RU

Banqladeşli jurnalist: Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edir - MÜSAHİBƏ

Ölkəmizdə keçirilən COP29 tədbiri dünyanın yaddaşında silinməz izlər buraxan və yüksək səviyyəli təşkilatçılıq ənənələri ilə yadda qalan beynəlxalq hadisə olaraq tarixə keçdi.

Azərbaycanın iqlim məsələlərindəki rolu və onun bu sahədə həyata keçirdiyi tədbirlər dünya arenasına bir daha sübut edildi. Rəsmi Bakının ekoloji məsələlərdə göstərdiyi diqqət və qayğı həm ölkə mediası, həm də dünya mediasının diqqət mərkəzində olub. 11 gün ərzində yayımlanmış materiallara nəzər salan zaman görmək olur ki, Azərbaycanın iqlim siyasəti və tədbirləri beynəlxalq aləmdə yüksək qiymətləndirilir. COP29 çərçivəsində keçirilən müzakirələr, panellər və sərgilərdə Azərbaycan nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizədə qabaqcıl təşəbbüslərini, yenilikçi texnologiyalarını və yaşıl enerji strategiyasını təqdim etdib.

Biz də tədbirin sonuncu günündə Banqladeş Respublikasının nüfuzlu xəbər agentliyi olan "EBanglapress"-in redaktoru İsrafil Hawladarla həmsöhbət olduq.

Bakıvaxtı.az-a fikirlərini bölüşən jurnalist qeyd edib ki, xüsusilə, Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçid sahəsində əldə etdiyi nailiyyətlər, Xəzər dənizinin külək enerjisi potensialının reallaşdırılması üzrə planlar və azkarbonlu iqtisadiyyata keçidlə bağlı layihələri dünya ictimaiyyətində geniş rezonans doğurub:

"Tədbir zamanı Azərbaycan Prezidenti və digər yüksək rütbəli nümayəndələrin çıxışları beynəlxalq ictimaiyyətin diqqətini çəkərək, ölkənin ekoloji problemlərə həll yönümlü yanaşmasını bir daha vurğulayıb. COP29 müddətində həmçinin yerli və beynəlxalq QHT-lər, alimlər və gənclərin iştirakı ilə müxtəlif ekoloji problemlərin müzakirəsi üçün platformalar yaradılıb. Azərbaycanın təbii sərvətlərin qorunması və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirləri ilə bağlı həyata keçirdiyi addımlar dünya mediasında müsbət rəylər alıb".

Medianın fəaliyyətini qiymətləndirən İsrafil Hawladar bildirib ki, ümumiyyətlə, COP29 Azərbaycanın qlobal ekoloji təşəbbüslərdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi və ölkənin dayanıqlı inkişaf və yaşıl iqtisadiyyata keçid sahəsində nümunəvi model olduğunu sübut etdi. COP29 tədbiri yalnız iqlim dəyişikliyi mövzusunda müzakirələr və innovativ həllər təqdim etmək baxımından deyil, həm də media fəaliyyətinin yüksək səviyyədə təşkil olunması ilə yadda qalıb: 

"Media fəaliyyəti tədbir çərçivəsində operativlik prinsipi əsasında təşkil olunmuşdu. Hər bir sessiya, müzakirə və sərgi haqqında məlumatlar dərhal yayılır, iştirakçıların və izləyicilərin aktuallıqla təmin olunmasına şərait yaradırdı. Canlı yayım xidmətləri, hər günün yekun icmalları və mediaya açıq mətbuat konfransları COP29-un işıqlandırılmasında əsas alətlərdən biri oldu".

Onun sözlərinə görə, beynəlxalq tədbir olduğu üçün media fəaliyyəti çoxdilli yanaşma əsasında qurulduğu üçün uğurlu idi: 

"İngilis, fransız, ərəb və digər dillərdə materialların təqdim edilməsi, eyni zamanda sessiyalar zamanı sinxron tərcümə xidmətlərinin təşkili xarici nümayəndələrin COP29 proseslərini daha yaxşı dərk etməsinə şərait yaratdı. Bu, tədbirin mesajlarının qlobal auditoriyaya daha effektiv şəkildə çatdırılmasını təmin etdi. COP29 zamanı media nümayəndələri və iştirakçılar arasında effektiv əlaqə mexanizmi yaradılmışdı. Mətbuat konfranslarında jurnalistlərin suallarına operativ şəkildə cavablar verilir, materiallara çıxış üçün xüsusi resurslar təqdim edilirdi. Nümayəndələr bu yanaşmanı digər beynəlxalq tədbirlər üçün örnək hesab edirdilər".

Son olaraq müsahibimiz qeyd edib ki, COP29 zamanı medianın yüksək səviyyədə təşkili tədbirin uğurunda mühüm rol oynadı. Azərbaycanın bu sahədə nümayiş etdirdiyi peşəkarlıq və innovativ yanaşmalar digər ölkələr üçün də nümunə ola bilər:

"Bu tədbir Azərbaycan üçün təkcə ekoloji sahədə deyil, həm də informasiya və kommunikasiya sahəsində öz gücünü nümayiş etdirmək üçün böyük fürsət oldu. COP29-un təşkilatçılığı və mediaya yanaşması Azərbaycanın beynəlxalq tədbirlərdə nüfuzunu daha da artırdı".

Əli Hüseynov

Избранный
22
bakivaxti.az

1Источники