurğulamaq istərdim ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi olaraq, COP29 tədbiri və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində başladığımız fəaliyyətlər gənclərin iqlim problemlərinə həssas yanaşmasını və onların yaşıl dünyaya töhfə vermək əzmini daha da gücləndirməkdədir.

Bildirmək istəyirəm ki, ekoloji istiqamətdə təşəbbüslərimiz bundan əvvəl olduğu kimi növbəti illərdə də davam edəcək, çünki yaşıl və dayanıqlı bir dünyanın yaradılması hər birimizin üzərinə düşən vacib bir vəzifədir.

Könül Abdulrəşidova
GİKM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri
 
 
 
 
 
 

Избранный
8
7news.az

1Источники