RU

YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib - FOTO

Noyabrın 22-də Kamboca Xalq Partiyasının (KXP) ev sahibliyi ilə bu ölkənin Pnompen şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyasının açılış mərasimi olub. “Sülh və barışıq axtarışı” mövzusunda keçirilən və 28 ölkədən 49 siyasi partiyanın qatıldığı 12-ci Baş Assambleyada Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da iştirak edib.

“İki sahil” xəbər verir ki,  əvvəlcə Kamboca Xalq Partiyasının Prezidenti, ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen ilə nəzakət görüşü keçirilib.

ICAPP Daimi Komitəsi sədrinin müavini, KXP Xarici əlaqələr komissiyası sədrinin birinci müavini və Kamboca Krallığı Milli Assambleyasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və informasiya komitəsinin sədri Suos Yara, ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının keçmiş xarici işlər naziri Çunq Eu-yonq, ICAPP-ın baş katibi Kvon He-seoq, ICAPP Daimi Komitəsinin həmsədri Müşahid Hüseyn Səid, Kamboca Krallığının baş naziri, Kamboca Xalq Partiyasının vitse-prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının prezidenti Hun Manet açılış nitqləri ilə çıxış ediblər. Çıxışlarda dünyada artan münaqişələrə, iqlim dəyişikliklərinə, sosial-iqtisadi ədalətsizliklərə və geosiyasi təhdidlərə qarşı mübarizədə siyasi partiyaların rolu və əməkdaşlığının əhəmiyyətindən bəhs olunub.

Ev sahibinin xüsusi qonaqlarının təbrik çıxışlarından öncə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub.

Bundan sonra xüsusi qonaqlar qismində Laos Xalq Demokratik Respublikasının vitse-prezidenti xanım Pani Yatotou, Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının Prezidenti cənab Tran Tan Man, Mərkəzçi Demokratlar İnternasionalı (CDI) Prezidenti, Kolumbiyanın sabiq prezidenti cənab Andres Pastrana Aranqo, Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyası Sədrinin müavini cənab Zəfər Sırakaya çıxış ediblər.

Açılış mərasimi Kamboca Xalq Partiyasının sədri, Baş Assambleyanın fəxri prezidenti cənab Hun Senin xüsusi müraciəti ilə yekunlaşıb.  

Daha sonra birinci plenar sessiyada çıxış edən Tahir Budaqov Yeni Azərbaycan Partiyası adından tədbir iştirakçılarını salamlayıb, Kamboca Xalq Partiyasının ev sahibliyi ilə keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 12-ci Baş Assambleyasının işinə uğurlar arzulayıb.

YAP Sədrinin müavini qeyd edib ki, “Sülh və barışıq axtarışı” mövzusunda təşkil olunan plenar sessiya nəinki burada təmsil olunan üzv ölkələr, eləcə də bəşəriyyət üçün olduqca aktual və taleyüklü bir məsələyə həsr olunmuşdur: “Müasir dövrdə dünyada olduqca mürəkkəb proseslər və sürətli dəyişikliklər baş verir. Böhran və qarşıdurmalarla müşayiət olunan siyasi kataklizmlər bir çox ölkələri əhatə etməkdədir. Yeni çağırışlarla qarşı-qarşıya olduğumuz belə bir mürəkkəb şəraitdə sülh və barışıq axtarışı mütləq zərurətə çevrilmişdir. Daim sülh, sabitlik və qarşılıqlı anlaşma tərəfdarı olan, ölkələrin milli maraqlarına hörmətlə yanaşmaq prinsipini dəstəkləyən Azərbaycan öz daxili və xarici siyasətində bu dəyərlərə sadiqliyini nümayiş etdirir”.

