RU

Paşinyanın “şirnikləndirici” təklifi

O, sülhə gəlmədən Azərbaycan vətəndaşlarının Ermənistana vizasız gediş-gəlişindən dəm vurur

Erməni mediasında Ermənistanın Azərbaycana Zəngəzur dəhlizi hissəsində sadələşdirilmiş gömrük və sərhəd nəzarəti rejimini təklif etməsi və bunun bəzi təfərrüatları barədə məlumatlar dərc olunub. “Hraparak” qəzetinin məlumatına görə, baş nazir Nikol Paşinyanın irəli sürdüyü bu təklif Azərbaycan və Türkiyə vətəndaşlarının Ermənistan ərazisinə 30 gün ərzində vizasız giriş-çıxışını nəzərdə tutur.

Təklif maraqla yanaşı, sual da doğurur: Azərbaycan vətəndaşlarının Ermənistana vizasız gedişi nə vaxt və necə reallaşa bilər? Hazırkı reallıqda, bu, demək olar ki, mümkün deyil. Çünki hələlik nə iki ölkə, nə də iki xalq arasında qarşılıqlı anlaşma və etimad mühiti yaranmayıb. Heç sülh müqaviləsi də imzalanmayıb.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəddir. Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələr də var. Bu ölkələr və Azərbaycan Respublikası arasında qarşılıqlılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilib.

Viza ilə, yaxud vizasız gediş-gəliş rejiminin tətbiq edildiyi ölkələr ilə Azərbaycanı dostluq, iqtisadi, ticarət, mədəni və sair əlaqələr bağlayır. Amma Ermənistanı bu sıraya aid etmək olarmı? Şübhəsiz ki, yox! İrəvan hansı qərarı müstəqil vermək iqtidarında olduğunu ayırd edə bilmir. Doğrudur, hökumətyönlü erməni mediası tez-tez “sülhə doğru addımların atılması, razılaşmanın əldə olunması ilə bağlı” nikbin xəbərlər dərc edir. Amma, əfsuslar olsun ki, bu xəbərlər təsdiqini tapmır.

Növbəti xəbəri Paşinyanın Bakıya “şirnikləndirici” təklifi hesab etmək olar. Aydındır ki, ABŞ-də prezident seçkilərinin nəticələri İrəvanı yeni addımlar atmağa sövq edir. Bu mənada İrəvanın təklifi reallığa çevrilə bilərmi?

Mövzu ilə bağlı fikirlərini “XQ” ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında danışıqlar davam edir və müxtəlif istiqamətlərdə aparılır: “Sülh müqaviləsi ilə bağlı danışıqlar iki ölkə arasında münasibətlərin normallaşdırılması, qarşılıqlı şəkildə yeni səhifənin açılmasına xidmət edir. Burada Ermənistan tərəfindən bəzi dəyişikliklərin edilməsinə ehtiyac var. Amma İrəvan danışıqları imitasiya edərək silahlandırmanı gücləndirərsə Azərbaycan tərəfindən onların qarşısına mütləq şəkildə daha bir tələb də qoyula bilər. Bu tələb Göyçə gölünün şərq sahili boyunca Azərbaycan ilə sərhəd olan ərazilərin və Qərbi Zəngəzur bölgəsinin silahsızlaşdırılması ola bilər. İkinci istiqamət dəhliz və kommunikasiyalar ilə bağlıdır. Üçüncü istiqamət sərhədlərin delimitasiya və demarkasiyası ilə əlaqəlidir ki, bu da uzunmüddətli prosesdir. Bu məsələlərin həlli yalnız sülh müqaviləsinin imzalanmasından sonra tam reallaşa bilər. Kommunikasiya xətləri ilə bağlı məsələdə Azərbaycan və Ermənistan arasında fikir ayrılığından daha çox onun Rusiya, ABŞ və İranla üst-üstə düşməyən məqamlar var. Bunlar hələ də qalmaqdadır. Rusiya bu dəhlizə nəzarət etmək istəyir. ABŞ Rusiyanın iştirakı olmadan idarəçiliyi həyata keçirməkdə maraqlıdır”.

Z.Məmmədov dedi ki, Azərbaycanın əsas şərti yolun açılmasıdır: “Bu, sadələşdirilmiş giriş-çıxış, sərhəd-gömrük nəzarət sistemi olacaqsa, irəliyə doğru addım kimi qiymətləndirilə bilər. Amma burada maraqlı məqam söhbətin hansı kommunikasiyalardan getməsi və hansı şərtlərin Azərbaycan tərəfinə aid edilməməsidir. Vətəndaşların 30 gün ərzində vizasız qonşu ölkədə qalması kifayət qədər ciddi məqamdır. Düşünürəm ki, Ermənistan mətbuatı məsələləri bir qədər şişirdib. Sadələşdirilmiş gömrük və sərhəd rejimi məsələsi istisna deyil. Bu, o deməkdir ki, Azərbaycanın tələbi yerinə yetirilir. Məlum məsələdir ki, Ermənistan hakimiyyəti açıq şəkildə birbaşa maneəsiz gediş-gəlişlə bağlı ictimaiyyətə açıqlama verə bilməz. Bu qərarı ona görə orasını-burasını bəzəyərək qeyd edirlər. Faktiki olaraq, dəhliz açıldıqdan sonra maneələr törədilərsə, bu, razılışmaya yenidən baxılmasına gətirib çıxaracaq. İndiki halda isə danışıqların baş tutması müsbət haldır”.

Politoloq sözlərinə onu da əlavə etdi ki, ABŞ-də prezident seçkilərində Donald Trampın qələbəsindən sonra rəsmi İrəvanın Azərbaycan və Rusiya ilə münasibətlərində bir qədər mövqe dəyişikliyi baş verib. Paşinyan hakimiyyətini itiməkdən qorxur. D.Tramp və V.Putin arasında gözlənilən mümkün anlaşma həm də Cənubi Qafqaz məsələləri ilə bağlı Ermənistanı bu addımları atmağa vadar edir. İstisna edilmir ki, Paşinyan gələn il erkən seçkilərə getsin və bu, daxildə hadisələrin hansı məcrada cərəyan edəcəyi ilə bağlıdır.

Hayastanda hadisələr hansı istiqamətdə getməsindən, yeni təklif və ideyalar irəli sürməsindən asılı olmayaraq, Nikol Paşinyan, nəhayət, verdiyi sözü yerinə yetirməlidir. Əks-təqdirdə, Bakı ona yaxın keçmişin acı dərslərini xatırlamalı olacaq.

Azər MUSTAFAYEV

 

Избранный
27
xalqqazeti.az

1Источники