RU

Məzunların işə qəbul üçün imtahan verməsi DOĞRU DEYİL

“Universitetdən məzun olan şəxsin yenidən imtahan edilərək işə qəbul olunması düzgün deyil. Bu, universitetin diplomuna birbaşa hörmətsizlikdir".

News24.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

Professor bildirib ki, məzun olanların neçəsinin dövlətə vergi ödədiyini araşdırmaq lazımdır:

“Məzunların ölkənin inkişafında rolu nə qədərdir? Onların ölkənin inkişafında hansı xidmətləri var? Biz burada məzunların ölkənin inkişafında qatqı payının nə qədər olduğuna da baxmalıyıq. Bu vacib bir məsələdir.

Hesab edirəm ki, məzunların işlə təmin olunması ilə yanaşı, onların ölkə iqtisadiyyatının inkişafındakı rolu, xüsusilə də vergidə payı məsələsinə diqqət etməliyik. Bunun üçün məzun olanların neçəsinin dövlətə vergi ödədiyini araşdırmaq lazımdır.

Eyni zamanda məzunların harada işlədiyi məsələsinə də diqqət göstərməliyik. Məzun olmuş tələbələrin ölkənin vergi daxilolmalarında payının nə qədər olması araşdırılmalıdır. Bəzi universitetlər var ki, nə qədər məzunun işlə təmin olunduğunu hər il açıqlayır. Bu bütün ali məktəblərə şamil olunmalıdır”.

Z.Məmmədov vurğulayıb ki, gənclərimizin önünə məhdudiyyət qoymamalıyıq:

“Universitetdən məzun olan şəxsin yenidən imtahan edilərək işə qəbul olunması düzgün deyil. Düşünürəm ki, bu, universitetin diplomuna birbaşa hörmətsizlikdir. 

Adətən işəgötürənlər: “iş təcrübəniz varmı?”,- kimi yanaşma ortaya qoyurlar. Əslində bu da doğru deyil. İnsan hansısa işə qəbul olunmamışdan öncə necə təcrübə toplaya bilər? Buna görə də yeni məzunlara güzəşt edilməlidir.

Bu cür yanaşmalara görə bəzən gənclərimizdə artıq tükənmişlik hiss edilir. Hətta adını çəkdiyim səbəblərə görə insanların əksəriyyəti öz ixtisasını dəyişməyə məcbur olurlar.

Tələbə oxuduğu müddətdə zatən istehsalat təcrübəsində müəyyən qədər bacarıqlara malik olur. Bu gün 21-ci əsrin təcrübəsi onu göstərir ki, insanların bacarıq və qabiliyyətinin formalaşmasına mühit təsir edir. Yəni siz istənilən insanı yetişdirə bilərsiniz, əgər istəyiniz varsa”.

Избранный
22
news24.az

1Источники