Tahir Budaqov vurğulayıb ki, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Onun sözlərinə görə, tolerantlıq ənənəsini və multikultural dəyərləri qoruyub yaşadan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir: “Azərbaycan Avrasiyanın mühüm geostrateji bölgəsindən olan Cənubi Qafqazın lider ölkəsi kimi regional sabitlik və əməkdaşlığa da olduqca mühüm töhfələr verir. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində işğal faktına son qoyaraq öz ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycan bölgədə sülh və etimad quruculuğunu daim diqqət mərkəzində saxlayaraq yeni işbirliyi platforması və etibarlı təhlükəsizlik mühitinin təşəkkülü üçün önəmli təşəbbüslərlə çıxış edir”.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycanın yaratdığı reallıqlar əsasında Cənubi Qafqazda sülh gündəliyi müəyyənləşib: “Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların bərpası bu gündəliyin mühüm tərkib hissəsi kimi beynəlxalq ictimaiyyətin diqqətindədir. Azərbaycan sülhyaratma prosesi çərçivəsində siyasi iradə nümayiş etdirərək hüquq normalarına əsaslanan beş baza prinsipi əsasında müvafiq təkliflərini verib və Ermənistandan da eyni konstruktiv yanaşmanı gözləyir”.

Sülh və barışığın Avropa ilə Asiyanın qovşağında – Cənubi Qafqazda yeni nizam və geosiyasi konfiqurasiyanın formalaşması baxımından olduqca əhəmiyyətli olduğunu bildirən Tahir Budaqov bunun həm bölgə xalqları və dövlətləri, həm də yeni reallıqlar fonunda tərəfdaşlıqda maraqlı olan ölkələr üçün tarixi şans və strateji fürsət olmaqla bərabər, rifah, inkişaf və parlaq perspektivlər vəd etdiyini diqqətə çatdırıb. YAP Sədrinin müavini qeyd edib ki, sülh və barışıq üçün birgə müzakirələrə və dialoqa ehtiyac duyulduğu indiki şəraitdə siyasi partiyaların da üzərinə böyük məsuliyyət və önəmli vəzifələr düşür.

“Asiyanın 350-dən artıq siyasi partiyasını öz sıralarında birləşdirən ICAPP bu kontekstdə faydalı fikir və təcrübə mübadiləsi üçün olduqca əhəmiyyətli platformadır. Nəzərə çatdırmaq istəyirəm ki, hazırda 700 mindən artıq üzvü olan hakim Yeni Azərbaycan Partiyası partiyalararası əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlamaqla dost ölkələrin siyasi partiyaları ilə işbirliyinin genişləndirilməsi, o cümlədən sülh və barışığa xidmət edən ideyaların təşviqi üçün məqsədyönlü fəaliyyət göstərir. Ümidvaram ki, bu mötəbər tədbir çərçivəsində aparılan müzakirələr, səsləndirilən ideyalar bəşəri əhəmiyyətli, qlobal xarakterli ortaq hədəflərin gerçəkləşdirilməsi baxımından səmərəli olacaq və bütövlükdə 12-ci Baş Assambleya məhsuldar nəticələrlə yadda qalacaqdır”, - deyə Tahir Budaqov əlavə edib.

Sonra ICAPP-ın 12-ci Baş Assambleyası işini ikinci və üçüncü plenar sessiyalarla davam etdirib.

Həmin gün Asiya, Afrika, Latın Amerikası və Karib dənizi, həmçinin Avropa siyasi partiyaları arasında “Siyasi partiyaların sülh və barışıq qurulmasında rolu” mövzusunda dəyirmi masa da keçirilib. Dəyirmi masada irqçilik, ksenofobiya, dini və mədəni dözümsüzlüyün rədd edilməsi və mədəniyyətlərarası dialoqun təşviqi məsələləri müzakirə olunub.

12-ci Baş Assambleya çərçivəsində ICAPP ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament və ASEAN Parlamentlərarası Assambleyası arasında anlaşma memorandumları imzalanıb.

Günün sonunda iştirakçılar Kamboca Xalq Partiyasının Prezidenti və ICAPP-ın 12-ci Baş Assambleyasının fəxri prezidenti Hun Sen adından verilən rəsmi ziyafətə qatılıblar.

Избранный
7
50
ikisahil.az

10Источники