RU

Xəzərin Azərbaycan sahillərinin ekosistemi zənginləşdirilir

COP29-un Yaşıl Zonasında yerləşən Milli QHT Forumu pavilyonunda Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” mövzusunda layihə təqdim olunub.

Yerli və xarici alimlərin də iştirak etdikləri təqdimatda Azərbaycanın Botanika İnstitutunun və Rusiyanın Çelyabinsk Dövlət Universitetinin əməkdaşları tərəfindən həyata keçirilən “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” adlı layihəyə dair tədqiqatlar haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda yayılmış yosun növünün tədqiqi və laborator tədqiqatlarının fasiləsizliyinin təmin olunması üçün yosun kolleksiyasının yaradılması qarşıya əsas məqsəd kimi qoyulub. Bununla yanaşı, layihə çərçivəsində sənaye-məişət obyektlərində, açıq ərazilərdə becərilməsi üçün karbon qazının konsentrasiyasını azaltmaq və akvakultura sahəsində yosunlardan alınan məhsulların istifadəsi texnologiyasının öyrənilməsi də nəzərdə tutulur. Bu da Azərbaycanın regionları üzrə istixana qazlarının emissiyalarının kompensasiya edilməsi, şirin və dəniz sularının təmizlənməsində yosunlardan istifadəyə imkan yaradacaq.

Təqdimat çərçivəsində pavilyonda təşkil olunmuş sərgidə sözügedən layihənin işinə uyğun yosunlar, həmçinin Botanika Muzeyinə aid eksponatlar və kitabçalar nümayiş olunub.

Xatırladaq ki, tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi çərçivəsində icra olunur.

XQ

Избранный
25
xalqqazeti.az

1Источники